ABŞ İsrailə qarşı bəzi ölkələrin səsini almaq üçün milyonlar xərcləyib
20-30 sentyabr tarixlərində keçirilən BMT-nin 66-cı Baş assambleyasında Fələstin dövlətinin tanınması məsələsində paradoksal vəziyyət yaranıb. Məsələ ondadır ki, MDB-nin müsəlman respublikalarının mövqeləri parçalanıb. Belə ki, İsrailin müsəlman dünyasında əsas strateji tərəfdaşlar sayılan Azərbaycan və Qazaxıstan birmənalı olaraq fələstinliləri dəstəkləyiblər.
Bakı və Astana MDB-nin digər müsəlman dövlətlərindən İsraillə olan əlaqələri ilə fərqlənirlər. İsrailin istifadə etdiyi neftin 90 faizini Azərbaycan və Qazaxıstan təmin edir. Eyni zamanda postsovet məkanında Azərbaycan İsrail hərbi texnikasının əsas idxalçısıdır. Lakin buna baxmayaraq, Rusiya ilə birgə Azərbaycan və Qazaxıstan fələstinlilərin BMT-yə müraciətini dəstəkləyiblər. Hələ bu ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyev paytaxtı Şərqi Qüdsdə olan Fələstin dövlətinin yaradılmasının dəstəklədiyini bildirmişdi. Eyni mövqeyi XİN rəhbəri Elmar Məmmədyarov 24 sentyabr tarixində BMT-də səsləndirdi.
Qazaxıstan rəhbəri Nursultan Nazarbayev də oxşar fikirləri 21 sentyabr tarixli çıxışında deyib. Onun sözlərinə görə, “Fələstin dövlətinin müstəqilliyi olmadığı təqdirdə Yaxın Şərqdə davamlı sülhdən söz gedə bilməz”. İzrus portalının yazdığına görə, Bakı və Astananın bu cür addımları İsrailin xoşuna gəlməsə də, onların bu məsələdə başqa çıxış yolları yox idi. Belə ki, İsrail ilə müsəlman dünyası arasında münasibətlərin gərginləşdiyi bir vaxtda “sionistlərlə” sıx əlaqədə olmaları barədə ittihamlar qarşısında “reabilitasiya” olunmaq üçün bu cür addımın atılması qaçılmaz idi. Bundan əlavə, Bakı və Astananın Türkiyə və İranla münasibətləri daha böyük strateji əhəmiyyətə malikdir, nəinki uzaq İsrail-Fələstin məsələsi.
Maraqlıdır ki, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan fələstinliləri dəstəkləməyib. Halbuki Aşqabad və Düşənbə İranın Mərkəzi Asiyadakı strateji tərəfdaşıdır. Portal onu da bildirir ki, İranın Cənubi Qafqazdakı strateji tərəfdaşı məhz Ermənistandır.
Qeyd edək ki hələ 2009-cu ildən başlayaraq, Özbəkistan fələstinlilərə dəstək nümayiş etdirib. Həmin ilin oktyabrında Fələstin muxtariyyətinin XİN rəhbəri Riada əl-Maliki Daşkəndə səfər edib. Bu vaxtadək İsrail XİN rəhbəri Aviqdor Liberman iki dəfə Qazaxıstana və bir dəfə də Azərbaycana gəlib, lakin bir dəfə də Özbəkistana dəvət olunmayıb. 2010-cu ilin iyununda isə Özbəkistan birmənalı olaraq İsrail dövlətinin Mavi Mərmərəyə qarşı güc tətbiqini pisləyib. Tacikistan və Qırğızıstan isə ümumiyyətlə İsrail ilə heç bir əlaqə saxlamır, əksinə yeni qırğız prezidenti Roza Otunbayeva Türkiyə və İranla münasibətləri dərinləşdirir.
İranın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Türkmənistan Tehran ilə enerji münasibətlərini inkişaf etdirməkdədir. Prezident Q.Berdımuhəmmədov Saparmurat Niyazovun hakimiyyətdə olduğu vaxtdan ölkədə fəaliyyət göstərən “Merxav” şirkətinin fəaliyyətini dayandırmışdı. Eyni zamanda, iranlıların təzyiqi ilə rəsmi Aşqabad ölkədə İsrail səfirliyini aça bilməyib.
O ki qaldı Ermənistana, 23 sentyabr tarixli çıxışında Serj Sərkisyan Fələstin məsələsinə toxunmayıb. Lakin çıxışdan əvvəl və sonra ABŞ rəsmisi USAİD təşkilatı vasitəsi ilə Ermənistana 17 milyon dollar ayırdığını bildirib. Həmçinin deyib ki, 2012-ci ildə Ermənistana daha 40 milyon dollar yardım ediləcək.
Eyni ssenari ilə amerikalılar Özbəkistanın səslərini “alıblar”. Məlum olub ki, 2012-ci ildə Amerika Daşkəndə 14 milyon dollara yaxın maliyyə dəstəyi edəcək. Dövlət Departament rəsmi olaraq bildirib ki, Düşənbəyə də donor köməyi davam etdiriləcək.
Qeyd edək ki, Tacikistana daxil olan humanitar yardımın 55 faizini ABŞ təmin edir. 21 sentyabr tarixində Qırğızıstan prezidenti Roza Otunbayeva Dövlət katibi Hillari Klintonla görüşüb. Görüşdə “Manas” aeroportunun tranzit qismində işlənilməsi üçün illik 60 milyon dollar məbləğinin ödənilməsi məsələsinin qüvvədə qaldığı bəlli olub. 26 sentyabr tarixində isə ABŞ İşgüzar şurasının sədri Erik Stüart prezident Berdımühəmmədovla görüşüb. Nəticədə “tərəflər genişmiqyaslı transmilli layihələrinin həyata keçirilməsinə” qərar veriblər.
Hamlet ƏRƏSTUNOĞLU /Yeni Müsavat/