Rasim Ağayevin sözlərinə görə, ABŞ-dakı prezident seçkiləri “Taliban”la dialoqun baş tutmasını tezləşdirir
Əfqanıstanın “Taliban” hərəkatı beynəlxalq ictimaiyyətlə dialoqa başlamaq üçün xaricdə nümayəndəliklərini açmaq qərarına gəlib. İlk belə ofis Qətərdə açılacaq. Belə bir sensasion xəbəri ötən gün Qətərin “Əl-Cəzirə” telekanalı “Taliban” hərəkaının nümayəndəsi Zəbihulla Mücahidə istinadən yayıb.
Qeyd edək ki, bunadək ABŞ rəsmiləri sülh əldə edilməsi üçün “Taliban” nümayəndələri ilə danışıqlara getməyə hazır olduğunu bildirmişdilər. ABŞ-ın vitse-prezidenti Co Bayden “Taliban” hərəkatının ölkəsi üçün düşmən olmadığını xüsusilə vurğulamışdı. “Taliban” yalnız “Əl-Qaidə” terrorçularına sığınacaq verəcəyi təqdirdə ABŞ üçün təhlükə mənbəyi daşıyır”, - deyə Co Bayden 2011-ci ilin dekabrında verdiyi müsahibəsində bildirmişdi.
Politoloq Rasim Ağayev ANS PRESS-ə açıqlamasında bu məsələnin gündəmə gəlməsini heç də təsadüfi hesab etmir. “Siz bilirsiniz ki, ABŞ-ın Qətərdə ən böyük bazalarından biri yerləşir. ABŞ-ın mövqeyi ilk növbədə Qətərdə hər şeydə öz əksini tapır. “Taliban” hərəkatının xaricdəki ilk nümayəndəliyi kimi Qətəri seçməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, əslində uzun müddətdir davam edən ABŞ -“Taliban” dialoqu leqallaşdırılmağa başlanılıb. ABŞ artıq Əfqanıstanda mövcud olan “Taliban”la hesablaşmağa başlayıb. Reallıqda da Əfqanıstana hazırda bu iki qüvvə nəzarət edir. Paytaxt Kabil və digər iri şəhərlərə Amerika qoşunları nəzarət etsələr də, digər ərazilər “Taliban” nəzarəti altındadır. Bundan başqa Əfqanıstan ictimaiyyətində çoxluq islamçılara hüsn-rəğbət bəsləyir. Bu da onu göstərir ki, amerikalılar Əfqanıstan probleminin sülh yolu ilə həll edilməsi yolunu tapıblar. Əfqanıstanda 12 yaşı tamam olmuş oğlanların çoxusu əlinə silah götürərək narkotik maddə satışı ilə məşğul olur. ABŞ hakim dairələri başa düşür ki, bu insanlarla qiyamətəcən vuruşmayacaqlar...”, - deyə Rasim Ağayev bildirib.
Politoloq Rasim Ağayev buna bənzər üsulların ABŞ siyasəti üçün yeni yol olmadığını bildirir. “BMT Təhlükəsizlik Şurası “Taliban”ı terror qruplaşması kimi tanıyır. İndi ABŞ bu hərəkatla danışıqlara başlayır. Vaxtilə Üsamə Bin Ladenlə də ABŞ hakim dairələri dostluq edirdilər. Sonradan isə onu zərərsizləşdirməyə qərar verdilər. Buna görə də ABŞ-ın “Taliban” hərəkatı ilə bağlı mövqeyinin hələ çox dəyişəcəyini gözləmək olar. Bir sözlə bu xəmir hələ çox su aparacaq”, - deyə Rasim Ağayev bildirib.
Politoloq Vaşinqtonun “Taliban” hərəkatı ilə dialoqa getməsinə Amerikada keçiriləcək prezident seçkilərinin də az təsir göstərmədiyini hesab edir: “Bu proses prezident seçkiləri olmasa da, gec-tez gendəmə gələcəkdi. Ancaq ABŞ-dakı prezident seçkiləri “Taliban”la dialoqun baş tutmasını tezləşdirir. Təcrübə onu göstərir ki, seçkilər bu cür addımları sürətləndirir. Düşünürəm ki, bu addım Barak Obama tərəfindən düşünülmüş bir addımdır. Seçkilər ərəfəsində hakim partiyanın bu addımı öz müsbət təsirini göstərəcək. ABŞ əhalisi, xüsusilə gənclər sülhə gətirib çıxaracaq bu cür addımları dəstəkləyirlər”.