Böyük ehtimalla iyulun 21-i orucluq başlayır
İslam dünyası bu günlərdə 11 ayın sultanı olan mübarək ramazan ayına hazırlaşır. Lakin məlum olduğu kimi müsəlman hicri-qəməri təqvimində yeni ayın başlanması hilalın görünməsindən asılı olduğundan niyyət gecəsinə qədər qəti hökm söyləmək mümkün deyil. Buna baxmayaraq böyük İslam alimlərinin ofisləri müsəlmanları məlumatlandırmaq üçün elmi məlumatlara istinad edərək ilkin informasiya yayıblar.
313news.net-in "Şəfəq" xəbər agentliyinə istinadlı məlumatına görə, İranın Ali Dini lideri Ayətullahul-uzma Seyid Əli Xameneyinin tabeliyindəki "Hilalı müəyyənləşdirmə komitəsi" üzvlərindən biri, mübarək Ramazan ayının Cümə günü, günəş qürubundan sonra normal durbinlərlə rahatlıqla görülə biləcəyini deyib.
Əli Rza Bujmehrani deyib ki, cümə axşamı günü Günəş batımında İslam ölkələrində-istər şərqdə, istərsə də qərbdə olsun, hətta Ərəbistan yarımadasında da hilalın görünməsi mümkün deyil. Bu isə o deməkdir ki, şəban ayı 30 gün çəkəcək.
Mütəxəsis qeyd edib ki, hava şərtləri uyğun olarsa, cümə günü axşam yeni Ay adi gözlə də görünə biləcək.
Ayətullahul-uzma Seyid Əli Sistaninin ofisinin verdiyi təqvimə görə isə böyük ehtimalla cümə günü axşam yeni Ay görünəcək və şəban ayı 29 gün çəkəcək və ramazan ayı iyulun 21-i başlayacaq.
Qeyd edək ki, Ayətullah Xameneyi ilə Ayətullah Sistani arasında ayın başlanma üsulları ilə bağlı fərq olduğununda, hazırda davam edən şəban ayının başlanması vaxtında 1 gün fərq olub. Lakin hər iki müctəhidin ofisindən alınan məlumatlara əsasən ramazan ayının başlanmasında fərq olmayacaq.
Bir daha qeyd edirik, son və qəti məlumat mübarək ay başlamadan əvvəl saytımızda veriləcək inşallah.