Dini liderlər Qarabağ düyününü aça bilərlərmi?

Arif Yunus: “Dini liderlərin bu münaqişədə rolu o zaman ola bilərdi ki, o cəmiyyətlərdə Allaha inam, dini liderlərin nüfuzu çox olaydı”

Qarabağ münaqişəsinin nizamlanmasında din xadimlərinin rolu, ruhanilərin sülhün əldə olunmasına dəstək verməsi mövzusu zaman-zaman gündəmə gəlib. Ötən dövrdə Azərbaycan və Ermənistan dini liderləri arasında bir neçə dəfə görüşlər keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə erməni katolikosu II Qaregin arasında keçirilən görüşlərdə sülhün əldə olunması imkanları ilə yanaşı əsirlərin dəyişdirilməsi, cəsədlərin qaytarılması kimi məsələlər müntəzəm olaraq gündəmə gətirilib.

Ümumilikdə, bir sıra siyasi müşahidəçilər Azərbaycan və Ermənistan dini liderləri arasında baş tutan təmasları “xalq diplomatiyası”nın mühüm elementi kimi dəyərləndirirlər. Hesab olunur ki, öz ölkələrində nüfuz sahibi olan ruhani liderlər münaqişə halındakı xalqlar arasında barışığın əldə olunmasına böyük töhfələr verə bilərlər. Xatırladaq ki, buna qədər Rusiya patriarxının təşəbbüsü ilə Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü olmuşdu. Eyni zamanda ötən il Bakıda dini liderlərin toplantısında Ermənistan katolikosu da iştirak etmişdi. Hələlik dini liderlərin görüşlərinin sülh prosesinə hər hansı təsiri hiss olunmasa da bu görüşlərin effektivliyinə inananlar da var.

Hacı İlqar İbrahimoğlu: “Bütün sülh danışıqlarının ana xətti o olmalıdır ki, bir müsəlman torpağı işğal olunub”

Ancaq dini liderlərin münaqişənin həllində rolu ilə bağlı fikirlər heç də birmənalı deyil. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu dini liderlərin Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyini inkar etmir. Ancaq DEVAMM sədrinin fikrincə, Qarabağ işğal olunmuş müsəlman torpağıdır və bu torpaqların hər hansı yolla olursa olsun azad edilməsi əsas xətt kimi götürülməlidir: “Qarabağ münaqişəsinin həllində mühüm nöqtə ondan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunub. Qarabağ müsəlman torpaqlarıdır və bu mənada müqəddəsdir, heç bir halda kiminsə tərəfindən işğala məruz qalmamalıdır. Bütün müsəlman ümməti üçün də bu xarakteri daşımalıdır. Müqayisə olaraq deyə bilərik ki, müsəlman ümmətinin Fələstinlə bağlı yanaşması eyni ilə Qarabağ münaqişəsinə olmalıdır”.
Bununla yanaşı Hacı İlqar sülh danışıqlarında ruhanilərin iştirakını normal qarşılayır: “Hesab edirəm ki, münaqişənin həlli ilə bağlı bütün mümkün variantları istisna etmək olmaz, xoş mərama xidmət edən bütün səylər məqbuldur, qəbul ediləndir. Ancaq bütün sülh danışıqlarının, müzakirələrin ana xətti o olmalıdır ki, bir müsəlman torpağı işğal olunub. O torpaqlar ya danışıqlar yolu ilə geri qaytarılacaq, ya da şəhid qanı ilə. Biz hesab edirik ki, danışıqlar, müzakirələr həmişə açıq olmalıdır. Amma eyni zamanda heç zaman unudulmamalıdır ki, danışıqlar faydasız olarsa, nəhayətdə inancımızın hökmünə əsasən torpaqlarımızı geri qaytarmaq haqqına sahibik. Biz düşünürük ki, müzakirələr hər zaman açıq olmalıdır, dini liderlər də müzakirələrə qatılmalıdır. Ancaq bu müzakirələrin bir xətti olmalıdır ki, işğalçı geri çəkilsin. Bu olmayacaqsa, bizim üçün İmam Hüseynin (ə) şəhadət məktəbi var”.

Elşən Mustafaoğlu: “Eçmiədzin kilsəsi rəsmi İrəvanın işğalçılıq siyasətinin ruhani himayədarı kimi çıxış edir”

AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Elşən Mustafaoğlunun fikrincə, münaqişənin həllində din xadimlərinin böyük rolu ola bilər. Ancaq E.Mustafaoğlunun qənaətinə görə, müəyyən siyasi amillər bun mane olur: “Münaqişələrin həllində din amili mühüm rol oynaya bilər. Bu, inkaredilməzdir. Tarix də buna şahiddir, gerçəkliyimiz də. İslam dininin hökmlərinə istinad etsək, burada çoxlu sayda nümunələr görə bilərik. Məsələn, Qurani-Kərimdə ”Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizlə düşmən ikən O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi" deyə buyurulur. Bu ayədə dinin cəmiyyəti birləşdirici, qardaşlaşdırıcı missiyasına işarə edilir. Din - birləşdirici faktordur. Onu parçalanması üçün vasitə etmək Allah qarşısında ən böyük günahlardandır".
E.Mustafaoğlunun sözlərinə görə, Ermənistanda rəsmi dövlət siyasətinin bir parçasına çevrilmiş erməni kilsəsinin sülh prosesində səmimi olması mümkün deyil: “Eçmiədzin kilsəsi bu gün rəsmi İrəvanın apardığı işğalçılıq siyasətinin ruhani himayədarı kimi çıxış edir. Zorakılığı, qətliamları, yüz minlərlə insanın öz yurdundan didərgin düşməsini dəstəkləyir və s. Halbuki bunların heç birinin həqiqi dinlə zərrə qədər də əlaqəsi yoxdur. Müsəlman olsun, xristian olsun, yəhudi olsun - fərq etməz, bütün səmavi dinlər zorakılığa qarşıdır. Din insanlar arasında haqq və ədalətin, sülh və əmin-amanlığın bərqərar olmasına səy göstərir, ayrı-ayrılıqda hər bir insanın dünya və axirət səadətini təmin etməyə çalışır”.
Ermənistan-Azərbaycan münaqişəsində din amilinin rolundan danışarkən həm də nəzərə almaq lazımdır ki, söhbət iki din arasında dialoqdan gedir. Yəni bir tərəfdə Qriqoryan məzhəbinə mənsub xristian erməni kilsəsi, digər tərəfdə isə İslam dinini təmsil edən Azərbaycan dini liderləri dayanır. E.Mustafaoğlu hesab edir ki, səmavi kitablarda, xüsusən də sonuncu səmavi dinin müqəddəs kitabı olan Qurani-Kərimdə tək Allaha etiqad edənlərə yönəlik mesajlar var. Bu mesajlar sülh üçün mühüm əsaslardır: “Qurani-Kərimin "Ali-İmran" surəsində Kitab əhlinə - yəhudilərə, xristianlara müraciət ünvanlanır və müştərək dəyərlər ətrafında bir araya gəlib əməkdaşlıq etmək çağırışı olunur: “De ki, ey Kitab əhli! Sizinlə bizim aramızda bərabər olan bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Dinimiz hər bir mədəniyyəti insanlığın ümumi prinsiplərinə xidmət etdiyi müddətcə bəşəriyyətin ümumi sərvəti sayır və ona hörmətlə yanaşır. Dinlərarası və mədəniyyətlərarası dialoq xalqlar arasında yaxınlaşmanın və əməkdaşlığın təməlidir. Hazırkı dünyada heç bir xalq, heç bir cəmiyyət digərləri ilə ünsiyyətə girmədən təcrid olunmuş şəkildə öz varlığını davam etdirə bilməz".

Konfliktoloq Arif Yunusun sözlərinə görə isə nə Ermənistanda, nə də Azərbaycanda dini liderlər münaqişənin həllində önəmli rol oynamayıblar. Ekspert hesab edir ki, sadəcə həm savaş, həm də atəşkəs dönəmində din amili və dini liderlər informasiya müharibəsində bir silah olub: “Baxmayaraq ki, bizim mətbuatımızda çox yazırdılar ki, guya erməni katolikosunun Qarabağ savaşında rolu böyükdür. Amma bunu biz belə şişirdirdik. Ermənilər isə belə fikirdə deyildilər. Ermənilər heç zaman Qarabağ məsələsinə din xadimlərini yaxın buraxmayıblar. Azərbaycanda da oxşar situasiyadır. Bizim dini liderimiz rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislamdır. Onun Qarabağ münaqişəsində heç zaman rolu olmayıb. O ki qaldı hərdənbir Şeyxlə katolikosun əsasən Moskvada və ayrı-ayrı tədbirlərdə keçirilən görüşlərinə, bu görüşlər və görüşlərdə səsləndirilən bəyanatlar heç bir xüsusi əhəmiyyət daşımayıb. Çünki birincisi, dini liderlərin nüfuzu o qədər böyük deyil ki, onların sözü keçsin. İkinci tərəfdən, Qarabağ münaqişəsində söz həmişə siyasilərdə - prezidentdən başlamış digər siyasilərə qədər - olub”.
Arif Yunus bildirir ki, dini liderlərin təmasları ən yaxşı halda xalq diplomatiyasının bir elementi ola bilər: “Xalq diplomatiyasını götürək. Xalq diplomatiyası çərçivəsində media və cəmiyyət nümayəndələrinin keçirdiyi görüşlər daha genişdir və mən deyərdim ki, daha effektiv xarakter daşıyırdı. Amma yenə də mühüm təsiri olmur. Bununla yanaşı yenə də jurnalistlər və ya ictimaiyyət nümayəndələri görüşlərdə nələrdənsə danışır, xalqların arasında sülh olmasına çağırışlar edirlər. Bir də unutmaq olmaz ki, xalq diplomatiyasının öz hüdudları var, onların imkanları o qədər də geniş deyil. Biz xalq diplomatiyasını, o cümlədən dini liderlərin təmaslarını şişirtməməliyik. Dini liderlərin görüşləri mənim üçün yalnız xalq diplomatiyasının bir hissəsidir”.
Bəs dini liderləri sülh prosesinə təsir göstərə bilməməsinin səbəbləri nələrdən ibarətdir? A.Yunusun qənaətinə görə, bunun əsas səbəbi Azərbaycan və Ermənistanda dindarlığın aşağı olmasında və buna paralel olaraq dini liderlərin cəmiyyətlər üzərində təsirinin az olmasıdır: “Dini liderlərin bu münaqişədə rolu o zaman ola bilərdi ki, o cəmiyyətlərdə Allaha inam, dinin və dini liderlərin nüfuzu çox olaydı. Bunun üçün cəmiyyətlərin özü dindar cəmiyyət olmalı və buna paralel olaraq din rəhbərlərinin nüfuzu yüksək olmalıdır. Amma nə Ermənistan cəmiyyətində dinə böyük hörmət var, nə də bizdə. Baxmayaraq ki, bizdə bunu şişirdirlər. Doğrudur, bizə baxanda onlarda kilsənin nüfuzu, dindarlıq daha yüksəkdir. Ancaq bizdə Allahsız cəmiyyət var. Mənim fikrimcə, bu gün Azərbaycanda dindarlığın, namaz qılan, oruc tutan əsl dindarların sayı 14-15 faiz təşkil edir. Belə çıxır ki, ölkə əhalisinin böyük əksəriyyəti dindar deyil, namaz qılmır, məscidə getmir. Doğrudur, böyük əksəriyyət özünü müsəlman sayır. Belə desək, anadangəlmə müsəlmanlar. Yəni müsəlmanlığın nə olduğunu bilmir, Quranı heç vaxt oxumayıb, ancaq hesab edir ki, müsəlmandır. Belə bir cəmiyyətdə dini rəhbərlərin görüşləri o qədər böyük rol oynaya bilməz. Bu, o zaman olardı ki, münaqişə edən tərəflərdə dinin rolu böyük olaydı, dini liderlərin nüfuzu yüksək olaydı. Yalnız o zaman belə görüşlər nəticə verə bilərdi. Ancaq bizdə belə deyil. Digər tərəfdən, Qarabağ münaqişəsi etnik münaqişədir. Qarabağ münaqişəsində etnik və siyasi məsələlər əsas rol oynayır. Ermənistan-Azərbaycan münaqişəsində din amilinin qabardılması daha çox təbliğat xarakteri daşıyıb. Necə ki, bu gün dini liderlərin görüşləri xalq diplomatiyasının bir hissəsi hesab olunur, o zaman savaş vaxtı informasiya müharibəsində din rəhbərləri eyni rolu oynadılar. Vazgen o tərəfdə nəsə deyirdi, erməni cəmiyyəti ona o qədər fikir vermirdi. Amma bizdə bunu şişirdirdilər. Bizdə də Şeyxülislamın dediyi sözlər o tərəfdə şişirdilirdi. Vaxtı ilə Şeyxin ermənilər haqqında dediyi sözlər geniş rezonansa səbəb olmuşdu. Amma biz hesab eləmirik ki, Şeyxülislamın ermənilər haqqında söylədiyi neqativ fikirlər münaqişədə hər hansı rol oynayıb. Amma ermənilər Şeyxülislamın sözlərini şişirtdilər, çap edib yaydılar. Yəni hər iki tərəf din amilindən təbliğatda yararlanmağa çalışıb, ancaq həlledici təsiri olmayıb”. /Yeni Müsavat/

В этом разделе