ABŞ-ın populyar "Vanity Fair" jurnalı İsrailin baş naziri Binyamin Netanyahu barədə "Netanyahu paradoksu" (The Netanyahu Paradox) adlı geniş məqalə dərc edib
Milli.Az bildirir ki, Devid Marqolikin yazdığı məqalədə İsrailin baş nazirinin arvadı Sara ilə münasibətlərinə də ciddi yer verilib.
İsrailin hökumət başçısının arvadı Sara Netanyahu ilə olan münasibətlərindən bəhs edərkən Marqolik İsrail KİV-də yer almış məlumatlar, xəbərlər və iddialarla yanaşı, Netanyahu ailəsini yaxından tanıyan adamların dediklərinə istinad edir.
İsraillə əlaqələri olan amerikalı iş adamlarından birinin dediyinə görə, Sara Netanyahunun atası öləndə yasa İsrailin bir çox nazirləri, Knesset deputatları, siyasətçilər, biznesmenlər və ictimai xadimlər gəlmişdilər.
"Onların gəlişinin səbəbləri Sara Netanyahuya və onun mərhum atasına olan sayğı yox, elementar qorxu idi. Çünki Sara İsraildə istənilən insanı zirvələrə qaldırmaqla yanaşı, onun karyerasını məhv edə bilər", - amerikalı iş adamı deyib.
İsraildə bəziləri deyirlər ki, Sara əri Binyaminin hansısa "pis əməli"ndən xəbərdardır və ərlə arvad arasında məxfi anlaşma da var. Anlaşma seyfdə saxlanılır.
Baş nazirin tanışları deyirlər ki, Binyamin Netanyahu arvadının bəyənmədiyi uşaqlıq dostları ilə danışmaq istəyəndə ayaqyoluna girir.
İsrailin XİN başçısı Aviqdor Liberman isə deyir: "Arvadını idarə edə bilməyən adam ölkəni idarə etməməlidir".
Təl-Əvivdə çıxan nüfuzlu "Maariv" jurnalının şərhçisi Ben Kaspit söyləyir: "Sara Netanyahu İsrailin milli təhlükəsizliyi üçün birbaşa təhlükədir".
Binyamin Netanyahu arvadı barədə deyilənləri yalanlayır: "Sara ilə danışan adamlar o iddiaların yalan olduğunu dərhal anlayırlar. Arvadımın mənim siyasi baxışlarıma da təsiri yoxdur".