Türkiyənin baş naziri xalqa müraciətində Azərbaycan xalqına xəbərdarlıq edib

Tayyib Ərdoğan: “İki ölkə arasındakı dostluğu, qardaşlığı zədələmək, istəyənlərə qarşı millətimi, xüsusilə də azərbaycanlı qardaşlarımı xəbərdar edirəm”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti olub. “ANS PRESS”in “Cihan”a istinadən verdiyi xəbərə görə, Türkiyənin dünyada və regionda mövqeyinin mütəmadi olaraq möhkəmləndiyini deyən baş nazir, ölkəsinin enerji, təhsil, hərb, iqtisadi böhran və Bosfor ilə Dardanel boğazlarının istifadəsi məsələlərindən bəhsedib. Ərdoğan müraciətində Azərbaycanla münasibətlər və Cənubi Qafqazdaki vəziyyətə də toxunub. Baş nazir 12-13 may tarixlərdə olan Azərbaycan səfərini yüksək qiymətləndirib və iki ölkə arasındakı əlaqələrin gücünü göstərmək üçün çox faydalı olduğunu deyib. Ərdoğan həmçinin Milli Məclisdəki çıxışı ilə iki ölkə arasındakı münasibətlərə mənfi təsir edən dezinformasiyanın da aradan qalxdığını deyib. “Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanla öz taleyini, istiqamətini bir görməyə davam edəcək. Başda Dağlıq Qarabağ problemi olmaqla Qafqazda sülhü və stabilliyi təmin edən hər addıma dəstək verməyə bundan sonra da davam edəcəyik”.

İkili ticarət həcminin 4 ildə 40 faiz çoxaldığını deyən Ərdoğan Azərbaycanda qeyri-neft sektoruna 3 milyard dollar investisiya qoyaraq Türkiyənin bu sahədə ən böyük investor dövlət olduğunu da vurğulayıb. Rəcəb Tayyib Ərdoğan regiondakı ortaq layihələrin əhəmiyyətindən danışıb, bu layihələri ölkələr arasındakı qardaşlığın rəmzi kimi qiymətləndirib. “Bildiyiniz kimi Bakı-Tiflis-Ceyhan neft boru kəməri layihəsini ortaq bir həyəcanla işə saldıq. Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri də eyni dövrdə faliyyətə başladı. Regional əməkdaşlığımızın növbəti rəmzi olan Bakı-Tiflis-Qars dəmir yolu da əhəmiyyətlə üstündə dayndığımız layihələrdən biridir və faliyyətə başladığı zaman tarixi “İpək yolu”nu canlandıracaq stratejik bir layihədir”.

Türkiyənin baş naziri çıxışının sonunda iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq çərçivəsində davam edəcəyini bildirib, münasibətləri korlamaq istəyənlərə qarşı hər iki ölkənin vətəndaşlarına xəbərdarlıq edib. “Bu layihələr iki ölkənin birlikdə irəliləməsi deməkdir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın rəmzi olan müştərək addımlardır. Münasibətlərimiz daima dostluq və qardaşlığa dayanaraq davam edəcək. Bunun əksi mümkün deyil. Bu çıxışımda iki ölkə arasındakı dostluğu, qardaşlığı zədələmək, əsli olmayan iddialarla münasibətləri korlamaq istəyənlərə qarşı əziz millətimi, xüsusilə də azərbaycanlı qardaşlarımı xəbərdar etmək istəyirəm“. /ANS PRESS/

В этом разделе