“Şəhidlər” camesi bağlanıb

İbadət evinin qapısına vurulan elana görə came təmir ediləcək; Türkiyə səfirliyinin əməkdaşı da elə deyir, amma möminlər başqa cür fikirləşirlər.


Dünən günorta namazından sonra Şəhidlər Xiyabanında yerləşən və çoxlarının “Türk camesi” kimi tanıdığı məscid bağlanıb. Bəzi məlumatlara görə, məscidin bağlanması son vaxtlar normallaşan Türkiyə-Ermənistan məsələsi ilə sıx bağlıdır. Bildirilir ki, Türkiyə vəqflərinə məxsus came bundan sonra muzey kimi fəaliyyət göstərəcək. Məscidin bağlanması ilə əlaqədar hadisə yerində olan əməkdaşlarımızın apardığı araşdırmalardan məlum olub ki, ötən gün saat 14 radələrində əraziyə gələn polis və mülki geyimli şəxslər məscidin imamından təcili camenin bağlanmasını tələb ediblər. 
Bundan sonra məscidin qapıları bağlanıb. Bu faktı əməkdaşımızla söhbətində “türk camesi”nin imamı Ruhi də təsdiq edib. O bildirib ki, məscid təmirlə əlaqədar olaraq qeyri-müəyyən müddətə bağlanıb. “Açığını deyim ki, nə baş verdiyini anlamıram. Bizə dedilər ki, məscidi bağlayın. Biz də bununla əlaqədar elan yazıb məscidin qapısına vurduq ki, namaza gələnlər camenin təmirə dayandığını görsünlər. İndi həm qadınların, həm də kişilərin namaz qıldığı zalların qapısı bağlıdır. Məscidin nə vaxt açılacağı isə məlum deyil”.

Qeyd edək ki, ərazidə olarkən xeyli gəncin məscidə namaz qılmağa gəldiyinin şahidi olduq. Ancaq camenin qapısı bağlı olduğundan onlardan bir çoxu axşam namazını elə məscidin qarşısında qılmağa başladı. Bəziləri isə deyinə-deyinə başqa məscidlərə üz tutdular. Yaxınlıqda xırda alverlə məşğul olan gənc bizimlə söhbətində qeyd etdi ki, məscidə namaza gələnlər əsasən Türkiyə vətəndaşlarıdır: “Bundan başqa, məsciddə çoxlu sayda türk liseyinin məzunları və tələbələri namaz qılır. Elə vaxtlar olub ki, məscidin içində namaz qılmağa yer tapılmır. Bir sözlə, bu came paytaxtın ən çox ziyarət olunan ibadət evlərindəndir. Hətta həftənin cümə günləri hava şariti münasib olanda camenin həyətində, ətrafında yüzlərlə mömin açıq havada namaz qılır. Amma camenin bağlanması mənə də aydın deyil. Bir onu eşitmişəm ki, məsələ Ermənistanla sərhədin açılması ilə bağlıdır”.

Baş verənlərə görə, hiddətini gizlətməyən başqa bir mömin isə təmir məsələsinin yalan olduğunu dedi: “Məscid yaxınlarda əla təmir edilib. Bir neçə il qabaq da Türkiyə və Azərbaycan hökumətlərinin sözü nə üstəsə düz gəlməyəndə camenin bağlanması söhbəti qalxmışdı. O zaman danışırdılar ki, guya burada yerin altı ilə gedət məxfi rabitə xətlərinə çıxış varmış. Hökumət rəhbərlərinin danışıqları dinlənilirmiş”.

Gəncin fikrincə, baş verənlər prezident İlham Əliyevə qarşı təxribatdır: “Bu işlərin arxasında Qafqaz Müsəlmanları İdarəsi dayanıb”.

Söhbətləşdiyimiz dindarların sözlərinə görə, məscidin təmirə bağlanması onun sökülməsi ilə nəticələnəcək: “Yüksək səviyyədə təmir olunmuş camenin bir daha təmirə bağlanması bizi çox şübhələndirir. Çox güman ki, Orta Asiya Respublikalarında, xüsusən də Özbəkistanda baş verənlər Azərbaycanda da təkrar olunsun. Bir-iki il öncə Özbəkistanda türk liseyləri və məscidləri nurçuluğu təbliğ etdiyi üçün bağlanılıb”. Onların sözlərinə görə, “Türk camesi”nin ardınca Bakıda Milli Elmlər Akademiyasının yaxınlığında fəaliyyət göstərən İlahiyyət Mərkəzi, “Baksovet”dəki Gənclərə Yardım Fondu, Qaraçuxurdakı “Yurd yeri” mərkəzi də bağlanacaq.

Qeyd edək ki, adı çəkilən bu dini ocaqların hamısı bu və digər şəkildə Şəhidlər Xiyabandakı məscidlə bağlıdır. Sözügedən mərkəzlərin hər üçündə namaz qılınır və nurçuluq təbliğ edilir.

Dini Etiqadlar və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə bizimlə söhbətində məsələdən məlumatsız olduğunu dedi: “Bu ciddi məsələdir. Deyilənləri ətraflı araşdırdıqdan sonra mətbuatda geniş açıqlama verəcəyik.”
Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri Muzəffər Şahinin ANS PRESS-ə verdiyi məlumata görə, məscidin bağlanmasının səbəbi burada aparılan təmir işləridir. Onun sözlərinə görə, artıq məscidin gümbəzində çatlar əmələ gəlib və elektrik təsərrüfatı sıradan çıxmaq üzrədir. Müzəffər Şahin məscidin bir neçə günə açılacağını istisna etməyib.

Məhəbbət/Yeni Müsavat


В этом разделе