“Müsəlmanlarla münasibəti nə Obamalar, nə Romnilər müəyyən edir”
ABŞ-da 6 noyabr prezident seçkisi indiki dövlət başçısı, demokrat Barak Obamanın qələbəsi ilə bitdi. Obamanın Cənubi Qafqaz siyasətində dəyişiklik ola bilərmi? Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması mümkündürmü? Obamanın Azərbaycana yönəlik siyasətində hansı amil üstünlük təşkil edəcək: təhlükəsizlik və enerji maraqları, yoxsa demokratiya məsələləri?
“Media forum” saytının bu suallarını cavablandıran ruhani, “Mənəvi Dünya” İctimai Birliyinin sədri Şahin Həsənov deyib ki, ABŞ-ın xarici siyasətindən ciddi dəyişiklik gözləmək yanlış olardı: “ABŞ hegemon bir dövlətdir, onun qurduğu qlobal siyasət hansısa partiya və ya siyasətçinin maraqlarına hesablanmır ki, siyasi elita dəyişəndə xarici siyasət strategiyası da dəyişsin. Dəyişən yalnız siyasi ritorika ola bilər. Üstəlik, seçilən köhnə prezidentdir, hər hansı bir dəyişiklikdən danışmağa dəyməz. Regionun özündə hansısa ciddi dəyişikliklər olmasa, ABŞ hər şeyi öz köhnə axarına buraxacaq. Qarabağ məsələsində də belə olacaq, energetika məslələrində də”.
“Bəs müsəlman dünyasına münasibətdə nə yenilik ola bilər” sualını ruhani belə cavablandırıb: “Müsəlmanlarla münasibəti nə Obamalar, nə Romnilər, nə demokratlar, nə respublikaçılar müəyyən edir. ABŞ-ın milli maraqları var və həmin maraqlar əsasında fəaliyyət göstərmək hər bir administrasiyanın vəzifəsidir. Müsəlman dünyasının özündə dəyişikliklər olmasa, ABŞ-siyasətində də yenilik olmayacaq”.