Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxindən şok açıqlamalar

Gürcüstan

Artıq Gürcüstanın öz şeyxi var

Yenicə yaradılmış Gürcüstan Müsəlmanları İdarəsi iyunun 12-də baş müfti, şeyx və imam seçib. Baş müfti postunu Camal Paksadze, baş şeyx postunu Vaqif Əkbərov, baş imam postunu Yasir Əliyev tutub. İyunun 14-də baş şeyx Vaqif Əkbərov “Media forum” saytının suallarını cavablandırıb.

- Gürcüstan Müsəlmanları İdarəsini yaratmaqda məqsəd nədir?

- Gürcüstanda müsəlmanlar tək azərbaycanlılardan ibarət deyil. Burada islam dininə etiqad edən acarlar, çeçenlər, ləzgilər də çoxdur. Müxtəlif millətlərdən ibarət müsəlmanların Gürcüstanda dini şurasının yaradılmasına qərar verildi. Həmin şurada məscidlərin axundları və imamları toplaşdı, müsəlmanların öz dini idarəsinin və bir şeyxinin olması qərarına gəlindi. Şuranın toplantısına mənimlə yanaşı daha bir neçə din xadiminin namizədliyi verilmişdi. Səsvermə yolu ilə şeyx seçildim. Özüm barədə məlumat verim ki, Tiflisdə anadan olmuşam və 15 ildir bu şəhərdəki “Cümə” məscidində din xadimi olaraq fəaliyyət göstərirəm.

Gürcüstan müsəlmanlarının çox problemi var. Bu problemlərin həll olunması üçün idarənin yaradılması vacib idi. İndiyə qədər buradakı müsəlmanların hətta kiçicik problemi ortaya çıxanda müxtəlif fikirlər yaranırdı. Bəziləri problemin həlli üçün Azərbaycana, İrana, yaxud Türkiyəyə müraciət etməyin vacibliyini deyirdi. Nəticədə isə heç bir problem həll olunmurdu. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinə yol tapmaq çətinləşmişdi. Ona görə də biz azərbaycanlılar öz idarəmizi yaratmaq və problemlərə yiyə duracaq bir şəxsi seçmək qərarına gəldik. Marneulidən deputat Azər Süleymanov, Gürcüstan ombudsmanının Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi, həmçinin kənd təsərrüfatı nazirinin müşaviri Emil Ocaqquliyev, Kvemo-Kartli regionunun qubernator müavini Hüseyn Yusubov bu idarənin təsisçiləri oldular. Sonra isə bizi bir araya toplayaraq idarə rəhbərliyini seçməli, problemləri birlikdə həll etməli olduğumuzu dedilər. Bu fikrə Gürcüstanda yaşayan azərbaycanlılar, ümumən müsəlmanlar artıq 10-15 ildən çoxdur gəliblər.

Problemlərə dair elementar misal çəkmək istəyirəm. Müsəlman məscidə gəlib suyun olmadığını, namaz qılmağa, ibadət etməyə şəraitin olmadığını görürsə, şikayət etməyə, problemi yoluna qoymağa aidiyyəti qurum axtarır. Gürcüstanda 300-ə yaxın məscid var, amma məscidlərə yiyə çıxan yoxdur. Müsəlmanlar şikayət etdikdə müxtəlif qurumlar ya öhdəliklərindən yayınır, ya da məsələni biri digərinə yönəldir. Məscidlərin elementar sosial problemləri ilə məşğul olacaq qurum olmadığı üçün belə bir idarə yaratmaq qərarına gəldik və indi özümüzə gün ağlamağa çalışırıq. Öz rəhbərimizin, şeyximizin olması və onların din xadimlərini bir araya toplayaraq müvafiq qərarlar, təşəbbüslər göstərməsi problemlərin həllinə kömək edəcək. İlk növbədə məscidlərimizi dövlət qeydiyyatından keçirmək istəyirik. Qanuni ibadət ocaqları kimi öz hüquqlarımızdan yararlanaraq problemlərimizi həll etməyə çalışacağıq.

- Gürcüstan Müsəlmanları İdarəsinin müftisi, şeyxi, imamı seçilib. Bu qurumla bağlı digər hansı təşkilatlanma işləri aparılacaq?

- Mən dünyanın 16-dan çox beynəlxalq təşkilatının üzvüyəm. Məsələn, ATƏT yanında milli azlıqlara qarşı ayrı-seçkiliklə bağlı komitənin üzvüyəm. Bununla yanaşı Gürcüstan Dini Şurası rəhbərinin müaviniyəm və daha bir neçə Avropa təşkilatı ilə əməkdaşlıq edirəm. İndiyə qədər Gürcüstanda yaşayan, müxtəlif vəzifələrdə çalışan din xadimləri toplaşıb problemləri müzakirə etsələr də, statusumuz olmadığı üçün problemlərin həlli istiqamətində konkret addımlar ata bilməmişik. İndi isə artıq işimizi bir idarə olaraq təşkilatlandıracağıq.

- Gürcüstanda azərbaycanlıların və digər müsəlmanların idarəyə münasibəti necədir?

- Üç gündür ki, idarə barədə açıqlamalar ictimaiyyətə yayılmağa başlayıb, artıq Gürcüstanda kənd qalmayıb ki, orada yaşayan müsəlman din xadimi, ağsaqqal, müəllim zəng vurub əlaqə saxlamasın, bizi təbrik eləməsin. Gürcüstanda daha çox azərbaycanlıların yaşadığı Kvemo-Kartli və Şida-Kartli regionlarında ölkə üzrə belə bir idarənin yaranmasına çox böyük maraq göstərdilər, hətta müfti, şeyx, imam seçkilərində xeyli din xadimi iştirak etdi. Demokratik yolla seçki keçirildi.

- Gürcüstanda belə bir qurumun yaradılmasına ölkə rəhbərliyinin reaksiyası necə oldu?

- Mən tiflisliyəm, babalarım da burada yaşayıb. Bizim mentalitetimiz Gürcüstan mentalitetidir, burada tolerantlıq daha çox müşahidə olunur. Bunu xüsusi qeyd etmək lazımdır. Burada katolik, yəhudi, buddist, müsəlman və başqa inanc sahibləri ta qədimdən öz ibadət evləri, ibadət ocaqları ilə kiçik ərazidə, lakin çox sıx şəraitdə, rahat fəaliyyət göstəriblər. Gürcüstan, Tiflis ərazicə çox da böyük deyil, hətta yan-yana həyətdə ayrı-ayrı dinlərə aid ibadət evləri olub, amma çox mehriban dolanıblar. “Cümə” məscidində 15 illik fəaliyyətimdə şahidi olmamışam ki, hər hansı siyasətçi, yaxud hər hansı başqa dinin xadimi bizim daxili problemlərimizə müdaxilə etsin.

Sadəcə, bizim sosial problemlərimizi həll etmək üçün hüquqi problemlərimizin həlli zəruri idi. Çünki hər bir məscid dövlət reyestrindən keçməlidir ki, dövlət orqanları həmin problemlərə müdaxilə edə bilsin. Biz idarə olaraq məscidlərin dövlət qeydiyyatına alınmasına nail olacağıq, daha sonra aidiyyəti dövlət strukturları ilə əməkdaşlıq edərək problemləri həll etməyi planlaşdırırıq. Biz təklif edəcəyik ki, dövlət bizim də problemlərimizlə maraqlansın. Amma yenə də öz problemlərimizi, məsələlərimizi özümüz həll edəcəyik. Hökumətin, yaxud prezidentin bizim işimizə müdaxiləsindən, prezidentin, başqa dövlət xadiminin bizə göstəriş verməsindən söhbət gedə bilməz.

- Azərbaycanda dini icmaların qeydiyyatını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparır. Bəs Gürcüstanda belə orqan hansıdır? Sizin qurumun qeydiyyat üçün hansı idarəyə, quruma müraciət olunacaq?

- Bu işlərlə məşğul olacaq xüsusi qurum yoxdur. Azərbaycan islam ölkəsidir, müxtəlif etnik qurumlarla məsələləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Amma burada belə bir qurum yoxdur.

- Bizdə olan məlumata görə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan təşkilatı 1996-cı ildən fəaliyyət göstərir. Az öncə Gürcüstanda məscidlərin sosial problemlərinin çox olduğunu qeyd etdiniz. Həmin problemlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciətlər edilmişdimi?

- Mən Qafqaz Müsəlmanları İdarəsinin üzvü olmamışam, həmin idarənin Gürcüstanda nümayəndəsi fəaliyyət göstərir. Mən digər mətbuat orqanlarına açıqlamalarımda da qeyd etmişəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa hazıram. Amma bu 16 il ərzində bu idarə Gürcüstanda olan məscidlərin heç birinə yiyəlik etməyib. Allah şeyx Allahşükür Paşazadəyə uzun ömür versin, 16 il ərzində Gürcüstanda yaşayan azərbaycanlılar, yaxud digər müsəlmanlar şeyxin üzünü bir dəfə də olsun görməyiblər. Onlar şeyxi tanımırlar ki, problemlərini də ona çatdırsınlar. Məndə belə məlumat da yoxdur ki, şeyx burada bir adama əl uzadıb. Ola bilsin ki, bir-iki dəfə hər hansı deputatla görüşüb. Mən biləni, Gürcüstan müsəlmanları ilə, onların problemləri ilə şeyxin maraqlandığını sübut edən hər hansı fakt yoxdur. Rusiyada ola bilər. Televiziyada da gördük ki, Rusiyanın prezidenti idi, yoxsa, kim idisə, şeyx onu mükafatlandırırdı. Amma belə bir şey Gürcüstanda olmayıb.

- Gürcüstanda belə bir idarənin yaranmasını Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə etirazla qarşıladı. Şeyx hesab edir ki, Gürcüstan Müsəlmanları İdarəsinin yaranması siyasi xarakter daşıyır və Gürcüstanla Azərbaycan dövlətləri arasında münasibətlərin soyumasına səbəb olacaq. Buna münasibətiniz necədir?

- İnsanın əvvəli və gələcəyi Allahın əlindədir. Həzrət Əlidən soruşurlar ki, haqla batilin mənzili nə qədər olar? İmam Əli dörd barmağını qulağının və gözünün arasına qoyub deyir ki, eşitdiyinə inanma, gözünlə gördüyünə inan. Bilirsiniz necədir, gəlib bizim şəraitimizə baxıb danışmaq lazımdır.

Dünən mənə bir mətbuat işçisi sual verir ki, qutulardakı pul necə olur? Cavab olaraq dedim ki, məni ayın 12-də seçiblər, hələ qutu qurmamışam. Qutu qursam və doldursam, cavabını insanlar qarşısında olmasa da, Allah qarşısında mütləq verəcəm. 1996-cı ildən qutulara yiyəlik edən kim idisə, idarə rəhbərliyi kim idisə, bu sualın cavabını da ondan soruşun. Mən öz işimə, bundan sonra görəcəyim işlərə cavabdehəm. Kim nə deyir desin. Mən illərdir beynəlxalq təşkilatlarla çalışan birisiyəm və idarə barədə məlumat hazırlayıb çox təşkilata, media orqanına göndərmişəm. Çalışıram əvvəldən fəaliyyətimi şəffaf qurum və fəaliyyətim ancaq problemlərin həllinə xidmət göstərsin. Baxmayaraq ki, mənim beynəlxalq təşkilatlarla fəaliyyət göstərməyimə Azərbaycandan ta əvvəldən narazılıqlar olub. Bir daha bildirirəm ki, Gürcüstanda vəziyyət başqadır. Mən bakılıları bura dəvət edirəm. Çünki Bakıda olan situasiya və din ətrafında baş verən məsələlərdən ümumiyyətlə danışmaq istəmirəm, bunu birbaşa özümə təhqir hesab edirəm. Düzdür, mən indi daha diplomatik açıqlamalar verməli və bu qədər açıq danışmamalıyam. Amma açıqlamalar verəndə nəzərə almaq lazımdır ki, qarşı tərəfin də cavabı, arqumentləri var.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda axund Əli Əliyev və imam Yasin Əliyev olmaqla iki nümayəndəsi vardı. Bir faktı vurğulamaq isətyirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin imamı Yasin Əliyev indi bizim yanımızdadır, mənim müavinimdir. O, heç kimə - nə şeyxə, nə Hacı Salman Musayevə hesabat verib və bizim yanımızdadır. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndələri belə burada olan real vəziyyəti görür, dəyərləndirir və ona uyğun addım atır.

В этом разделе