Həccin mühüm şərti ondan ibarətdir ki, bu ibadəti icra edənlər uzun bir yol qət etməli olur, ölkələrini tərk edərək Məkkə şəhərinə səfər edirlər
Bu səbəbdən də Həcc bir qayda olaraq tarix boyu həm də əziyyət tələb edən, bir növ məşəqqətli yolçuluq hesab olunub. Buna görə də günü bu gün də bir çoxları Həcc ziyarətinə gedənlərin həm də əziyyət çəkməsinin şərt olduğunu deyirlər...
Azərbaycandan bir qayda olaraq Həcc səfərləri zamanı uzaq yolçuluq, səfər zamanı qeydə alınan çatışmazlıqlar demək olar ki, hər il müəyyən narazılıqlara səbəb olur. Bir çox zəvvarlar Həcc zamanı yaşadıqları əziyyətləri “təbii” qarşılayıb, bunu ibadətin bir elementi hesab edirlər. Ancaq eyni zamanda tamamilə əksini düşünüb, rastlaşdıqları çətinliklərə görə, təşkilatçıları qınayanlar da olur.
Builki Həcc səfərindən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə mətbuata açıqlamasında bu mövzuya toxunub. Ümumilikdə ziyarətin təşkilindən razı olsa da, Şeyxülislam bəzi məqamlardan narazılığını bildirib. QMİ sədri azərbaycanlı zəvvarların bir çoxunun ziyarətin rituallarını düzgün bilmədiyindən və eləcə də ziyarət zamanı bəzi zəvvarların davranışlarının qənaətbəxş olmadığından gileylənib. Sitat: “Çox heyfsilənirəm ki, insanlar hələ Həcc ziyarətini Avropa ilə müəyyən edirlər. Həccin özündə məşəqqət var, Allaha ibadət var. Peyğəmbər necə qanunlar qoyub, Minada, Ərəfatda qumun üstündə namaz qılıb. Onlar bu qanunları qismən saxlamağa çalışırlar bizim zəvvarlar da bunu qəbul edə bilmirlər”, deyə Hacı Allahşükür Paşazadə qeyd edib.
Yəni göründüyü kimi həm təşkilatçılar, həm də iştirakçılar - yəni hacılar - narazıdırlar. Əlbəttə, hörmətli Şeyxin qeyd etdiyi məqamlar həqiqətdir. Doğrudan da azərbaycanlı zəvvarların ziyarət əməllərini yaxşı bilməməsi və eləcə də Həcc səfəri, ziyarət zamanı normal davranış qaydalarından kənara çıxması ilə bağlı şikayətlər yeni deyil. Biz ötən il də, əvvəlki illərdə də bu tip şikayətlər eşitmişik. Həqiqətən də bir çox zəvvarların da etiraf etdiyi kimi, azərbaycanlılar yolda dava-dalaş salır, hər cür xırda hadisəyə kəskin reaksiya verir və bütün bunlarla yanaşı həccin əməllərindən doğru-düzgün məlumatlı deyillər; hətta bəziləri namaz qılmağı və başqa həcc əməllərini bilmir. Bir çox insanlar isə Həccə sadəcə ad almaq və yaxud da turist səfəri kimi baxırlar. Lakin bütün bunlar, belə deyək, ümumi narazılıqlardır və bunlara görə konkret olaraq kimlərisə qınamaq olmur. Necə deyərlər özü bilər, Allahı bilər...
Ancaq eyni zamanda Həcc səfəri zamanı başqa neqativ məqamlar da ortaya çıxır və bunların günahı konkret adamlardadır. Demək olar ki, hər il zəvvarlar səfərin təşkil olunması, otellərin şəraiti, yemək məsələlərindən şikayətçi olublar. Özü də bu iddialar bir çox hallarda haqlı olub. Builki Həcc səfəri zamanı zəvvarlar avtobusların yolda qrafik üzrə tez-tez dayanmadığından, qaldıqları otellərin, QMİ hesabına verilən yeməklərin aşağı keyfiyyətli olmasından şikayət edirlər. Hətta bildirildiyinə görə, İraq ərazisində olarkən avtobuslar 6-9 saat ərzində dayanmadan yol gedib və dayanacaq zamanı avtobus karvanı normal bir avtodayanacaqda deyil, səhrada dayanıb.
Bahalı Həcc
Qeyd edək ki, Azərbaycanda Həcc qiymətləri çox bahadır. Hər halda ölkədəki insanların maddi durumu və qonşu ölkələrdəki qiymətlərlə müqayisədə, bizdə Həccə getmək fərqli bahalıqla başa gəlir. Xatırladaq ki, bu il avtobusla gedən zəvvarlar 2650 manat, təyyarə ilə Həccə gedənlər isə 3750 manat ödəyiblər. Qeyd edək ki, 3500 manat təyyarə ilə getmə qiymətlərinin minimumudur; bu məbləğin 5 min manata qədər qalxması da müşahidə olunub. Bu qiymətə zəvvarların məcburi həyat sığortası, hotellərdə gündə iki dəfə isti yemək, Mina və Ərəfatda isə qəlyanaltı təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması daxil olub.
Burda bir arayış verək ki, Azərbaycanda Həcc səfərinin təşkili hüququ QMİ-nin inhisarındadır. Bu istiqamətdə rəqabət olmadığından, əhalinin əksəriyyəti bu qiymətləri qəbul edir. Yalnız bir qisim insanlar Rusiya və Gürcüstan vasitəsi ilə daha ucuz qiymətə Həccə getməyi seçirlər.
Yeri gəlmişkən, qonşu Rusiyada və eləcə də ziyarətin təşkilinin dövlət qurumlarının öhdəsində olduğu İranda qiymətlər Azərbaycanla müqayisədə ucuzdur - 3 min dollara yaxındır.
Bu tip xidmətlərin Azərbaycanla müqayisədə xeyli baha olduğu Türkiyədə də qiymətlər Azərbaycana nisbətən aşağıdır. Misal üçün, qonşu ölkədə Həcc şirkətləri Həcc səfərləri ilə bağlı müxtəlif proqramlar təklif edirlər. Bu proqramlarda fərq otellərin növünə, eləcə də müqəddəs ziyarətgahlara məsafəsinə görə dəyişir. Məsələn, qardaş ölkədə təklif olunan normal Həcc proqramı paketinə ziyarət müddəti 35-40 gün olmaqla, 24 saat pulsuz xidmət, 5 nəfərlik nömrələrdə gecələmək və gündə iki dəfə yemək daxildir. Bu proqramı seçənlər Həcc səfəri üçün 4590 və 4930 türk lirəsi (2300-2500 manat arasında) pul ödəyirlər. Lakin ziyarəti Kəbə evinə daha yaxın otellərdə (ən uzağı 1500 metr) və 2 nəfərlik nömrələrdə keçirmək istəyənlər 3900-4100 avro ödəyirlər.
Göründüyü kimi, Azərbaycanda qiymətlər qonşu ölkələrlə müqayisədə çox bahadır. Bu isə həm də o deməkdir ki, ödənilən pulun müqabilində zəvvarlar yüksək xidmət tələb etməkdə haqlıdırlar. Ancaq bu, olmur, əvəzində hər il təkrar olunan narazılıqlar qeydə alınır. Nəzərə almaq lazımdır ki, bir azərbaycanlı zəvvar avtobusla ziyarətə getmək üçün QMİ-yə 2650 manat, yəni təxminən 3400 dollara yaxın vəsait ödəyir. Bu məbləğ müqabilində zəvvar avtobusla Ərəbistana aparılır, yolda bir gün Kərbəlada, bir gün də Nəcəfdə oteldə qalır. Zəvvarlar Ərəbistan ərazisində 15-16 gün keçirirlər. Bunun təxminən 4 gününü səhrada yerləşən çadırlarda, qalan 11-12 gününü isə otellərdə qalırlar. Oteldə hər nömrədə orta hesabla 4-6 zəvvar qalır. Bu isə o deməkdir ki, səfər zamanı təşkilatçı şirkət qənaət məsələsinə ciddi diqqət verir. Ancaq keyfiyyət heç də hamını razı salmır.
Bir zəvvarın qeydləri
Bu il Həcc səfərində iştirak eləmiş azadxeber.az saytının redaktoru Nicat Əliyev həcc missiyası zamanı bir sıra neqativ halları qeydə alıb. N.Əliyevin sözlərinə görə, Həcc səfəri zamanı hər şey Bakıda vəd edildiyi kimi olmayıb: “Ümumiyyətlə QMİ-nin həyata keçirdiyi builki Həcc missiyası əvvəlki illərə nisbətdə daha yaxşı təşkil olunmuşdu. Bunu əvvəlki illərdə ziyarətə gedən zəvvarlar deyirdilər. Amma bir məqamı deyə bilərəm ki, Bakıda sənədləri qəbul edərkən Təzə Pir məscidində bizə verilən vədlərin bəziləri ya heç yerinə yetirilmədi, ya da aşağı səviyyədə yetirildi. Məsələn, zəvvarlar üçün ayrılan yeməklər aşağı səviyyədə idi. Normal yemək və hoteli yalnız Mədinədə gördük. İstər Nəcəf, Kərbəla, istərsə də Məkkədə nə normal yemək gördük, nə də normal otel. İraqın Nəcəf şəhərində otellərin həm yeməkləri, həm də qalmaq üçün şəraitləri çox aşağı səviyyədə idi. Ucuz otel tutmuşdular, həm də yeməkləri yaxşı deyildi. Hamamlarda isti su yox idi”.
N.Əliyevin sözlərinə görə, onlara iki gün deyilsə də Nəcəf və Kərbəlada yalnız bir gün qala biliblər. Məkkədə isə narazılıq doğuran məqamlar daha çox olub: “Məkkədə daha acınacaqlı vəziyyət vardı. Ucuz olsun deyə şəhərin lap ucqarında otellər tutmuşdular. Bu səbəbdən də zəvvarlar Kəbəni ziyarət etmək üçün hər dəfə taksi ilə getməli olurdu. Bu isə çox baha başa gəlirdi və vaxt aparırdı. Məkkədəki otelin yeməkxanası çox acınacaqlı durumda idi. Hətta vəziyyət o həddə çatdı ki, susan zəvvarlar da etiraz səslərini qaldırmağa başladılar”.
N.Əliyevin sözlərinə görə, oteldə gün ərzində iki dəfə yemək verilib. Səhər yeməyinə bir dilim pendir, 4-5 zeytun, bir qaşıq paketlənmiş halva, bir ədəd kökə və qaynamış su verilib: “Bu vəziyyət bütün zəvvarları özlərindən çıxardı. Mən Bakıya zəng edib bir neçə internet saytına xəbər ötürdüm. Yalnız bundan sonra bəzi dəyişikliklər edildi, vəziyyət qismən düzəldi”.
Nicat Əliyevin sözlərinə görə, Məkkədə yeməkdən zəhərlənən insanlar da olub. Ancaq onun sözlərinə görə, Mədinədə vəziyyət nisbətən daha yaxşı olub və yeməklərin, otelin keyfiyyəti yüksək olub.
Həcc hər şeydən əvvəl bir ibadətdir. Müsəlmanın Allah qarşısında yerinə yetirməyə mükəlləf olduğu bir əməl. Bu əməlin icrası zamanı müsəlmanlar çətinliklərə hazır olublar, minlərlə kilometr yol qət ediblər, əziyyət çəkiblər. Amma bütün bunlar yolun verdiyi əziyyətlərdir, Allahın bəndəsinə zülmü deyil. Həcdə çətinlik ibadət zamanı Yaradan qarşısında yerinə yetirilən ibadətin zamanı ilə bağlıdır, səfərin məşəqqəti ilə əlaqəli deyil. Bu baxımdan təşkilatçı dini idarə zəvvarların daha rahat səfər etməsi və gecələdikləri məkanlarda daha rahat istirahət etmələrini təmin etməyə borcludur. Bu təkcə bir şirkətin müştərisi qarşısında olan borcu deyil, ən mühümü, bəndənin Allah qarşısında borcudur.
KƏNAN, "Yeni Müsavat"