Hacı Şahin Həsənli Hacı Tale Bağırovdan danışdı

"Azadlıq böyük bir nemətdi"

Hacı Tale Bağırovun azadlığa çıxması ilə əlaqədar "Məşhədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli "Azadxeber.org"a müsahibə verib:

- Bildiyiniz kimi, Hacı Tale Bağırov bir neçə gün öncə həbsdən azad olunub. Ruhanilər də onun azad olunması ilə bağlı mediada fikir bildirmişlər. Sizin də Hacı Tale Bağırovun azad olunması ilə bağlı fikirlərinizi öyrənmək istərdik:
- İlk əvvəl Hacı Taleyin azad olunması ilə bağlı inanclı insanlara, həm də onun özünün ailəsinə gözaydınlığı verirəm. Azadlıq böyük bir nemətdir. Eyni zamanda azadlıq təkcə fiziki anlamda deyil, daha geniş bir anlam kəsb edən bir məfhumdur.  Mən hesab edirəm ki, Hacı Tale sözün əsl mənasında azad bir insandır. O, azadlığın nə olduğunu bilən, insan azadlığının mahiyyətini öz əməlləri ilə sübuta yetirmiş bir şəxsdir. Mənim onunla tanışlığım var. Uzun müddət də olmasa, bir müddətdir ki, onu tanıyıram. Gənc olmasına baxmayaraq, böyük potensiala malik bir insandır. O, yüksək mənəviyyata sahib olan bir insandır və belə insanların xalqın, dinin xidmətində olması həm cəmiyyətə, həm dinə böyük fayda gətirə bilər.
- Hacı Tale Bağırovun apardığı mübarizəni necə dəyərləndirirsiniz?
- Azərbaycanda bəllidir ki, hicabla bağlı problemlər var. Orta məktəblərdə şagirdlərin hicablı geyimdə məktəbə getməsi ilə bağlı məhdudiyyətlər var. İlk günlərdə demək olar ki, bütün dini qurumlar, dini icmalar, ilahiyyatçılar, ruhanilər bu məsələlərlə bağlı öz mövqeyini ifadə ediblər və bu mövqe bir mənalıdır ki, Azərbaycanda dini etiqad və vicdan azadlığı təmin olunmalıdır. Hicaba heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycanda qanunvericilik baxımından hicaba heç bir qadağa yoxdur. Azərbaycanda hicab qadağası yoxdur, bu anlamda ki, qanunvericilikdə heç bir maddə hicabı qadağan etmir. Əgər qanunvericilikdə hicab qadağası yoxdursa, belə bir qadağaların tətbiq olunması qanunsuz hesab olunur.
Hacı Tale də məhz bu məsələni dilə gətirib. O, hicabın azad olunmasını tələb edən insanlardan biridir. Bu da vətəndaşların konstitusion hüququdur. İnsanların dini etiqad və vicdan azadlığıdır. Təbii ki, bu məsələlərlə bağlı hər hansı yöndə fəaliyyət göstərən insanların fəaliyyətini müsbət dəyərləndirirəm.
- Hacı Tale Bağırovun hicab qadağası ilə bağlı israrlı mövqeyi dini camiədə necə qarşılanır?
- Dini camiə, ümumiyyətlə, vətəndaş cəmiyyəti hər hansı bir məhdudiyyətlərin tətbiq olunmasının əleyhinədir. Mən bildiyimə görə, Hacı Tale Bağırov da Azərbaycanda dini mühitin kənar təsirlərdən azad olunmasının tərəfdarıdır. Hacı Taleyin mövqeyi bundan ibarət olub ki, Azərbaycanda dini proseslər hansısa kənar müdaxilədən azad olsun. Azərbaycan dindarları Azərbaycan vətəndaşlarıdırlar və bu proses Azərbaycanın daxilindən idarə olunmalıdır. Biz dəfələrlə bu mövqeyi də bildirmişik ki, yersiz qadağalar, məhdudiyyətlər həmişə kənar təsirləri gücləndirir. Azərbaycanın daxilində sərbəst mühit olarsa, dini etiqad və vicdan azadlığı tam mənada təmin olunarsa, o zaman kimlərsə din adından sui-istifadə edə bilməz.

Hacı Tale də bu məsələləri önə çəkib ki, Azərbaycanda dini mühitin azad olunması üçün sərbəst mühit olmalıdır və dindarlar, ilahiyyatçılar müstəqil şəkildə öz mövqelərini ifadə etməlidirlər. Bu baxımdan, cəmiyyətdə Hacı Tale Bağırovun mövqeyi ilə bağlı münasibət, mən belə düşünürəm ki, müsbətdir.

В этом разделе