Kərbəla Allah günüdür-Hacı Şahin Həsənli

Azərbaycan gəncliyinə, inanclısına onun xatirəsini yad etməyi tövsiyə edirəm

Bu gün Xanım Səkinənin vəfatının növbəti il dönümüdür. Səkinə xanım İslamın əzəmətli qadınlarından biridir. O, hicri 42-ci ildə Mədinə şəhərində dünyaya gəlib. O, yüksək əxlaq və mərifətə, fəsahət və bəlağətə sahibi idi. O, İmam Hüseynin (ə) qızı, əmisioğlu Abdullah bin Həsənin həyat yoldaşı idi və anası da Rübab idi. Həm də İmam Hüseyn (ə) ilə Mədinədən Kərbəlaya gələn qafilənin sıralarında olanlardan biri olub. O vaxt onun 19 yaşı olub və Kərbəla müsibətinə şahidlik edib. Daha sonra isə qafilə ilə Mədinə şəhərinə qayıdan Səkinə xanım orada 75 yaşında dünyasını dəyişib.
Məsələ ilə əlaqədar dəyərli ilahiyyatçımız Hacı Şahin Həsənli başda İmam Zaman (ə.f) olmaqla Azərbaycan xalqına başsağlıqı verdi. “Deyerler.org”-a açıqlamasında Hacı Şahin bildirdi ki, Kərbəla hadisəsinin iştirakçılarını özümüzə örnək götürməliyik. “Qurani- Kərimdə bizə Allahın günlərini əziz tutmaq tövsiyə edilir. Allah günləri o günlərdir ki, Allah yada düşür, Allah xatırlanır. Məhz bu günlər Allah günü sayılır. Kərbəla da bütünlükdə Allah günüdür, çünki Kərbəla bütünlükdə Allahı yada salır. Milli-mənəvi dəyərləri insanların yadına salır. Xanım Səkinə də kiçik yaşda olmasına baxmayaraq, Kərbəla hadisəsinin iştirakçısıdır. Həmin hadisələr vaxtı ciddi məhrumiyyətlərlə və məzlumiyyətlərlə rastlaşmış insandır. Ona görə də Azərbaycan gəncliyinə, inanclısına onun xatirəsini yad etməyi tövsiyə edirəm. Ümumiyyətlə, Kərbəla hadisəsinin iştirakçılarını yad etmək bizim mənəvi dəyərlərimizə sayğımızdır. Ona görə də xalqımıza arzu edirəm ki, bu günləri əziz tutaq, Kərbəla hadisəsinin iştirakçılarını özümüzə örnək götürək. Həyatımızda onlara bənzəməyə çalışaq”.

В этом разделе