Medvedevin səfəri Azərbaycana nə verdi?

Politoloqlar bu mövzuda ziddiyyətli fikirlər səsləndiriblər.

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri artıq tarixin səhifələrinə yazıldı. Bəs görəsən, dünyanın hegemon ölkələrindən biri olan Rusiya Federasiyası rəhbərinin ölkəmizə səfəri tarixdə nə ilə yadda qaldı, Azərbaycana nə verdi?

Politoloq Vəfa Quluzadə ANS PRESS-ə açıqlamasında ermənilərin tarixi dostu olan Rusiyadan Azərbaycana heç bir xeyir gəlməyəcəyini bildirdi. Onun fikrincə Medvedevin bu səfəri baş aldatmaqdan başqa bir şey deyil.

“Ermənilərlə müqavilə bağlayan ruslara inanmaq olmaz. Onlar hərbi müqavilə bağlayırlar, sonra da, bizi burada aldadırlar. Düşünürəm ki, Rusiya rəsmisinin Azərbaycana səfəri aldadıcı manevrdir. Guya ki, onlar bizimlə dostdur. Rusiya hər zaman bizə düşmən mövqedə olub və olacaq. Lakin üzdə özünü yaxşı göstərmək istəyir. Bu da ki, alınmır”, - deyə Vəfa Quluzadə vurğuladı.

Vəfa müəllimdən fərqli olaraq politoloq Zərdüşt Əlizadə Medvedevin bu səfərini Rusiya və Azərbaycan arasında dostluğun daha da möhkəmlənməsi istiqamətində atılan bir addım olduğunu düşünür. Onun fikrincə Rusiya prezidenti Bakını bəzi razılaşmaları rəsmiləşdirmək üçün ziyarət edib.

“Görüşdə sərhədlərin razılaşdırılması və bəzi sövdələşmələr aparıldı. Raket satışı, qaz anlaşmaları və s. Medvedevin səfərini Rusiya üçün maraq kəsb edən ölkələrdən olan Azərbaycanda ümumi vəziyyəti öyrənmək kimi də xarakterizə etmək olar. Əslində görüşdə hər iki tərəf qazandı. Bu gün Rusiya ilə münasibətlər yaxşıdır. Rusiya söz verib ki, Qarabağa “əl dəyməyəcək”. Seçki təcrübəsi, dövlətçilik sahəsində təmərküzləşmə, söz azadlığı və s. kimi məsələlərdə Rusiyanın təcrübəsindən istifadə etmək olar. Zənnimcə, Azərbaycanla Rusiyanın dostluğu möhkəm və mətindir”, - deyə Zərdüşt Əlizadə vurğuladı.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə Dmitri Medvedevin Azərbaycana səfərinə birtərəfli münasibət bəsləmir. O görüşdə Rusiya və Azərbaycan sərhədlərində müəyyən dil tapıldığını qeyd etsə də, başqa bir məqama də önəm verir. QAT sədrinin fikrincə Rusiya Azərbaycana qarşı münasibətində qeyri-səmimidir.

“Görüşlə bağlı ətraflı məlumat verilmədi. Lakin dolayısı ilə fikirlər səsləndirildi. Sərhədlərlə, Samur çayından istifadə ilə bağlı razılaşmanı nəticə kimi göstərmək olar. Lakin Rusiya mavi qazla bağlı öz istəklərini reallaşdırmağa çalışırdı və buna da nail oldu. Hesab edirəm ki, sərhədlərlə bağlı Azərbaycan üçün müəyyən müsbət nəticələr əldə olundu. Çünki, Rusiya mətbuatının dediyi kimi keçmiş Sovet məkanında ilk dəfə Azərbaycanla müqavilə imzalandı. Digər ölkələrlə hələ də bu məsələ açıq qalır. Bunun özü də vacib məsələdir. Azərbaycanla Rusiya arasında sərhədlərlə bağlı bir sıra mübahisəli məqamlar vardır ki, artıq bu görüşdə problemlər yoluna qoyuldu. Azərbaycan üçün bu müsbət hal kimi qeyd oluna bilər. Həmçinin Qarabağ məsələsi əsas mövzu kimi müzakirə olunsa da, yalnız ümumi sözlər səsləndirildi. Fikrimcə, Medvedevin verdiyi açıqlamalar Azərbaycan tərəfini qane etmədi. Yenə də Rusiyanın qeyri-səmimi mövqeyi yerində qaldı. Ermənistanla Rusiya arasında hərbi protokola şərh verərkən, Medvedevin qeyri-səmimi mövqeyi açıq hiss olunurdu. O, diqqəti hərbi bazanın müddətinin uzadılmasına yönəltdi. Lakin, protokolda eyni zamanda Rusiya Ermənistanın təhlükəsizliyini və onları silahlandırmağı öz üzərinə götürür. Amma, Medvedev müqavilənin əsas məğzini gizlətdi”, - deyə A.Nağı vurğuladı.

Onun fikrincə Rusiya Qafqazda mövqeyini möhkəmlətmək və iddiasını ortaya qoymağa çalışır.

Məsələyə münasibətdə Akif müəllimdən fərqli olaraq Aydın Mirzəzadə Medvedevin səfərinin səmərəli olduğunu düşünür.

“Düşünürəm ki, Medvedevin Azərbaycana səfəri səmərəli görüş idi. Rusiya üçün Qafqazda onun maraqlarına hörmətlə yanaşan və qarşılıqlı surətdə fəaliyyət göstərən bir ölkə çox vacibdir. Gürcüstan məlum səbəblərdən Rusiya ilə elə də xoş münasibətdə deyil. Ermənistanın isə apardığı siyasət ölkəni uçuruma aparır. Rusiyanın rəsmi dairələri çox yaxşı bilirlər ki, Qafqazda hər hansı bir ciddi iş görmək mümkün deyil. Azərbaycan isə hərbi, iqtisadi və siyasi cəhətdən nəinki regionun, hətta, böyük bir arealın güclü dövlətlərindən birinə çevrilib. Rusiyanın bizə qarşı münasibətində kifayət qədər rəvan və konstruktiv əməkdaşlıq hiss olunur. Ruslarla strateji müttəfiqlik həmişə müzakirə mövzusudur. Səfər zamanı Rusiya prezidentinin çıxışında Ermənistanla bağlı hərbi sazişdə hansısa yeniliyin olmadığı səsləndirildi. Medvedev bu sazişin Azərbaycan üçün təhlükə törətməyəcəyini vurğuladı. Hesab edirəm ki, Medvedev bu sözləri Azərbaycanla münasibətləri qoruyub-saxlamaq üçün səsləndirdi. Ən əsası iki tərəf hansısa problemi həll etmək üçün bir araya gəlmək iqtidarında olduğunu sübut etdi. Azərbaycan üçün də bu səfər çox vacib idi. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, yaxın qonşu və müəyyən keçmişilə bağlı ölkə ilə yaxşı münasibət saxlamaq təbii ki Azərbaycanın xeyrinədir” /ANS PRESS/

В этом разделе