Ərdoğan əsas seçki hədəfinə çata bilmədi

Rəcəb Təyyib Ərdoğan

Türkiyədə hakim partiya yenə təkbaşına iqtidar olacaq, amma konstitusiyanı təkbaşına dəyişə bilməyəcək

Türkiyədə ötən bazar günü keçirilən parlament seçkilərinin nəticələrinə görə, səslərin təxminən yarısını toplamağa nail olan hakim Ədalət və İnkişaf Partiyası digər əsas hədəfinə çata bilmir. Belə ki, AKP-nin topladığı səslərin faizi artsa da, partiyanın parlamentdə qazandığı yerlərin sayında azalma var. Yüksək Seçki Kurumunun tətbiq etdiyi yeni hesablama qaydalarına əsasən, AKP parlamentdəki 550 millət vəkili yerinin 326-nı qazana bilir. Ötən seçkilərdə isə AKP-nin qazandığı mandatların sayı 341 idi.

Beləliklə, yerlərin bölünməsi nisbətinə əsasən hakim partiyanın bu seçkilərdə əsas hədəf kimi qarşıya qoyduğu konstitusiyanı təkbaşına dəyişdirmək planı reallaşmayacaq. AKP-nin seçki hədəfləri arasında ölkənin yeni konstitusiyasının qəbul edilməsi də yer alırdı. Lakin hakim partiyanın qazandığı yerlər buna imkan vermir. Türkiyədə əsas qanuna parlamentdə düzəlişlər həyata keçirmək üçün üçdə iki səs çoxluğu lazımdır. Düzəlişləri referenduma çıxara bilmək üçün isə parlamentdə azı 330 millət vəkilinin dəstəyi tələb olunur. Beləliklə, AKP yeni konstitusiyanın hazırlanması və qəbulu üçün müxalifətlə əməkdaşlığa getməli olacaq. Artıq baş nazir Ərdoğan bu məqsədlə ana müxalifət partiyası ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.
Seçkilərin nəticələrinə əsasən, ana müxalifət partiyası CHP səslərini artıra bilib, ancaq partiyanın yeni lideri Kamal Kılıçdaroğlu 30 faizdən çox səs toplamaq məqsədinə nail ola bilməyib. Bununla belə, 2007-ci ildə keçirilən seçkilərə nisbətən CHP-nin qazandığı səslər 3.5 milyon çoxdur. Həmçinin ana müxalifət partiyası parlamentdə yerlərin 136-nı qazana bilib və millət vəkili sayını artıran tək partiya olub. Bu seçkilərdə ən güclü hücumlara məruz qalan MHP üçün də seçkilərin nəticələri nisbətən qaneedici sayıla bilər. Milliyyətçi hərəkat bütün hücumlara baxmayaraq, seçki baryerini keçə bilib, elektoral dəstəyini artıra bilməyib. Nəticələrə əsasən, MHP-nin ötən seçkilərə nisbətən qazandığı mandatların sayı azalaraq 54-ə düşüb.
Mətbuat yazır ki, AKP-də səslərin yarısını qazanmalarına baxmayaraq mandat saylarının azalması ciddi məyusluq doğurub və nəticələr bu baxımdan hakim partiya üçün gözlənilməz olub. Həmçinin seçkinin nəticələrinin təhlili göstərir ki, bu dəfə ölkənin kürdlər yaşayan cənub-şərq bölgələrində AKP-yə dəstək azalıb. Hakim partiyanın ötən iki iqtidar dövründə kürdlərin maraqlarını tam təmin edə bilməməsi burada əsas rol oynayıb. Kürd bölgəsindən Hakkari, İqdır və Tuncelidə AKP bir nəfər də millət vəkili çıxara bilməyib. Kürdlər səslərini əsasən BDP-dən olan müstəqil namizədlərə veriblər. Bununla da parlamentdə PKK yönümlü kürd partiyasının yerlərinin sayı ötən seçkilərə nisbətən artıb. Həmçinin PKK-ya dəstək verdikləri üçün həbsdə olan kürd namizədlərdən 6-sı millət vəkili seçilib və onlar parlamentə həbsxanadan girəcəklər.
“Ergenekon” işi üzrə həbsdə olanlardan bəziləri də millət vəkili seçilib. Bunlar məşhur professor Mehmet Haberal, “Akşam” qəzetinin yazarı Mustafa Balbaydır. “Ergenekon” işi üzrə barələrində istintaq gedən keçmiş Ərzincan prokuroru İlhan Cihaner və Ankara Ticarət Odasının rəhbəri Sinan Aygun da CHP-dən millət vəkili seçiliblər. PKK lideri Abdulla Öcalanın Keniyada yaxalanıb Türkiyəyə gətirilməsi əməliyyatına rəhbərlik edən, Bakıdakı Türkiyə səfirliyinin keçmiş hərbi attaşesi və xüsusi təyinatlı qüvvələr generalı Engin Alan da MHP-dən seçilib. O, “Balyoz” iddiası ilə həbsdə idi./Yeni Müsavat/

В этом разделе