İsrail İranı vurmaq üçün gizli təlimlər keçirir

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Bryus Ridel: “ABŞ fəlakətə səbəb olacaq müharibənin qarşısını almaq üçün tədbirlər görməlidir”.

İsrail ordusu İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün Rumıniya ərazisində gizli təlim keçir. "Yeni Musavat"ın Britaniyanın “The Sunday Times” qəzetinə istinadlı xəbərinə görə, təlimlərin getdiyi bu yaxınlarda İsrail ordusuna aid hərbi vertolyotun Karpat dağlarında qəzaya uğramasından sonra üzə çıxıb. Alçaqdan uçan İsrail hərbi vertolyotu qatı duman şəraitində dağa dəyib və parçalanıb. Nəticədə 6 İsrail hərbçisi və 1 rumın xüsusi xidmət zabiti həlak olub.

Qəza barədə məlumat alan kimi İsrailin baş naziri Benyamin Netanyahu Rumıniyaya xüsusi təyinatlı xilasetmə qrupu göndərib və həlak olan hərbçilərin cəsədləri ciddi mühafizə altında vətənə gətirilib. Qəzetin yazdığına görə, qəzaya uğrayan “Sikorsky CH-53" hərbi-nəqliyyat vertolyotu iyulun ortalarından etibarən Rumıniyanın cənubundakı Buzau hərbi bazasına gətirilən 8 İsrail vertolyotundan biridir. Vertolyotlar düşmən ərazilərinin dərinliklərinə hərbçilərin desant atılmasını və xilasetmə əməliyyatlarını sınaqdan keçirir. ”Biz ona görə Rumıniya ərazisində təlim keçirik ki, bu ölkə İsraildən 1500 kilometr aralıdır. İsraillə İran arasında hava məsafəsi də məhz bu qədərdir" deyə, təlimlərə rəhbərlik edən İsrail hərbçilərindən biri qəzetə bildirib: “Bizim üçün bu ərazilər yaddır. Biz radarlardan və Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən necə yan keçmək üçün məşq edirik. Bütün bunlar bizə İrana çatmaqda və döyüş vəzifəsini yerinə yetirməkdə kömək edəcək”.
Rumıniya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Kristian Gerqe isə jurnalistlərə deyib ki, qəzaya uğrayan İsrail vertolyotunun göyərtəsindəki rumın kəşfiyyat zabiti müşahidəçi statusunda olub. O, xəritələri oxumaqda kömək etsə də, qərarların qəbulunda iştirak etməyib. 2006-cı ildə Rumıniya ilə İsrail arasında imzalanmış razılaşmaya görə yəhudi dövlətinin Hərbi Hava Qüvvələrinin zabitləri bu Şərqi Avropa ölkəsində təhsil ala bilər. Hazırda İsrail hökuməti çalışır ki, bu razılaşmanı genişləndirsin və İsrail təyyarələrinin Rumıniya hava məkanından istifadəsində imkan yaransın. Bəzi məlumatlara görə, İsrail təyyarələri İranı vurmaq üçün Rumıniya ərazisindən havaya qalxa və Qara dəniz üzərindən keçməklə Gürcüstan, daha sonra Azərbaycan üzərindən keçə bilər.
İsrail kəşfiyyatına bağlı “Debka” saytı xəbər verir ki, Netanyahu hökumətindəki əhval-ruhiyyə bu ölkənin istənilən vaxt İrana hücum qərarı verə biləcəyini göstərir. Məlumata görə, İranın Buşəhr AES-i işə salmasından sonra İsrail hərbi variantı yenidən aktuallaşdırıb. Bununla da Vaşinqtonu böyük təzyiq altında qoyub. Bildirilir ki, prezident Obama bu həftə Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə direktoru Daniel Şapironu Təl-Əvivə göndərib. Onun missiyası İsrailin təhlükəsizliyi ilə bağlı ABŞ-ın yeni planlarını çatdırmaqdır. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Bryus Ridel isə öz məqaləsində qeyd edir ki, ABŞ İsrailin İrana qarşı fəlakətə səbəb olacaq müharibəyə başlamasının qarşısını almalıdır. Ridelə görə bunun üçün ABŞ İranın nüvə silahı əldə edəcəyi təqdirdə İsrailin özünü tam təhlükəsiz hiss edə bilməsi üçün plan təqdim etməlidir. Plan İsraili ABŞ-ın nüvə çətiri altına almaq və yəhudi dövləti ərazisində Amerikanın nüvə başlıqlarını yerləşdirməkdən ibarət ola bilər. Keçmiş MKİ əməkdaşına görə, bununla ABŞ İrana göstərə bilərdi ki, İsrailə nüvə zərbəsi endirmək fikrinə düşsə onu cavab olaraq daha güclü nüvə zərbəsi gözləyəcək.

В этом разделе