Qız toyunda kişilərin məclisə daxil olmaq istəyi qanlı hadisəyə gətirib çıxarıb
Masallı rayonunun Ərkivan kəndində toy məclisi bıçaqlanma ilə sona çatıb. 22 yaşlı Ərkivan kənd sakini Teymur Səadət oğlu Teymurov 4 bıçaq yarası alıb. O, Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinin həkimi İlqar Məmmədovun ANS-ə verdiyi məlumata görə, T. Teymurov şöbəyə döş qəfəsinin sol yarısının yarası ilə daxil olub. O, əməliyyat olunub, hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, münaqişə qız toyunda yaranıb. El adətinə görə belə məclislərdə ancaq qadınlar iştirak edir və kənar şəxslərin toy məclisinə daxil olmasına icazə verilmir. Münaqişəyə səbəb də oğlan evinin gənclərindən bir neçəsinin bu toyda iştiraka cəhd etməsi olub.
Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Azər Bünyadovun ANS-ə verdiyi məlumata görə, hadisə Ərkivan kəndindəki şadlıq sarayında baş verib. Hadisəni törədən Həmid Orucov qaçsa da, polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman maddi sübut kimi hadisədə istifadə etdiyi soyuq silah hesab edilən bıçaq aşkar olunaraq götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1 -ci (yəni qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam edir./ANS TV/