Lənkəran hadisəsi: həqiqət və təhriflər

Xəbər verdiyimiz kimi, dünən Lənkəranda inanclılar xüsusi təyinatlı qüvvələrin hücumuna məruz qalıblar.

İslam-Azeri.az İnternert qəzetinə Lənkərandan verilən xəbərə görə, dindarlar həbsdən buraxılması gözlənilən Qismət İsayevi qarşılamaq niyyətində olublar.

Lakin bəzi ölkə KİV-i inanclıların toplaşma səbəblərini müxtəlif və yanlış göstəriblər.

Belə ki, lənkəranlıların bir neçə gün öncə həbs edilən Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun azad edilməsi tələbiylə çıxış etdikləri iddia edilir.

Digər mənbələr isə inanclıların ötən həftə qətlə yetirilmiş Elşən Hüseynovun məzarını ziyarət etmək niyyətində olduqlarını bildirir.

İslam-Azeri.az İnternet qəzeti yuxarıda göstərilən hər iki versiyanın həqiqətə uyğun olmadığını bir daha bildirir. Bunu sübut etmək üçünsə əməkdaşlarımız Lənkəran ruhanisi Hacı Nəsimi Əsgərovla əlaqə yaratdılar.

Həmsöhbətimizin cavabı belə oldu: "Dindarların bir araya gəlməsinin yalnız bir məqsədi var idi - həbsdən azad edilən Qismət İsayevi qarşılamaq. Vəssəlam. Hər hansı digər məqsəd haqqında söhbət gedə bilməz. Nə etiraz? Məgər etiraz aksiyasına gül-çiçəklə çıxırlar? Əlbəttə, dindarların həbsinə hər bir müsəlmanın daxilində etiraz mövcuddur. Amma bir daha təkrar edirəm - toplaşmağımızın məqsədi tam başqaydı. O ki qaldı Masallıdakı hadisəyə, bunun inanclılarla heç bir əlaqəsi yoxdur və bu hadisəni dindarlarla əlaqələndirmək səhvdir".

Bu mövzula bağlı İslam-Azeri.az internet qəzeti Lənkəranın digər ruhanisi Seyyid Elman Ağayevdən də münasibət öyrənib. O deyib: "Dünənki hadisə baş verməmişdən qabaq bizə dedilər ki, təcridxanaya yaxın yerdə durmayın. Biz əməl etdik. Parkda Qismət İsayevi gözləməyə başladıq. Sonra polislərdən bəziləri İmam Hüseyn (ə) və Quranı təhqir edəndən sonra, dindarlarla polislər arasında insident baş verdi. Polis dindarların qəzəbini görüb, xüsusi təyinatlıları əraziyə çağırdı. Onlar da öz növbəsində dindarları dəyənəklə döyməyə başladılar. Lakin insidentin daha da qızışmasının heç kəsə xeyri olmadığından dindarlar polislərə təslim olmaq qərarına gəldilər. 34 nəfər həbs edildi, bu gün isə azadlığa buraxıldı. O ki, qaldı bu hadisəni Masallı məsələləri və AİP sədrinin həbsinə etiraz kimi göstərilməsinə, bu hər ikisi səhvdir. Astaradan 6-7 nəfər AİP tərəfdarı bizimlə birlikdə olub. Bir daha deyirəm, toplaşmağımızın səbəbi ancaq və ancaq Qismət İsayevi qarşılamaq idi".

İslam-Azeri.az İnternet qəzeti hadisə ətrafında meydana gələn qeyri-dəqiq xəbərlərin sadəcə bir səhv olduğuna çox inanmaq istərdi.

В этом разделе