Hacı Qurban Cəbrayıl: “Əlbəttə İslam mədəniyyətinin paytaxtı elan olunmuş bir şəhərdə belə halların təzahürü heç də bəyənilən deyil”

Hacı Qurban Cəbrayıl - “Nəbz” qəzetinin baş redaktoru:
- Əlbəttə İslam mədəniyyətinin paytaxtı elan olunmuş bir şəhərdə belə halların təzahürü heç də bəyənilən deyil. Birmənalı olaraq pislənilməlidir.


Regionlarda da bu cür ciddi problemlər var. Bu istər-istəməz məsələnin bir qədər mürəkkəbləşməsi deməkdir. Yevlaxda, Salyanda məscidlərlə bağlı hadisələr məsələni bir qədər də tündləşdirir və qəlizləşdirir. Ölkə əhalisinin 90%-dən çoxunun müsəlman olduğunu və bunların da ölkə adına İslam dünyasında nüfuzuna gətirəcəyi ləkəni nəzərə alaraq buna yol verən, rəvac verən məmurlar ciddi cəzalandırılmalıdır. Nəzərə alsaq ki, Azərbaycan digər səmavi dinlərə tolerantlıq nümayiş etdirir, bu dinlərin ardıcılları necə Azərbaycanda rahat dini ayinlərini yerinə yetirmək imkanındadırlar, eləcə də bu tolerantlıq gərək Allahın sonuncu, ən mütərəqqi dini olan İslama və onun ardıcıllarına da tətbiq edilsin. Bu birmənalı şəkildə belə olmalıdır. Mən inanıram ki, bu cür özbaşınalıqlara konkret nöqtə qoyulacaq, günahkarlar da cəzalandırılacaq. 

Vurğun Əyyub - Müsavat Partiyasının Divan üzvü: 
- Mənə belə gəlir ki, bütün bunlar cəmiyyətin diqqətini başqa səmtlərə yönəltmək üçündür. Ölkədə iqtisadi, siyasi-ictimai problemlər var. Hesab edirlər ki, bu yollarla cəmiyyətin diqqətini bu məsələlərdən yayındırırlar. Amma məncə düzgün yol deyil. Dindar adamların dini hisslərinə hörmət eləmək lazımdır. Bundan başqa bunlar narazılıqları aradan qaldırmaq əvəzinə əksinə daha da artırır. Hər şeydən əvvəl isə Azərbaycan hakimiyyəti öz vətəndaşlarının düşüncələrinə və hüquqlarına hörmətlə yanaşmalıdır. 

Mehman Əliyev – “Turan” informasiya agentliyinin direktoru:

- Əlbəttə ki, bütün bunlar pis təəssüratlar yaradır. Birincisi mən məscidin dağıdılmasının motivlərini başa düşə bilmirəm ki, bu nə ilə bağlıdır, nəyə görə olub? Açığını deyim ki, bu mənim üçün aydın deyil. Bu da çox pisdir ki, bundan öncə nə açıqlama olub, nə də izahat olub. Yəni vətəndaşlara məlumatların çatdırılması, izah olunması - bu proses olmayıb. Ümumiyyətlə belə davranış özü bizdə çox pis bir ənənə alıb. 
O ki qaldı məscidin bağlanmasına, - bunu da təmir işləri ilə izah etdilər. Ancaq orada təmir işləri 1-2 il bundan qabaq aparılıb. Bizdə olan məlumata görə, bu məsciddə təmirə ehtiyac yox idi. Yenə də hansısa proseslər gedir. Aydın deyil ki, nəyə görə və s. Bu yaxşı proses deyil. Mən hesab edirəm ki, dindarlarla, ümumiyyətlə, vətəndaşlarla bu formada, bu cür davranış yaxşı iş deyil. Buna münasibətim mənfidir. 

Zeynal Məmmədli - media məsələləri üzrə ekspert:

- Bu cür qəfil davranışlar birmənalı olaraq istər-istəməz mənfi ictimai rəy yaradır. Çünki bu qəfil davranışlar əgər təmir məqsədi ilədirsə, yaxud da şəhərin baş planına uyğun olaraq abadlıq məqsədi ilədirsə, bu hal da əvvəlcədən bunu müzakirə etmək, ictimaiyyətin rəyini soruşmaq lazım idi. O cümlədən, dindar vətəndaşlarımızın da tələbatını ödəmək şərti ilə aydınlaşdırandan sonra etmək olardı. Misal üçün, bax biz bunu uçururuqsa onların tələbatlarını harada ödəyəcəyik.
Bütün bu məsələləri aydınlaşdırandan sonra etmək olardı. Bu şəkildə etməklə bağlı mənim bir fikrim belədir: bolşevizm Azərbaycanda çox dərin köklər atıb. Mən bunları bir bolşevizm kimi qiymətləndirirəm. İctimai rəylə hesablaşmadan belə addımlarla insanlardan uzaqlaşırlar.
İnsanlara dəyər verməkdən uzaqlaşırlar. İnsanların hüquq və azadlıqlarına bilərəkdən və yaxud bilməyərəkdən qəsd etmək - bu cür qiymətləndirirəm. Birmənalı mənfi qiymətləndirirəm.

Eldəniz Quliyev – “Azərbaycan Ziyalılar Birliyi”nin sədri:

- Bütün bunlar məndə çox pis təəssüratlar oyadır. Sözün doğrusu, əvvəl baş verənləri anlamadım. Ancaq sonra belə başa düşülür ki, bu düşünülmüş bir siyasətdir. Bu təkcə dinimizə, Allah evinə qarşı yox, milli-mənəvi dəyərlərimizə, İslam əxlaqına qarşı yönəlmiş çox idbar bir məsələdir, vəziyyətdir, təpkidir. Və biz bunu qətiyyətlə pisləyirik. Bu gün Azərbaycanda İslami dəyərlərə bu cür baxılması - bu təkcə Allahsızlıqdan xəbər vermir. Bu eyni zamanda şeytanın (lən.) oyaq və diri olmasından xəbər verir. Biz bu cür baxırıq, belə dəyərləndiririk.

"Dəyərlər"

В этом разделе