Şəhidlik məscidinin qapıları niyə hələ də qıfıllıdır?

Təmir adına bağlanan ibadət evində heç bir iş getmir; Bakıdakı Türkiyə vətəndaşları məcburiyyətdən “İlahiyyat” məscidinə axışır

“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən 1993-cü ildən tikilən “Şəhidlər məscidi”nin qapıları hələ də dindarların üzünə bağlıdır. Dünən məscidə baş çəkərkən bunun bir daha şahidi olduq.

Qeyd edək ki, bir müddət əvvəl məscidin yaxın günlərdə açılacağı, yaxud müəyyən məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərəcəyi xəbəri yayılsa da, məlumat özünü doğrultmadı. Odur ki, dünən məscidin qapısı bağlı olduğundan suallarımıza cavab verəcək bir səlahiyyətli şəxs tapa bilmədik. Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin də orada yox idi.
Məscid fəaliyyətdə olduğu dövrdə bura gələn dindarlar hazırda “İlahiyyat” məscidinə üz tuturlar. Onlar Bakıda türklərin tez-tez yığışa biləcəyi başqa məscid qalmadığını dedilər.
“Şəhidlər” məscidinin önündə söhbətləşdiyimiz Ankaradan olan Türkiyə vətəndaşı Sadıq Əli dedi ki, bu məscidin indiyə qədər qapalı olması sual doğurur: “Vallah, bu mənə çox pis təsir edir. Azərbaycan bizə qardaş ölkədir. Ancaq qardaş ölkədə bu cür olayla qarşılaşmaq məni məyus edir. Arzu edirəm ki, məscid tezliklə açılsın”.
Müsahibimizin sözlərinə görə, bu məscid bağlı olduğu üçün “İlahiyyat” məscidində sıxlıq yaranır: “Türklər hamı ora üz tutur. Namaz vaxtı orda izdiham yaranır. Bakıda məscid qıtlığı var”.
Ətrafdakı yaşlı insanlar və dindarlar da bizimlə söhbət zamanı ibadət evinin bağlanmasına öz etirazlarını bildirdilər. Fərid Əsədovun fikrincə, təmir adı ilə məscidin bağlanması bir bəhanədir: “Nəinki bu məscid, eyni zamanda bir neçə məscidin də qapısı insanların üzünə bağlanıb. Təmir bu qədər sürə bilməz”.
Məsələ ilə əlaqədar Türkiyə səfirliyinin mətbuat xidməti və Dini İşlər üzrə Dövlət Komitəsi ilə əlaqə saxlamağa çalışdıq. Ancaq telefon zənglərimiz cavabsız qaldı.
Yada salaq ki, məscidin bağlanmasına rəsmi səbəb kimi onun təmiri zərurəti göstərilib. Ancaq orada olarkən nə bir təmir-tikinti, nə də yenidənqurma işlərinin şahidi olduq. Deməli, Allah evinin bağlanması səbəb yox, bəhanədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında isə bildirilir ki, təmir işləri başa çatandan sonra məscid fəaliyyətini bərpa edəcək.
Məlumat üçün bildirək ki, “Şəhidlər məscidi” 1992-ci ildə Türkiyə Diyanət İşləri bakanlığı tərəfindən və Türkiyə dövlətinin maliyyə vəsaiti hesabına tikilib. 1996-cı ildə istifadəyə verilən məscid bir neçə il öncə təmir olunub./Yeni Müsavat/

В этом разделе