Hadisədən 4 gün ötsə də, faciədən təsirlənmiş yüzlərlə tələbə hələ də akademiyanın qarşısına axışır. Təkcə son iki gündə hadisənin baş verdiyi II korpusu 10 mindən yuxarı tələbə ziyarət edib. Hazırda akademiyanın əsas korpusunun qarşısı başdan-başa şamlara və qərənfilə bürünüb. Akademiyanın qarşısında isə hadisə zamanı qətlə yetirilən tələbə və müəllimlərin şəkilləri asılıb.
Damarlarda qanı donduran bu faciədən təsirlənmiş tələbələr ürək sözlərini divar boyunca yazıb. Binanın girişinə və ətrafındakı ağaclara qara lentlər bağlanıb.
Hadisə yerində olarkən 10-a yaxın gəncin divarlara və akademiyanın pəncərələrinə müxtəlif şüar və elanlar yapışdırdıqlarını gördük. Diqqətimizi çəkən məqamlardan biri də o idi ki, şüarlar arasında “Gül bayramına yox deyək” kimi çağırış da yer almışdı. Gənclərlə söhbətimizdən məlum oldu ki, onlar bu günlərdə aprelin 30-nun terrorla mübarizə günü elan edilməsi tələbi ilə aksiya keçirmək niyyətindədir: “Ötən aksiyamızda dövlət bayrağının endirilməsini və üç gün matəm elan edilməsini tələb etsək də, nəticəsi olmadı. Hökumətin məsələyə belə biganə yanaşması bizi narahat edib. Budəfəki aksiyada 30 aprelin terrorla mübarizə günü elan edilməsinə çalışacağıq. Aksiyamız yaxın iki gün ərzində baş tutacaq”.
Qeyd edək ki, gənclərlə yanaşı orta yaşlı və ahıl adamlar da anım mərasiminə qatılmışdı. 69 yaşlı Əkbər Həmzəyev indiyədək belə bir olayın şahidi olmadığını dedi: “Bakıda çox faciəvi hadisələr baş verib. 20 yanvarda rus ordusu xeyli dinc sakini qətlə yetirdi. Amma beləsi olmamışdı. Şəhərin mərkəzində bir nəfər gəlib 50-yə yaxın tələbəni güllələyib getsin. Özü də indiki məqamda. Bu, təsadüfi iş deyil”.
Dünən hadisənin baş verdiyi II korpusda da olduq. Bina ciddi polis nəzarətində olduğundan anım mərasiminə gələnlər əraziyə yaxın buraxılmırdı. Ötən günlərdə olduğu kimi, içəriyə yalnız müəllimlər və akademiyanın işçiləri buraxılırdı. Yeri gəlmişkən, məlum olaydan sonra Bakıda hələ də bir terror xofu yaşanır. Bu səbəbdən də Bakı polisi gücləndirilmiş iş rejiminə keçib. Paytaxtdakı bütün strateji obyektlər, əyləncə və istirahət parkları nəzarətə götürülüb. /Yeni Müsavat/
Neft Akademiyasının tələbələri yenidən aksiya keçirəcəklər
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qanlı olayla bağlı həyəcanlı anlar hələ də davam edir.