Təl-əvivdə rus dilində nəşr edilən "İzRus" xəbər portalının iddiasına görə, İsrail Ermənistana maraqlı bir təklif verib
Ermənistan Fələstin dövlətini tanımasa, İsrail qondarma erməni soyqırımını qəbul edəcək. Bu mövzuda İrəvan ilə Telaviv arasında dövlət səviyyəsində görüş keçirilib.
İsrailin "Makor Rishon" qəzeti yazır ki, bu mövzu ilk dəfə keçən ilin iyul ayında İrəvana səfər edən İsrail Xarici İşlər Nazirliyinin rəsmi şəxslərinin görüşləri əsasında gündəmə gətirilib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, görüşdə İsrail tərəfi İrəvana çatıdırıb ki, əgər Ermənistan Fələstini tanımayacağına zəmanət versə, İsrail qondarma erməni soyqırımı tanıyacaq. İsrail xarici işlər nazirliyindəki mənbələr iddia edir ki, Ermənistan əvvəlcə buna razı olub, ancaq sonra geri addım atıb.
Xəbərə görə, mövzu BMT Baş Assambleyasının 66-cı iclası zamanı da gündəmə gətirilib. İsrailin xarici işlər nazirinin köməkçisi Danni Ayalon, erməni həmkarı Arman Kirakosyanla görüşüb və ondan Fələstini dəstəkləməmələrini istəyib.
İddiaya görə, keçən ilin oktyabrında da Fələstinin YUNESKO-ya tam üzv olaraq qəbul olunması ilə bağlı keçiriləcək səsvermədən əvvəl İsrail rəsmi İrəvana yüksək vəzifəli diplomatını göndərib. İsrail yenə də eyni şərtini irəli sürüb. Ermənistan isə İsrailin bu təkilfinə razı olmayıb və Fələstinin YUNESKO üzv seçilməsinin lehinə səs verib.
İsrail mətbuatı yazır ki, Ermənistanın İsrailin təklifini rədd etməsinin başqa səbəbi olub: "Ermənistan Suriya və Livanda yaşayan erməni icmasını təhlükəyə atmaq istəməyib".