ÇIXILMAZA GEDƏN FƏLƏSTİN

Yaxın Şərqin bu ölkəsi milli azadlıq üçün ən gərəkli silah olan milli birlikdən gün-gündən uzaqlaşır
Avqustun 4-də Fələstinin Fəth hərəkatının 6-cı konqresi öz işinə başladı. Ali yığıncaq İsrail işğalı altında olan Qərbi Şəriədə, Beytləhim şəhərində keçirildi. Ancaq ilk problem konqres üzvlərinin iştirakı ilə bağlı olaraq yarandı. Livan və Suriyada yaşayan Fəth üzvləri İordaniya sərhədi vasitəsilə Beytləhimə gələ bilsələr də, «Həmas»ın nəzarətində olan Qəzzədəki Fəth üzvləri Beytləhimə gələ bilmədilər.«Həmas» hərəkatı bəyan etdi ki, Qəzzədəki Fəth üzvlərinin konqresdə iştirakına Qərbi Şəriədə Fələstin muxtariyyətinin həbs etdirdiyi 1140 «Həmas» və «İslami cihad» üzvü azad edildikdən sonra icazə verəcək. Ancaq Fəth «Həmas»ın tələbinə cavab vermədi və bəlli olduğu kimi, Fəthin ali toplantısı Qəzzədə yaşayan üzvlərin iştirakı olmadan keçirildi. Məlum olduğu kimi, Qərbi Şəriədə, Ramallah şəhərində yerləşən Fəth lideri Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin muxtariyyətinin hökuməti davamlı olaraq sabitliyə təhlükə yaratmaqda ittiham etdiyi «Həmas», «İslami cihad» və digər müqavimət qruplarına bağlı şəxsləri həbs edir. «Həmas» isə əsasən tələbə və müəllimlərdən ibarət olan və bir çoxunun siyasi vəzifəsi olan üzvlərinin Fəth hökuməti tərəfindən qərəzli olaraq həbs etdirildiyini bəyan edir.
Qeyd edək ki, bu hadisə Fələstində daxili ziddiyyətin bir mənzərəsidir. Zatən bu bölgədə son illərdə daxili ziddiyyətlər adi hal kimi qəbul olunur. Milli azadlıq mübarizəsi aparan bütün xalqlar kimi fələstinlilər üçün də daxili bölünmə dərdi var. Ona görə «dərd» deyirik ki, doğrudan da dünyanın supergüclərinin dəstəklədiyi İsrailə qarşı azadlıq savaşı aparan bir xalq üçün daxili bütünlük mühüm üstünlük olardı. Amma təəssüf ki, bu olmur və Fələstin cəmiyyəti neçə ildir «iki cəbhədə» döyüşür.
2006-cı ildə keçirilən seçkilərdə 60 faiz səs qazanan «Həmas» hərəkatı əfsanəvi Yasir Ərəfatın artıq 40 ilə yaxındır Fələstinin söz sahibi olan Fəth hərəkatının hakimiyyətinə son qoydu. «Həmas» liderlərindən olan İsmayıl Haniyənin rəhbərlik etdiyi «Həmas» hökuməti yaradıldı. Ancaq bu zaman hakimiyyəti bölüşən (Fəth lideri Mahmud Abbas muxtariyyətin prezidenti postunu tutur,',0), iki fərqli ideologiyaya, siyasi görüşə sahib Fəth və «Həmas» arasında ixtilaflar dərinləşdi. 2007-ci il iyunun 14-də «Həmas»ın hərbi qanadı «İzzəddin Qəssam» briqadasının silahlılarının təhlükəsizlik adı altında həyata keçirdiyi əməliyyat zamanı (həm də «Həmas» hakimiyyətinin təhlükəsizlik qüvvələri funksiyasını həyata keçirir) Qəzzə bölgəsində mövcud olan Fəth tərəfdarı hərbi qüvvələri bölgədən çıxarıldı. Bundan sonra muxtariyyət lideri Mahmud Abbas İsmayıl Haniyə hökumətini buraxdığını elan etdi. Beləliklə, iki qrup arasında münasibətlər düşmənçilik həddinə çatdı.
Bundan sonra Qəzzədə Həmas hökuməti, Qərbi Şəriədə isə Mahmud Abbasın təyin etdiyi Səlam Fəyyazın liderliyində hökumət fəaliyyət göstərir. Vaxtaşırı keçirilən təhlükəsizlik əməliyyatlarında Fəth qüvvələri (Fəthin əsas silahlı qanadı «Əl-Əqsa Şəhidləri briqadası» adlanır) «Həmas» üzvü olan fəalları, həmçinin «Həmas»dan olan Fələstin parlamentinin üzvlərini həbs edir. Eyni zamanda «Həmas» elan edir ki, Fələstin məclisindən səs ala bilməyən Salam Fəyyaz hökuməti qeyri-qanunidir. Həmçinin bu il hakimiyyət müddəti başa çatan Mahmud Abbasın yenidən seçilməsini qanunsuz sayan «Həmas» muxtariyyət başçısını qeyri-legitim hesab edir.
Ancaq Fəthin konqresi üçün əsas maneələr təkcə Qəzzədən gəlmədi. Bu günlərdə məlum olub ki, Rəfah yaşayış məntəqəsində yaşayan Fəth üzvləri də 6-cı konqresdə iştirak etmək istəmirlər. Fəth hərəkatının Rəfah bölgəsi təşkilatının lideri Münzir əl-Bərdəvilin Fələstin İnformasiya Mərkəzinə göndərdiyi açıqlamada qeyd olunur ki, «Rəfahdakı üzvlər bəzi liderlərin üzvlərlə əlaqədar bir çox suallar yaradan mövqelərinə görə Fəth hərəkatının fövqəladə yığıncağına qatılmaqdan imtina edir».
Qeyd edək ki, bu yaxınlarda Fəth Hərəkatı baş katibi və Fələstin Azadlıq Təşkilatı (FAT) siyasi şöbəsi rəhbəri Faruq Kaddumi sensasion bəyanatla çıxış edərək Fəth lideri və Fələstin dövlət başçısı Yasir Ərəfatın ölümündə Fələstinin hazırkı dövlət başçısı Mahmud Abbasın əlinin olduğunu bəyan etdi. Bu barədə əlində yazılı sənədlərin olduğunu deyən F.Kadduminin sözlərinə görə, 2004-cü ildə Mahmud Abbas, Fəth liderlərindən olan Məhəmməd Dahlan (Fəth silahlı qüvvələrinin komandanı) və İsrailin sabiq baş naziri Ariel Şaronun iştirak etdiyi görüşdə o zaman Fələstin dövlət başçısı olan Yasir Ərafata sui-qəsdi müzakirə ediblər. Kadduminin bu bəyanatı Ərəfatın öldürülməsi ilə bağlı şübhələri daha da qüvvətləndirdi. Kadduminin bu sənədi bu günə qədər gizli saxlaması inamsızlıq yaratsa da, ərəb dünyasında ciddi müzakirələrə səbəb olan açıqlama Fəth liderləri üçün başağrısına çevrildi. Bu bəyanatı yayımlayan «Əl-Cəzirə» telekanalının Ramallahdakı ofisi qapadılsa da, bir neçə gündən sonra açıldı.
Baş verənlər Fələstində prosesləri daha da dolaşıqlığa salır. O cümlədən Fələstin dövlətinin taleyi ilə bağlı son qərarın verilməsi prosesini bir qədər də geri itələyir. Bu ilin əvvəlində baş verən Qəzzə müharibəsindən sonra sürətlənən daxili barışıq danışıqları düyünə düşür, Fəth daxilində çatlar dərinləşir. Buna paralel olaraq İsraildə hakimiyyətə gələn sağçı hökumət bu prosesdən yararlanaraq işğal ərazilərində yəhudi məskunlaşması prosesini sürətləndirir. Qeyd etmək lazımdır ki, Fələstini idarə etməyə iddialı olan «Həmas» və Fəth fərqli ideologiyaya sahibdir. 1960-cı illərdə Yasir Ərəfatın yaratdığı Fəth hərəkatı uzun illər Fələstin Azadlıq Təşkilatının əsas gücü olub, Fələstin müqavimətinə liderlik edib. Yasir Ərəfatın ölümündən sonra Fəth liderliyinə və muxtariyyətə rəhbərlik Mahmud Abbasa keçib. Fəth bütün Fələstin ərazisində və eləcə də fələstinlilərin yaşadığı bütün bölgələrdə geniş struktura sahibdir, Fələstin münaqişəsinin danışıqlar vasitəsilə həllini müdafiə edir və bu istiqamətdə Qərblə, İsraillə danışıqlar aparır. Qərb ölkələri Fəthin mövqeyini müdafiə edir və sülh danışıqlarında bu hərəkatı qəbul edirlər.
«Həmas» hərəkatı 1988-ci ildə bütün Fələstin ərazisini əhatə edən daşlı müqavimət «intifadı»ndan sonra yaradılıb. Təşkilatın ilk lideri və ideoloji atası uzun illər İsrail zindanlarında məhbəs həyatı yaşamış məscid imamı Şeyx Əhməd Yasindir. Ş.Ə.Yasin 2004-cü ildə İsrail helikopterləri tərəfindən bombalanaraq öldürüldükdən sonra təşkilata liderlik bölünüb. Hazırda hərəkatın siyasi lideri Xalid Məşəldir (Suriyanın paytaxtı Dəməşqdə yaşayır,',0), Qəzzədə yerləşən «Həmas» hökumətinə rəhbərliyi isə İsmayıl Haniyə həyata keçirir. «Həmas» İslami hərəkatdır. Hərəkat İsraili dövlət kimi tanımır və bütün Fələstini əhatə edən İslam dövləti qurmağı strateji məqsəd elan edib. İdeoloji görüşünə görə ötən əsrin əvvəlində Misirdə yaranmış islamçı «İxvan əl-Muslimun» (müsəlman qardaşlığı) hərəkatının davamçısı sayılır. İran, Suriya, Sudan, Qətər və bir çox digər ərəb, müsəlman ölkələrinin bir sıra siyasi hərəkatları tərəfindən dəstəklənir. Sonuncu Qəzzə müharibəsindən sonra Avropanın bir sıra dövlətləri, o cümlədən Türkiyə «Həmas»la danışıqlar aparır. 2006-cı ilin yanvarında keçirilən seçkilərdə Həmas Fələstin seçicilərinin 60,1 faizinin səsini qazanaraq hökumət qurmaq hüququ əldə edib.
Sonda qeyd edək ki, Fəthin qalmaqallı konqresi 3 gün davam etdi və necə deyərlər, sensasiyasız başa çatdı. Fəth lideri Mahmud Abbas İsraillə sülh danışıqları aparacaqlarını, ancaq silahlı müqavimət hüququnu özündə saxladıqlarını bəyan etdi. Eyni zamanda 2006-cı il seçkilərində «Həmas»ın qələbəsinin, o cümlədən Qəzzənin itirilməsinin buraxılmış səhvlərin nəticəsi olduğu qeyd olundu. Və Qəzzənin itirilməsində günahkarların tutduğu postdan asılı olmayaraq məsuliyyətə cəlb olunması barədə qərar qəbul olundu. Fəth rəhbərliyi gələn il keçiriləcək ümummilli seçkilərə ciddi hazırlaşmaqla bağlı razılığa gəldilər.
K.RÖVŞƏNOĞLU


В этом разделе