Yaxın gələcəkdə Türkiyənin səyi nəticəsində Fələstinin dövlət müstəqilliyi tanınacaq - politoloq

Yaxın gələcəkdə Türkiyənin səyi nəticəsində dünya birliyi Fələstinin dövlət müstəqilliyini tanıyacaq

Bunu SalamNews-a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.

O deyib ki, Türkiyənin artan nüfuzu İsrail və onun müttəfiqlərini narahat edir. Ərəb dövlətlərinin diktatorlarının devrilməsi vəziyyəti Türkiyənin xeyrinə dəyişib: “Çünki indiyədək İsrail dövləti diktatorlardan istifadə etməklə ərəb ölkələrində birliyin mövcud olmasına imkan vermirdi. Nəticədə isə əksər ərəb dövləti Fələstini deyil, İsraili dəstəkləyirdi. Bəzi ərəb dövlətlərinin diktatorları devrilib və indiki rəhbərlər Türkiyəni dəstəkləyirlər”.

V.Quluzadə vurğulayıb ki, Fələstin yaxın zamanlarda İsveçrə kimi müvəqqəti olaraq BMT-də müşahidəçi seçiləcək və daha sonra üzvlüyə qəbul ediləcək. Bununla da İsrailin bütün səyləri iflasa uğrayacaq və Fələstinin müstəqilliyi tanınacaq.

O, Aralıq dənizində təbii qaz axtarışı ilə bağlı Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti arasında imzalanan sazişlə bağlı məsələyə də münasibət bildirib. V.Quluzadə deyib: “Bu sənədin imzalanması Türkiyənin İsrail və Yunanıstan ilə münaqişəsinə gətirib çıxara bilər. Çünki Cənubi Kipr İsrail ilə birgə Aralıq dənizində qaz axtarışını düşünür. Əslində, burada Cənubi Kipri Yunanıstan əvəz edir. Bu hadisələrin münaqişəyə səbəb olmaması üçün məsələyə ABŞ və NATO müdaxilə etməlidir”.

Politoloq sözügedən məsələnin Azərbaycana hər hansı təsirinin olmayacağını da vurğulayıb: “Bu məsələnin Azərbaycan üçün hər hansı narahatçılığı yoxdur. Azərbaycan tamamilə başqa regionda yerləşir. Hətta Türkiyə Ceyhan limanından İsrailə göndərilən neftin qarşısını alarsa, bu, Azərbaycanın həmin ölkələrlə münasibətinə mənfi təsir göstərməz. Əksinə, bu, Türkiyə və İsrail arasında münaqişəyə səbəb olar”.

В этом разделе