İslam mədəniyyətinin paytaxtı Bakıda məscid söküldü

Yasamal Rayon İcra Hakimiyyəti Allah evini yerlə yeksan etdirdi

Dünən axşam saatlarında Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən “Peyğəmbər” məscidinin söküntüsünə başlanılıb. Bu barədə “Yeni Müsavat”a hadisə yerində olan şəxslər məlumat verib. Onların sözlərinə görə, axşam saatlarında adıçəkilən ünvana gələn Yasamal rayon İcra Hakimiyyətinin işçiləri 27-ci polis bölməsinin əməkdaşlarının müşayiəti ilə məscidi sökməyə başlayıblar. Qeyd edək ki, 170 kvadratmetr ərazini əhatə edən məscid bir neçə il öncə Mirvaleh Möhsümov tərəfindən inşa edilib.

Ancaq məscidin qanunsuz tikildiyini iddia edən Yasamal rayon İcra Hakimiyyəti onun sökülməsi barədə Yasamal rayon Məhkəməsində iddia qaldırılıb. Məhkəmə isə öz növbəsində məscidin qanunsuz tikildiyi barədə qərar çıxarıb.

Qarşı tərəf apelyasiya şikayəti versə də, Apelyasiya Məhkəməsi ilkin məhkəmə qərarını qüvvədə saxlayıb. Bundan sonra M.Möhsümov Avropa Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Allahşükür Paşazadə mətbuata verdiyi açıqlamasında məscidin sökülməsi barədə qərarı pisləyib.

Baş verənlərə münasibət bildirən “Cümə” Məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu bizimlə söhbətində bu mübahisəli məsələyə əvvəllər də münasibət bildirdiyini dedi: “Bu məsələni qanunsuz tikili halına gəlməsi baş tutmamalı idi. Heç inanmıram ki, bu bina təsadüfi tikilsin. Çox güman ki, tikiliyə razılıq verənlər olub. Hesab edirəm ki, Allah evi tikilib başa çatıbsa onunla ehtiramla rəftar olunmalıdır. Yenə də deyirəm, mənim üçün bu məsələ hələ də qaranlıq qalır”. /Musavat.com/


В этом разделе