«Peyğəmbərimiz Məhəmmədin (s) məscidi» sökdükdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov maraqlı bəyanat verib. Dövlət rəsmisi söyləyib ki, məscidin dağıdılması təbii hal olub, çünki məscidin tikintisinə dair rəsmi sənəd olmayıb. Belə olan halda məscid uçurulmalıdırmı?
Daha sonra Neft Daşlarında 6 ay əvvəl istifadəyə verilmiş məscid uçuruldu. Neft şirkəti bu qərarın səbəbini ARDNŞ-ın 60 illik yubleyinə hazırlıq tədbirləri ilə əlaqələndirdi.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu isə bu cür əsaslandırmalarla razılaşmır. O, deyir ki, indi məscid tikmək üçün hansı sənədlərin tələb olunduğunu da bilmir, çünki bu sahədə vəziyyət tamam fərqlidir: «Əgər söhbət konkret olaraq bir mömün insanın şəhərin mərkəzində məscid tikməsindən gedirsə, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Biz nə məscid tikən icmanı, nə də bu təşəbbüsü irəli sürən insanı tanımırıq. Amma maraqlıdır, məscid adına olan və sonradan sökülən bu tikinti neçə il davam edib? Axı üç il əvvəl bu məscidin tikintisinə başlanılıb. Bakıda yaşayan hər bir vətəndaş bilirdi ki, şəhərin mərkəzində, gözəl bir üslubda Allah evi tikilib. Bu məscid birdən-birə ortaya çıxmayıb. Bu tikintinin başa çatması artıq son 5-6 ayda hər kəsin gözü önündə olub. Bundan öncə isə ərazidə məscid tikintisinin olduğu bilinirdi. Ola bilməzdi ki, bu boyda tikinti işi müvafiq dövlət strukturlarının xəbəri olmadan həyata keçirilsin. Əgər buna icazə verilməyibsə, nəyə görə, məscidin bünövrəsi qazılan zaman dövlət strukturları buna etiraz etmir, tikintini dayandirmırdı? Biz bilirik ki, paytaxtda rəsmi razılıq olmasa və sənəd verilməsə kimsə daşı-daş üstünə qoya bilməz. Bir halda ki, yaxasına dünyadan gedən şəhid tələbələrin şəklini vuraraq evindən bayıra çıxan gəncləri dərhal həyətlərində saxlayırlar. Bəs bu halda nə əcəb xəbərləri olmayıb?!».
İlqar İbrahimoğlu Dini İşlər üzrə Dövlət Komitəsinin sədrindən fərqli olaraq deyir ki, əgər məscidin tikintisinə dair sənəd olmasaydı, bu zaman hay-küy salınar, təhlükəli olayın yaşandığı deyilərdi: «Amma bütün bunlar baş vermədi. Əksinə tikinti başa çatandan sonra məscidin sökülməsi məsələsi gündəmə gətirildi».
DEVAMM sədri əlavə edib ki, bu məscidin tikintisini qeyri-qanuni hesab edənlər və bununla bağlı bəyanat verənlər, nədənsə məscidin tikintisinə göz yuman və bununlada qanunları pozan məmurların cəzalandırıldığına dair bir söz demirlər.
Nemət
“Bizim yol”
Məscidləri sənədsiz olduqlarına görəmi uçururlar?
Hacı İlqar: «Bir neçə il tikintisi davam edən məscidin qanusuz tikilməsindən dövlət qurumlarının xəbərsiz olması mümkün deyil»