Qamət Süleymanov hicab qadağasına münasibət bildirdi

Qamət Süleymanov

Vəhhabi şeyx bir sıra açıqlamalar verib

Azərbaycanda hicab qadağası davam edir. Daha iki məktəbdə hicablı şagirdlər dərsə buraxılmayıb. Islam azeri saytının məlumatına əsasən, Bakıxanov qəsəbəsindəki 238 saylı məktəbdə ötən günə qədər hicablı şagirdlər dərsə buraxılsa da, dünən onlara da qadağa qoyulub.

Saytın məlumatına görə, 238 saylı məktəbdə Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, Bakı İslamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayevin də övladı təhsil alır.
Daha bir qadağa Cəlilabad rayonunun Göytəpə şəhər 1 saylı orta məktəbində qeydə alınıb. Məktəbin tarix müəllimi Zaur Ələkbərovun sözlərinə görə, 3 nəfər 9-cu sinifdən, 2 nəfər hicablı şagird isə 11-ci sinifdən imtahandan kənarda qalıb.
Cəlilabad rayonunun Göytəpə şəhər 1 saylı orta məktəbinin direktoru Bəxtiyar Cəfərov da hicablı məktəblilərin imtahana buraxılmadıqlarını bildirib.
Ötən gün Əbu-Bəkr dini icmasının rəhbəri Hacı Qamət Süleyman “Media forum” saytına hicabla bağlı açıqlama verib. Q.Süleymanov hicaba yasaq qoyulmasını pisləyib. Dini icma rəhbəri ölkədə hicab məsələsi ilə əlaqədar müəmmalı vəziyyət yarandığını bildirib və qadağanı inanclı insanların hissiyyatı ilə oynamaq adlandırıb: “İnanclı insanların hissiyyatı ilə oynamaq lazımsız hərəkətdir. Bu qadağa ilk növbədə Azərbaycanı İslam dünyasında nüfuzdan salır. Digər tərəfdən isə azərbaycanlı dindarların dövlətlə münasibətinə xələl gətirir. Ortalıqda bəzi qüvvələr də bu situasiyadan öz mənafelərinə uyğun istifadə edir. Hicab qadağası Azərbaycanda insanları prezidentə qarşı xoş olmayan münasibətə yönəldən məqamdır. Problemin süni şişirdilməsi dövlətin xeyrinə deyil”./Yeni Musavat/

В этом разделе