Sarkozi özünə aid olmayan mövzulardan danışır

Hacı İlqar İbrahimoğu: «Avropa dövlətləri başçılarının daha önəmli işləri və müzakirələri olmalıdır»
Fransa prezidenti Nikola Sarkozinin daha bir çıxışı qalmaqala səbəb olub. Onun ərəb qadınlarının geyimi ilə bağlı dediyi fikir narazılıqla qarşılanıb. Hətta bəziləri bunu müsəlmaların dəyərlərinə ünvanlanan çıxış kimi qiymətləndiriblər.

Məsələyə münasibət bildirən DEVAMM sədri Hacı İlqar İbrahimoğu Fransa prezidentinin çıxışının düzgün tərcümə olunmadığını və onun müsəlmanların deyil, bəzi ərəb qəbilələrinin geyimləri ilə bağlı fikir işlətdiyini vurğuladı: “Bu mövzuda tərcümə məsələsində kifayət qədər diqqətsizlik olub. Sarkozinin dediyi nə hicaba, nə çarşaba, nə də çadraya aiddir. Onun işarə etdiyi mövzu ərəb qəbilələrinin bəzilərinin geyim tərzinə aid olan bir mövzudur. Bu geyim burka adlanır. Burkanın hicaba, çarşaba heç bir aidiyyatı yoxdur. Burka bir geyim tərzidir ki, insanın üzü də tamamilə örtülür. Çadra, hicab və çarşabdan fərqli, ayrı bir məsələdir. Bu islamın tövsiyyələrində də yoxdur”.

Hacı İlqar istənilən halda Sarkozinin belə fikirlər işlətməsinin doğru olmadığını vurğuladı: “Ancaq bununla belə düşünürəm ki, heç bir dövlət başçısının heç bir mədəniyyətin, ənənəvi geyimlərinə aid bu cür yuxarıdan aşağı, həqarətli ifadələr işlətməyə haqqı yoxdur. Hər bir mədəniyyətin, hər bir ənənənin özünün geyim tərzi, yanaşması ola bilər. Bunu kimsə qəbul edə bilər, kimsə bilməz. Ancaq heç kim onu həqarətli ifadələrlə qiymətləndirməməlidir. Həmin o dövlət başçısının özünün ailəsi ilə bağlı məlumatlar bütün dünyanın diqqətində olub. Heç kim bundan ümumiləşdirib nəticələr çıxarmır. Bu uğursuz bir yanaşmadır. Yəqin ki, Avropa dövlətləri başçılarının daha önəmli işləri və müzakirələri olmalıdır. Son vaxtlar nə üçünsə Italiyanın baş naziri Berluskoni ilə bağlı özünəməxsus xəbərlər eşidilir, Sarkozi də son vaxtlar insanların geyimi ilə bağlı sözlər danışır. Məncə daha önəmli işlər var. Gedib o işlərlə məşğul olsalar, daha yaxşı olar.

Bu islama qarşı olan bir proses deyil. Ancaq bununla belə bu məsələdə də Sarkozi özünə aid olmayan mövzulardan danışır”. (”Dəyərlər”AİN)

Fizzə, “Azadlıq” qəzeti

В этом разделе