Məscidofobiya davam edir: daha şiddətli, daha ağır

Artıq ölkədə çox məscidlərlə bağlı rəzil bir tendensiya başlanmışdır.

Belə ki, məscid həyətlərinin qəsb edilməsi, Şəhidlər məscidinin bağladılması, bir gün sonra Yasamalda “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin uçurulması, indi də Neft Daşlarındakı yenicə tikilmiş məscidin dağıdılması - bütün bunlar inanclı insanlar arasında sarsıntı ilə qarşılanmaqdadır. Bu faciəli durumla bağlı ölkənin dini ictimaiyyətinin nümayəndələrinə aşağıdakı sualları ünvanladıq:

1. Şəhidlər məscidinin bagladılması, ardınca Yasamalda rayonunda məscidin sökülməsi, indi də Neft Daşlarında yenicə istifadəyə verilmiş məscidin sökülməsini necə qiymətləndirirsiniz?

2. Bəzi məmurlar birində təmiri, digərində qeyri-qanuniliyi, hal-hazırda isə Neft Daşlarında sökülən məscidlə əlaqədar isə çökmə təhlükəsini əsas gətirirlər. Hətta bunlar dogrudursa belə, məscidlərin belə qaba formada və yolverilməz tərzdə deyilənlərin həyata keçirilməsini necə dəyərləndirirsiniz?

Hacı Şahin Həsənli - ilahiyyatçı-alim, “Məşhədi Dadaş” məscidinin imam-camaatı, Mənəvi Dünya İB-nin sədri: “Sanki kimlərsə insanların heysiyyətinə toxunmaq məqsədini güdür”.

- Dəfələrlə demişik, bir daha bildirirəm ki, bunlar ayrı-ayrı məmurların düşünülməmiş, ağılsız hərəkətləridir. Bunlar eyni zamanda onların dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlmiş hərəkətləridir. Sanki kimlərsə insanların heysiyətinə toxunmaq məqsədini güdür. İnanclı, dindar vətəndaşların heysiyyətinə toxunmaq məqsədi daşıyan əməllərdir. Əlbəttə, müxtəlif bəhalərlər gətirilsə də, növbəti məscidin sökülməsini bununla əlaqələndirirlər ki, güya çökmə təhlükəsi varmış. Amma hər halda belə hörmətsiz şəkildə Allah evi ilə davranmaq Azərbaycan xalqının hissləri ilə oynamaqdır. Bu da olduqca mənfi nəticələrə gətirib çıxara bilər. 

- Ümumiyyətlə məscidin sökülməsinin özünün əhkamı var. Yəqin ki, din alimləri ilə, elmi-dini nüfuzu olan kəslərlə, qurumlarla məsləhətləşib bunu normal şəkildə həyata keçirmək olardı ki, Allah evinə qarşı hörmətsizlik olmasın. Bir də ki, QMİ də bu məsələlərə münasibətini açıq şəkildə ortaya qoymalıdır. O da dini sahə ilə məşğul olan qurumdursa, öz etirazını bildirməlidir. Bu məsələlərə münasibətini açıq şəkildə ortaya qoymalıdır. 

Dəyərlər.org


В этом разделе