Əsgər komandirini, əsgər yoldaşını və özünü güllələdi

Naxçıvanda xidmət edən Kamil İsayev evə dönməyə bir ay qalmış təhqirlərə dözməyib silaha əl atdı
Azərbaycan ordusunda daha bir dəhşətli faciə baş verib. Müdafiə Nazirliyinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər İsayev Kamil Mahir oğlu əvvəlcə öz komandirini və əsgər yoldaşını, sonra isə özünü güllələyib. Bu qanlı olay mayın 29-da səhər saat 11:00 radələrində hərbi hissənin ərazisində baş verib. İnsidentin konkret olaraq hansı şəraitdə yaşandığı hələ bəlli deyil. Bu barədə “Yeni Müsavat”a qanlı qırğını törədən mərhum əsgərin yaxınları məlumat verib.
Onların sözlərinə görə, Kamil İsayevin cənazəsi dünən - mayın 30-da Naxçıvandan gətirilərək doğulduğu Ucar rayonuna aparılıb və Qaracallı kəndində dəfn edilib. Qohumlarının iddiasına görə, Kamili bu qanlı cinayətə sövq edən yeganə səbəb ordudakı dərəbəylik, özbaşınalıq və “dedovşina” olub: “Onun hərbi xidmətini başa vurmasına cəmi bir ay qalırdı, iyulun əvvəlində hərbi xidmətini başa vurub qayıdacaqdı. 1 il 5 ay idi ki, orada xidmət edirdi. Amma vəziyyətindən əvvəllər də narazılıq edirdi, deyirdi ki, yerim pisdir, məni burada incidirlər. Ən çox da komandirindən gileylənirdi. Bizə çatan məlumata görə, birinci vurduğu da elə şikayətçi olduğu komandiri olub. Sonra komandirlə birləşərək onu incidən, təhqir edən əsgər yoldaşını güllələyib. Onların yerə yıxıldığını görəndə elə bilib öldülər, sonra da özünü güllələyib. Kamilgilin evlərinə zəng vuran adamlar belə deyib. Biz də hələlik yalnız bunları bilirik”.

Bu xəbəri qəzetimizlə bölüşən mənbələrdən onu da öyrənə bildik ki, əsgərin güllələdiyi digər iki hərbi qulluqçunun heç biri ölməyib. Amma onlar ağır yaralıdır və Naxçıvan şəhərindəki mərkəzi hospitala yerləşdiriliblər. Onların ad-soyadını dəqiqləşdirmək səylərimiz nəticə vermədi. Məlumat redaksiyamıza çox gec daxil olduğu üçün onu Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək mümkün olmadı.

Mərhumun yaxınlarından yalnız bunu öyrənə bildik ki, evin böyük oğlu olan Kamil İsayev çox sakit, tərbiyəli və istedadlı gənc olub: “Əsgərliyə getməzdən qabaq sənədlərini Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə vermişdi. Qəbul olunmağa cəmi 4 balı çatmadı. Böyük arzuları vardı. Ali təhsil almaq istəyirdi. Ordudakı özbaşınalıq hamısının üstündən xətt çəkdi”.

Xatırladaq ki, bu faciə ordumuzda son günlər ərzində yaşanan ikinci belə qanlı qırğındır. Bir neçə gün öncə Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda da bir əsgər onu incidən hərbi qulluqçuları güllələmiş, nəticədə 4 nəfər ölmüş, biri isə yaralanmışdı.musavat.com

В этом разделе