Ermənistanda müharibə xofu

Müxalifətçilər Qarabağda dəhşətli savaşın qarşısını almaq üçün hakimiyyətdən növbədənkənar seçkilər istəyir

“Bu il Qarabağda ağır və dəhşətli müharibə gözlənilir.” Belə bəyanatla Ermənistanda müxalif Liberal Partiyasının lideri Ovanes Ovanesyan çıxış edib. O deyib ki, Qarabağda müharibə qaçılmazdır. Ovanesyana görə, bu müharibə ildırımsürətli olmayacaq, uzun çəkəcək və dəhşətli nəticələrə səbəb olacaq: “Nə qədər gec deyil, hakimiyyət bu müharibə ərəfəsində növbədənkənar seçkilərə getməlidir. Ermənistanda siyasi elitanın dəyişməsi lazımdır. Yeni siyasi elita Qarabağa dair danışıqları sıfırdan başlamalıdır”. Ovanesyan əlavə edib ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsində öz imkanlarını tükədib.

“Onların apardıqları danışıqlar buna gətirib çıxarıb ki, indi biz müharibə astanasındayıq. Müharibədən qaçmağın yeganə yolu siyasi elitanın dəyişməsidir”. Erməni müxalifət lideri əlavə edib ki, ötən il ATƏT-in Astana sammitindən sonra beynəlxalq ictimaiyyət danışıqlar prosesinin dalana dirəndiyinə əmin oldu. Münaqişənin nizamlanmasına yönələn səylər nəticə vermədi və  beynəlxalq ictimaiyyət bunu dərk etdi.
Parlamentdə təmsil olunan “İrs” Partiyasının sədr müavini Ruben Akopyan da hesab edir ki, Ermənistanda növbədənkənar seçkilər labüddür. Onun fikrincə, prezident Sərkisyan bu ilin may ayından gec olmayaraq növbədənkənar parlament seçkiləri barədə qərar verə bilər. Erməni siyasətçisi bildirib ki, Qarabağ məsələsində hakimiyyətə təzyiqlər artır. Digər tərəfdən, Ermənistan demokratikləşmə proseslərinin yolunu açmadığına görə beynəlxalq ictimaiyyətdə mövqelərini əldən verir. Akopyan “Freedom House” təşkilatının bu günlərdə dünyada azadlıqların vəziyyətinə dair illik hesabatında Dağlıq Qarabağı “qeyri-azad ərazi” adlandırmasını da İrəvanın mövqelərinə ciddi zərbə sayır. Onun fikrincə, hesabatda verilən bu qiymət Ermənistan üçün mənfi nəticələrə səbəb olacaq.
Ölkənin əsas müxalifət təşkilatı olan Ermənistan Ümummilli Hərəkatında isə hesab edirlər ki, münaqişənin nizamlanmasının yeganə yolu qarşılıqlı güzəştlərdir. Təşkilatın mövqeyinə görə, münaqişənin nizamlanması ancaq o zaman mümkün olacaq ki, hər iki tərəf razılaşdırılmış sülh variantını öz qələbəsi hesab edə bilsin. Bununla belə, hərəkat indiki hakimiyyətin danışıqlarda mövqeləri əldən verdiyini də qeyd edib. Ermənistanda siyasi böhranın yetişdiyi barədə bu ölkənin Politoloqlar Assosiasiyası da xəbərdarlıq edir. Assosiasiyanın rəhbəri Amayak Ovanesyan deyib ki, növbədənkənar seçkilərə getmək hakimiyyətin özünün də marağındadır. Çünki hakim koalisiya daxilində ciddi ziddiyyətlər var. Erməni politoloqlarının ssenarisinə görə, hakimiyyət yaranmış vəziyyəti nəzərə alaraq bu ilin yazından gec olmayaraq parlamentə yeni seçkilər keçirməli olacaq.
Ermənistan prezidenti Serj Sərkisyan da Qarabağda müharibə təhlükəsi barədə danışıb. Ermənistanın ənənəvi müttəfiqi olan yunan Kiprinə səfəri zamanı o deyib ki, Azərbaycan “yeni hərbi təcavüzə” hazırlaşır.  Sərkisyan deyib ki, “Ermənistana qarşı düşmən təbliğatı” və ordunu möhkəmlətməsi Azərbaycanın “sülhə hazır olmadığını” göstərir. Sərkisyanın sözlərinə görə, Azərbaycanın “ermənifobiya və aqressiv davranışı təsdiq edir ki, Qarabağın Azərbaycanla heç bir gələcəyi yoxdur”. Ermənistan mətbuatının yazdığına görə, Serj Sərkisyan azərbaycanlı həmkarını Ermənistan torpaqlarına iddia etməkdə ittiham edib: “...Mənim azərbaycanlı həmkarım bəyan edir ki, ölkəmin böyük hissəsi Ermənistana Azərbaycan tərəfindən hədiyyə edilib və bizim paytaxtımız Yerevan Azərbaycan şəhəridir”. Ermənistan prezidenti Türkiyəni də ittiham edib. O deyib ki, Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması razılaşmasını məhv edib. Serj Sərkisyan Kipr parlamentində etdiyi çıxışında bəyan edib ki, Türkiyənin ziddiyyətli mövqeyi, qeyri-sabit bəyanatları və prosesi əsassız manipulyasiya etməsi 2009-cu ilin oktyabrında əldə edilmiş sərhədlərin açılmasına dair razılaşmaya son qoyub.
Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev hökumətin müşavirəsi zamanı çıxışında Ermənistana sərt mesajlar verərək deyib ki, silahlı qüvvələr işğal edilmiş əraziləri azad etmək üçün hər an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Prezidentin sözlərinə görə, düşmən Azərbaycanın hərbi qüdrətinin artdığını görür və qorxudan əsir./Yeni Musavat/

В этом разделе