Elçin Əsgərov ilə "Mənəvi Saflıq" jurnalının apardığı müsahibə
- Elçin müəllim, Siz uzun illər Dini Araşdırmalar Mərkəzinə rəhbərlik etmisiniz. Sizcə, Respublikamızda dini vəziyyəti necə səciyyələndirmək olar?
- Azərbaycanda dini durumun inkişafını 3 mərhələyə bölərdim:
1. 1991-1997. Bu həmin dövr idi ki, SSRİ-nin süqutundan sonra Azərbaycanda yaranmış müvəqqəti ideoloji boşluqdan istifadə edən bir sıra xarici, Azərbaycan üçün qeyri-ənənəvi təriqətlər ölkənin ideloji fəzasına nüfuz edərək təbliğə başladılar. Ölkəmizə çoxsaylı missioner təşkilatları, "quru" və "din xadimləri" gəldilər. Onların fəaliyyət istiqamətləri də tam fərqli idi. Bu gün Azərbaycanda mövcud olan əksər qeyri-ənənvi cərəyanların təməli də məhz həmin dövrdə qoyuldu və formalaşdı. O zamanlar iyirmiyə yaxın Azərbaycan üçün qeyri-ənənəvi missioner təşkilatı yaranmışdı. Onların bəziləri qeydiyyatdan keçmiş, digərləri isə qeyri-leqal fəaliyyət göstərirdilər.
Bundan əlavə, Azərbaycan üçün ənənəvi olmayan İslam cərəyanları da mövcud idi. Bir sözlə, çox qarışıq dövr idi. Bakının mərkəzində, demək olar ki, elə bir zal, klub qalmamışdı ki, həmin tipli təriqətlər tərəfindən icarəyə göturulub təbliğat mərkəzinə çevrilməsin. Bütün bünlara imkan yaradan isə, əlbəttə, onların çox yüksək maliyyə imkanları idi. Amma 1997-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərə dini təbliğat aparmaq qadağan olundu. Bundan sonra vəziyyətin normallaşması başlandı.
2. 1997-2001. Bu dövrdə Azərbaycanda dini durumla bağlı fəaliyyət göstərən ayrıca bir qurum yox idi. Qeydiyyat məsələləri də Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi. Buna rəğmən həmin illər ərzində vəziyyət xeyli müsbət tərəfə dəyişdi. Bir sıra arzuolunmaz xarici din xadimləri, totalitar tipli missioner təşkilatları və təriqətlər ölkədən xaric edildilər.
3. 2001-ci ildən sonrakı dövr. Həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandı və artıq Azərbaycanda dini durumla bağlı fəaliyyət göstərən ixtisaslaşmış orqan işə başladı. Bundan sonra dini sahədə daha məqsədyönlü fəaliyyət aparılmağa başladı.
Bu gün dini durumu necə səciyyələndirmək olar? Deyərdim ki, artıq bu sahədə stabillik var. Təbii ki, problemlər də var. Sirr deyil ki, indi də Azərbaycan üçün qeyri-ənənəvi və arzuolunmaz radikal dini strukturlar fəaliyyətlərini sürdürürlər. Bunu o fakt sübut edir ki, indiyə qədər ölkəmizin hüquq mühafizə orqanları tərəfindən bir neçə ekstremist qruplaşmalar zərərsizləşdiriliblər.
Zənnimcə, zaman ötdükcə, Azərbaycan qüdrətləndikcə, bu sahəyə daha böyük sayda mütəxəssislərin cəlb edilməsi ilə vəziyyət daha da yaxşılaşacaq.
- Respublikamızda ilahiyyat elmləri üzrə dərin biliklərə sahib çox az mütəxəssislərimiz var. Mütəxəssis olmadıqda isə, şübhəsiz ki, maarifçilikdən danışmaq olmaz. Sizcə, dini biliklər almaq istəyən vətəndaşlarımız üçün ilk növbədə hansı şərait yaradılmalıdır? Hansı addımlar atılmalıdır? Bu sahədə konkret təklifləriniz varmı?
- Ümumiyyətlə dini maarifləndirmə və təhsili iki istiqamətə bölmək olar:
1. Bütün təbəqələrə, xüsusən də yeniyetmə və gənclərə istiqamətlənmiş dini maarifləndirmə. Zənnimcə burda əsas iş orta məktəblərdən başlayaraq aparılmalıdır. İctimaiyyət tez-tez qeyri-ənənəvi təriqətlərin Azərbaycana gələrək, gənclərimizi radikallığa yönəltmələrindən və yaxud gənclərimizin başqa dini qəbul etmələrindən gileylənir. Amma az adam başa düşür ki, bunun əsas səbəbi həmin vətəndaşlarımızda öz dinləri haqqında kifayət qədər biliklərin olmamasıdır.
2. Xüsusi təyinatlı təhsil müəssisələrində gələcək din xadimlərinə istiqamətlənmiş təhsil.
Ancaq mən, sizin fikrinizə rəğmən, hesab etmirəm ki, Azərbaycanda dini bilikləri olan insanlar azdırlar. Bizim Komitənin ötən il apardığı təhlillər nəticəsində müəyyənləşdi ki, hazırda ölkəmizdə xaricdə dini təhsil almış 1000-ə yaxın mütəxəssis var. Sadəcə olaraq onların daha effektiv istifadəsi reallaşmayıb. Bu ən böyük problem olaraq qalır.
- Övladlarımız nə zaman məktəblərdə öz dinləri, mənəvi dəyərləri haqda biliklər almağa başlayacaqlar? Buna nə mane olur?
- Bu məsələ çoxdan aktualdır. Problem 1997-98-ci illərdən ictimayyətin diqqət mərkəzində saxlanılır. O zaman, 1998-ci ilin yanvarında Azərbaycanda ilk dəfə olaraq mənim o zaman çalışdığım Dini Araşdırmalar Mərkəzi tərəfindən orta məktəblər üçün nəzərdə tutulmuş "Biz İslamı öyrənirik" adlı tədris vəsaiti çap edildi. Əvvəl Təhsil Nazirliyinin Elmi-Pedaqoji Şurası, daha sonra isə Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası həmin kitaba tədris vəsaiti kimi müsbət rəy verdi. Sonralar bu tipli daha bir neçə kitab çap edildi və bunların arasında DQİDK-nın sədri, prof. R.Əliyev tərəfindən yazılmış və orta məktəb ehtiyacını ödəyə biləcək "İslam", "Dinin Əsasları" kimi, daha sonra yenə mənim və Natiq Rəhimovun müştərək müəllifliyimiz ilə yazılan "İslamın əsasları: fəlsəfə, tarix və əxlaq baxımından" kimi kitablar vardır.
Lakin məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyi ondan ibərtdir ki, orta məktəblərdə din ayrıca fənn olaraq tədris edilməməlidir. DQİDK isə bir qədər fərqli mövqedən çıxış edir. Biz hesab edirik ki, artıq orta məktəblərdə yeniyetmə və gənclərə dini biliklərin əsasları çatdırılmalıdır. İndiyə qədər bu istiqamətdə bir sıra işlər aparılıb, dərsliklər çap edilib. Ancaq Təhsil Nazirliyi problemin müsbət həll edilməsini texniki cəhətdən mümkünsüz hesab edir, dərslik və kadr çatışmazlığı məsələlərini önə çəkir. Ötən ay isə Prezident "Gənclər siyasəti haqqında" fərman imzalayıb. Həmin fərmanda milli-mənəvi dəyərlərin orta məktəblərdə dərs zamanı və dərsdən əlavə tədris edilməsi haqqında maddə mövcuddur. Bu maddənin icrası DQİDK, Gənclər, İdman və Turizm Nazirliyi və Təhsil Nazirliyinə həvalə edilib. Artıq bu istiqamətdə də əməli tədbirlər görülüb. Komitənin kollegiyasında qərara alınıb ki, həmin maddənin icrası ilə bağlı mühazirələr təşkil edilsin, orta məktəb müəllimləri üçün müəyyən kurslar və treninqlər keçirilsin. Bu barədə həm Təhsil Nazirliyi, həm də AGİTN-ə müraciət olunacaq və yəqin ki, müştərək bir proqram tərtib ediləcək.
- Bəzi dövlət idarələrində əqidəsinə görə başlarını bağlayan xanımlar maneələrlə rastlaşırlar. Sizcə, bu problemin həlli yolları nədən ibarətdir?
- Bu problem birbaşa "Dini etiqad azadlığı haqqında" qanunun pozulması deməkdir. Azərbaycanda hər bir kəs dini ayinləri istədiyi kimi icra edə bilər. Əgər xanımı hicablı olduğu üçün işdən və yaxud təhsil müəssisəsindən kənarlaşdırıblarsa, o məhkəmələrə müraciət edə bilər. Bu barədə təhsil naziri də mövqeyini bildirmişdi və vahid məktəb forması olmadığı üçün başını örtdüyünə görə şagirdlərin məktəbə buraxılmamasını yolverilməz adlandırmışdı. Bir neçə il öncə oxşar problem Bakı Dövlət Universitetində meydana gəlmişdi. O zaman da Prezident Aparatının Humanitar Siyasət şöbəsinin rəhbəri mətbuatda mövqeyini açıqlayaraq, hicablı xanımların auditoiyaya buraxılmamasını pisləmişdi.
- Hələ də bir çox məscidlərimiz, ibadət yerlərimiz dini biliklərdən uzaq olan şəxslərin nəzarəti altındadır. Bu xoşagəlməz hallar nə zamanadək davam edəcək?
- Məscidlərə imamları və axundları Qafqaz Müsəlmanları İdarəsi təyin edir. QMİ-nin də qazilər şurası, elmi-dini şurası var. Yəqin ki, belə təyinatlardan öncə məhz bu şuralarda onların savad dərəcəsi yoxlanılmalı və müəyyən edilməlidir. DQİDK-nın bu məsələyə müdaxilə etməsi salahiyyətləri xaricindədir. Hər halda arzu edərdim ki, QMİ bu sahədə bir qədər diqqətli olsun.
- Türkiyənin bir çox ölkələrdəki səfirlikləri daxilində din işləri müşavirliyi fəaliyyət göstərməkdədir. Bu idarə xaricdə yaşayan Türkiyə vətəndaşlarının dini tələbatlarını icra etməyə yardım göstərir. Məlumdur ki, xarici dövlətlərdə 2 milyondan artıq Azərbaycan vətəndaşı yaşayır. Bunların əksəriyyəti Rusiyadadır. Sizcə, bizim səfirliklərimizdə də bu kimi bir qurumun fəaliyyət göstərməsi məqsədəuyğun olmazdımı?
- Bilirsiniz, siz qeyd etdiyiniz hal əksər ölkələrə xas deyil. Məsələn, hətta İran kimi teokratik dövlətin səfirliklərində dini attaşe vəzifəsi yoxdur. Dini attaşe praktikası, əsasən Türkiyə Respublikası tərəfindən tətbiq edilir. Amma bir faktı unutmaq olmaz ki, Türkiyə 70 il ərzində Sovet ateist rejimində yaşamayıb. Bu ölkədə əhali heç vaxt dinindən kənarlaşdırılmayıb və böyük hissəsi də dindardır və dini ənənələrinə sadiqdir. Eyni zamanda Türkiyədə bu sahəni nəzarətdə saxlayan xüsusi bir nazirlik mövcuddur. Türkiyə səfirliklərindəki dini attaşelər də məhz həmin qurum tərəfindən təyin edilirlər. Azərbaycanda isə belə masştablı təşkilat yoxdur. DQİDK-nın imkanları kifayət qədər deyil. Eyni zamanda QMİ-nin maliyyə imkanları da məhduddur. Ancaq səfirliklərimizdə mədəniyyət attaşeləri var ki, onlar bu məsələləri də nəzarətlərində saxlayırlar.
- Bu yaxınlarda Komitə yanında Dini Ekspertlər Şurası yaradılmışdır. Bu haqda oxucularımıza məlumat vermənizi istərdik.
- Şuranın ilkin tərkibi 15 nəfərdən ibarət nəzərdə tutulsa da, bu tərkibin mütamadi olaraq artırılacağı nəzərdə tutulur. Şuranın fəaliyyəti 4 istiqamətdə aparılacaq:
1. Dini maariflənmə işində "pərakəndəlikdən təşkilatlanmaya" sistemini yaratmaq;
2. Müxtəlif təmayüllü dini icmaları ölkədə mövcud olan sosial problemlərin həllinə cəlb etmək;
3. Dinlər, dini konfessiyalar və müxtəlif məzhəb ardıcılları arasında dözümlülük, tolerantlıq və konstruktiv əməkdaşlıq münasibətlərinin formalaşmasına yardım göstərmək;
4. Dini mövzuda yazan KİV-in monitorinqini apararaq bu barədə cəmiyyəti məlumatlandırmaq.
Şuranın işinə üzvlər arasından seçilmiş Sədr rəhbərlik edəcək və Şuranın fəaliyyəti Dövlət Komitəsinin rəhbərliyi tərəfindən koordinasiya ediləcəkdir.
- Sovetlər dövründə dindarların əllərindən alınmış bir çox məscidlərimizin hələ də qapısı qıfıllıdır. Bu məscidlərin yenidən dindar əhaliyə qaytarılmasını gözləmək olarmı?
- Azərbaycan hökumətinin hələ müstəqilliyin ilk dövrlərində belə bir qərarı var idi ki, dini məqsədli binalar öz əvvəlki istifadəsinə qaytarılsın. Nəticədə sovetlər dönəmində müsadirə edilən məscidlərin böyük əksəriyyəti dini ayinlərin icrası üçün geri qaytarılıb. Bəzi məscidlər isə tələb edilmədiyi üçün qıfıllı qalıblar. Onların hamısı hazırda Mədəniyyət Nazirliyinin balansındadırlar. Ancaq hər hansı bir qeydiyyatdan keçmiş dini icma məscidin saxlanmasına və qorunmasına zəmanət verərsə, bu xahişlə müraciət edə bilər. Artıq bir neçə analoji təkliflər daxil olub və hazırda bu məsələlər üzərində iş aparılır. DQİDK bütün bunlara müsbət münasibətdədir.
- İşlərinizdə Sizə müvəffəqiyyətlər diləyirik!