Mərkəzi Asiyada Rusiya-ABŞ qarşıdurması danılmazdır

Rusiya Qırğızıstan ordusunun yenidən silahlandırılmasına və Tacikistan silahlı qüvvələrinin ehtiyaclarına bir milyard dollardan artıq vəsait xərcləmək niyyətindədir.

Daha dəqiq desək, Bişkəkə 1,1 milyard, Düşənbəyə isə 200 milyon ABŞ dolları ayırmaq nəzərdə tutulur.

Rusiyanın Müdafiə Nazirliyi 2013-cü ilin mart ayına qədər Qırğızıstana lazım olan hərbi yüklərin siyahısını razılaşdırmalıdır. Yaya qədər ilk partiyanın göndərilməsini nəzərdə tutur.

Hazırda Bişkək, demək olar ki, bütün növ yüngül silahlara ehtiyac duyur, eyni zamanda, piyada döyüş maşınları, müxtəlif nəqliyyat vasitələri, kəşfiyyat döyüş maşınları, helikopterlər, səhra və stasionar hospitallar, yüngül mototexnika, portativ minaatan, peyk avadanlıqları almaq niyyətindədirlər. Müqavilələrdə Qırğızıstan hərbçilərinin Rusiya hərbi məktəblərində təhsil alacaqları da öz əksini tapıb.

Tacikistana ayrılacaq 200 milyon dolların isə respublikanın hava müdafiəsi sisteminin yenidən qurulmasına və hərbi texnikanın təmirinə yönəldilməsi planlaşdırılır.

Məlumdur ki, Tacikistan tərəfi 201-ci Rusiya hərbi bazasının icarəsi üçün Moskvadan 250 milyon dollar almaq niyyətində idi, lakin ödənişlər edilmədən icarə müddətinin uzadılması qərara alınıb. Bunun əvəzində isə Moskva Rusiyada Tacikistan vətəndaşlarının yaşamaq və qalmaq rejimini asanlaşdırmağa razılaşıb və Tacikistan su elektrik stansiyalarının tikintisinə investisiyalar yönəldəcəyi barədə düşünəcəyinə söz verib. Daha dəqiq desək, RF Düşənbənin Rusiya bazası üçün il ərzində tələb etdiyi vəsaitin miqdarı qədər - miqrantlarla bağlı Tacikistandan 200 milyon dollara yaxın rüsumu almayacaq.

Bununla, Moskva 2014-ci ildə Əfqanıstandan NATO qoşunları çıxdıqdan sonra yarana biləcək təhdidlərin qarşısının alınması üçün regionda mövqeyini gücləndirmək və ABŞ-ı belə bir imkandan məhrum emək istəyir.

Rusiya Qırğızıstanın cənubunda öz mövqeyini gücləndirmək məqsədilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi bazasının yaradılması ilə bağlı danışıqlar aparır. Bu bazanın yaradılmasında məqsəd təkcə hərbi ambisiyaların həyata keçirilməsi deyil, eləcə də radikal islamçı Fərqanə xilafətinin yaradılmasının qarşısının alınması, Tacikistandakı 201-ci bazanın Cənubi Sibirdən maddi-texniki təchizatını həyata keçirmək üçün Özbəkistan ərazisindən yan keçməklə etibarlı avtomobil yolunun ələ keçirilməsi və əlbəttə ki, Çinin regionda hərbi və siyasi imkanlarının genişləndirilməsinin qarşısını almaq və s.-dir.

Eyni zamanda, Rusiya və Qırğızıstan arasında narkotiklərin qanunsuz dövriyyəsinə nəzarətlə bağlı əməkdaşlıq haqqında saziş imzalanıb ki, bununla da Rusiya Əfqanıstandan Qırğızıstan ərazisinə keçən böyük narkotik daşıma kanallarından birinin qarşısını almağa çalışır. Bütün bunlara baxmayaraq, regionda Rusiya-ABŞ maraqlarına uyğun qarşıdurma danılmazdır.

Rusiya xarici təhlükələrə qarşı özünü və müttəfiqlərini qorumaq üçün narahat olduqlarıhalda amerikalılar üçün Qırğızıstan bütün regiona nəzarət edilə biləcək və Çini nişangahda saxlaya biləcək bir platformadır. Bişkək və Düşənbə, öz növbələrində, Əfqanıstandan çıxacaq ABŞ silahının əldə edilməsinə də maraq göstərirlər. Belə olduğu halda, silahlarla bir yerdə hərbi təlimatçılar, texniklər və digər mütəxəssislərin gələcəyi də istisna deyil. Bu isə regionda ABŞ-ın təsirini qaçılmaz edir.

ABŞ ilə Tacikistan arasında imzalanmış və başa çatması 2013-cü ildə nəzərdə tutulmuş, ümumi dəyəri 5,8 milyon dollar olan müqaviləyə əsasən, hüquq-mühafizə, təhlükəsizlik və güc orqanlarının 58 məntəqəsində radioəlaqə sistemlərinin yeniləşdirilməsi planlaşdırılırr.

Maraqlıdır ki, Mərkəzi Asiyada geosiyasi baxımdan güclənməyə çalışan Moskva tərəfindən ayrılan vəsaitin əsas hissəsi təbii ki Rusiya istehsalı olan silah və hərbi texnikanın yenilənməsinə və ya təmirinə yönəldiləcək. Bu isə vəsaitin bir daha geriyə qayıtması və Rusiya Hərbi Müdafiə Kompleksinə daxil olan zavodlara yeni sifarişlərin verilməsi deməkdir.

Arzu Nağıyev - Trend-in icmalçısı

TREND

В этом разделе