Hacı Şahin təmtəraqlı ehsan mərasimlərini tənqid etdi

Hacı Şahin Həsənli

“Yas məclislərində israfçılığa yel verilir və bu, dinimizin ehsan haqqında olan hədisləri ilə tam ziddiyyət təşkil edir"

“Məşhədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli APA-ya açıqlamasında indiki yas mərasimləri İslam dininin tələblərinə uyğun şəkildə təşkil olunmadığını deyib: “Yas məclislərində israfçılığa yel verilir və bu, dinimizin ehsan haqqında olan hədisləri ilə tam ziddiyyət təşkil edir. İslam dininin dünyadan köçmüş insan barədə göstərişləri yalnız insanın kəfənlənib dəfn olunması ilə məhdudlaşır. Yəni, dünyadan keçən insanı yuyub, kəfənləyib dəfn etmək lazımdır. Ondan sonra isə mərhumun ailəsinin boynunda heç bir vacib əməl yoxdur. Bizdə isə sanki vacib əməl kimi 40 gün ərzində mərhum üçün yas mərasimi təşkil olunur, ehsan verilir, o cümlədən cümə axşamları keçirilir. Lakin bu, dinimizə əsasən qəbul olunan əməl deyil. Təbii ki, hər bir şəxsin dünyadan köçən yaxını üçün ehsan vermək haqqı var. Amma bu, icbari xarakter daşımamalı, məcburi olmamalıdır. İlin istənilən vaxtında, xüsusən də ehtiyacı olan, fəqir insanlara ehsan verilə bilər. Ancaq bizdə təşkil olunan indiki yas mərasimləri dinimizə həm məntiqlə, həm də dinimizin göstərişlərinə ziddir”.

Ş. Həsənli “Təzəpir” məscid kompleksindəki məclis zallarının şərtləri ilə tanış olmasa da, bildirib ki, yas mərasimlərində ifratçılıq, əslində ehsanın ruhuna ziddir: “Əslində bu, ehsan verənin niyyətində də problem olduğunu göstərir. Harada təşkil olunmasından asılı olmayaraq - istər “Təzəpir”də, istərsə də başqa yerdə – belə təmtəraqlı ehsan verilməsi dinimizin ruhuna ziddir, şəriətimizə və Peyğəmbərimizin (s) buyurduğu hədislərlə qətiyyən uyğun gəlmir. Bu məsələdə təbii ki, təklifin özü də az əhəmiyyət daşımır. İnsanlara bu cür xidmət təklif edən xeyir-şər evləri də bunu nəzərə almalıdır. Yəni, ehsanda sadəliyə riayət olunmalıdır”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə APA-ya bildirilib ki, QMİ bu mövzu ilə bağlı yaxın vaxtlarda geniş açıqlama verəcək.

В этом разделе