DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin növbəti tədris rübü başlayandan ölkə üzrə tədris müəssisələrində inanclı şagird, tələbə və müəllimələrin hüquqlarının pozulmasına dair apardığı monitorinq davam edir.
Aparılan monitorinq əsnanısında aprel ayının 3-ü daxil olan şikayətlərdən bəlli olmuşdur ki, Salyan rayonunun Şorsulu kəndində və Yuxarı xələc kəndində orta məktəb direktorları Məmmədağa Cəbiyev və Taleh İbrahimov hicablı şagird və müəllimələri hicab geyindikləri üçün dərslərdə iştirak etməyə qadağa qoymuşlar. Yaranmış hüquq pozuntusu ilə əlaqədar olaraq DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu məsələni şərh edərək bildirmişdir: “Salyan rayonunun adı çəkilən kəndlərində hicablı şagird və müəllimələrin dərslərə buraxılması və onların dini etiqad və vicdan azadlığının pozulması əslində bir məmur özbaşnalığından irəli gələn bir haldır. Belə ki, məlum olduğu kimi, daha öncə qonşu rayon Neftçalada bu cür problemlər yaşanmışdır və sonradan bu çətinliklər ortadan qaldırıldı və məsələ öz müsbət həllini tapmışdır. Görünür Salyan roayonunun kəndlərində bəzi məmurların baş vermiş hadisələrdən tam ətraflı məlumatları yoxdur və ümid edirik ki, tezliklə bu bölgədə də xanımların hüquqları tezliklə bərpa olunacaq.”
Qeyd edək ki, məsələ ilə bağlı mart ayının 10 ANS telekanalının verdiyi məlumatda təhsil nazirliyinin rəsmi nümayəndəsi bəyan etmişdir ki, tədris müəssisələrində hicabla bağlı heç bir qadağa mövcud deyil və bu mövzuda şagird və müəllimələr tam sərbəstdir.
Xatırladaq ki, fevral-mart aylarında Azərbaycanın bəzi rayonlarında: Qax rayonunda, Neftçala rayonunda, Zərdab rayonunda, Lənkəran rayonunda, Quba rayonunda, Yevlax rayonunda, o cümlədən Sumqayıt şəhərində, Bakı şəhərinin Binəqədi qəsəbəsində, Biləcəri qəsəbəsində, Hövsan qəsəbəsində, Abşeron rayonunun Xırdalan şəhərində, Mehdiabad qəsəbəsində hicablı şagird, tələbə və müəllimələrin pozulmuş hüquqları bərpa edilmişdir. ("Dəyərlər" AİN)