İndi də İCMAFOBİYA?

Milli Məclisdə İnsan haqları və Hüquq siyasəti və dövlət quruluculuğu komitələrinin birgə iclasında “Dini etiqad azadlığı” haqqında qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Müzakirələrdə qanunvericiliyə müəyyən əlavə və dəyişikliklər edilməsi təklif edilib.

Ən maraqlı məqam isə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Salman Musayevin “Dini etiqad azdlığı” haqqında qanunu pozmuş dini icamaların bağlanması üzrə komissiyanın yaradılması barədə təklifi olub. Onun təklifində bildirilir ki, bu komissiya QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilməlidir. Salman Musayevin sözlərinə görə, bu komissiya dini icmaların bağlanması zamanı mülki məsələlərlə, əmlak məsələləri ilə bağlı yarana bilən mübahisəli məqamları həll etməlidir.

Məsələyə qiymət verməsi üçün Vesti.az saytı İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğluya müraciət edib. Hüquq müdafiəçisi bu təklifi keçmişə qayıdışa cəhd kimi şərh edib.

“Faktiki olaraq, bu cəhd Sovetin dinə yanaşma tərzini xatırladır. Mənə çox təəccüblü gəlir ki, QMİ-nin sədr müavini – dindar bir kəs, bu sahədə problemlərdən danışarkən dini icmaların bağlanması üzrə komissiyanın yaradılmasını təklif edir. Qeyri-ixtiyari olaraq, mənim beynimdə dərhal “Allahsızlar cəmiyyəti” kimi bir təşkilat canlanır. Maraqlıdır ki, dini təmsil etməyə iddialı olan bir kəs, böyük ruh yüksəkliyi ilə vicdan azadlığının məhdudlaşdırılmasını təklif edir”, - deyə İ.İbrahimoğlu bildirib. 

DEVAMM rəhbəri dövlət qeydiyyatından keçməmiş dini QHT-lərin bağlanması barədə səslənən müxtəlif fikirləri absurd hesab edir. İ.İbrahimoğlu qeyd edərək xatırladıb ki, Azərbaycan Konstitusiyası həmçinin kollektiv vicdan azadlığını da təmin edir. Onun fikrincə, bu olan yerdə, hər hansı məhdudlaşdırmadan və ya fəaliyyət qadağasından söhbət gedə bilməz.

“Müxtəlif dini icmaların taleyinin dövlət və bir dini QHT tərəfindən müəyyən edilməsi mümkündürmü?” sualına İ.İbrahimoğlu belə cavab verib: “Hər hansı bir dini QHT-nin özünü köməkçi element olaraq təqdim etməsi sübut edir ki, onlar elə Sovet dövründə də eyni missiyanı icra ediblər və görünür indi Sovet kökləri, Sovetdən qalan vərdişləri yenidən baş qaldırıb. Bu faktı başqa cür şərh etmək mümkün deyil”.

“Konstitusiyaya görə, hər bir vətəndaş tək və ya kollektiv surətdə müxtəlif dini ayinləri icra etmək, təbliğ etmək, etiqad etmək və s. hüquqlara malikdir. İndi necə ki, adi qaydada QHT-lər fəaliyyət göstərir, eləcə də bir neçə insan ibadətlərini birgə icra etmək istəyir. Əgər digər QHT-lər üçün heç bir problem yaratmırlarsa, niyə də belə ayrı-seçkilik dini QHT-lərə münasibətdə olmalıdır? Mən hesab edirəm ki, bunlar hamısı dinə münasibətdə qeyri-peşəkar yanaşmanın nəticəsidir. Və ən başlıcası, əgər bütün bunlar radikalizm və ekstremizmin boğulması üçün edilirsə, hesab edirəm ki, bu tam qeyri-peşəkar yanaşmadır və belə yanaşım bu cərəyanların güclənməsinə səbəb ola bilər. Çünki, belə addımların atılması, onların gizli fəaliyyətə keçməsinə səbəb olacaq. Və hər bir sağlam cəmiyyət bundan qaçmalıdır. Özlərindən Amerika kəşf etmək lazım deyil. Bütün dünyada dinə vicdan azadlığı müstəvisindən yanaşılır. Bizdə isə vicdan azadlığını daim nəzarət altında saxlamağa çalışırlar. Sivil cəmiyyətdə hakimliyi yalnız hakimlər edir”, - deyə İ.İbrahimoğlu fikrini yekunlaşdırıb. (Vesti.az) 

Hazırladı: TAHİRƏ DƏNİZ


В этом разделе