"Müxtəlif aksiyalarda, o cümlədən inanc məslələri ilə bağlı həbs edilmiş insanların,- başda Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov olmaqla,- azad olunması gərginliyi aradan qaldıracaq"
Bunu SalamNews–a "Məşhədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.
O deyib: “Dəfələrlə bildirmişəm ki, Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsinə ehtiyac var. Yəni bu münasibətlərdə müəyyən narazılıqlar meydana gəlib və bəzən bu, lazım olmayan süni maneələrlə, qadağalarla, bəzən də müxtəlif başqa səbəblərlə bağlı olur”.
Onun sözlərinə görə, hər-hansı dövlətin inkişafı, tərəqqisi o dövlətin daxilində dini etiqad və vicdan azadlığının təmin olunması ilə bağlıdır. Cəmiyyətdə azadlıqlar təmin olunduğu zaman, o cəmiyyətdə barış, anlayış mühiti olur. Ona görə də həm maneələrin yardılması, həm qadağaların olması, həm də insanların etiqadlarına görə həbsdə qalması cəmiyyətdə lazım olmayan gərginlik yaradır. Bu gərginliklərin olması Azərbaycan dövlətçiliyinə lazım olmayan məsələdir.
İlahiyyatçının fikrincə, 2012-ci ildə din-dövlət münasibətlərində müsbət pozitiv dəyişikliklər baş verəcək. Eyni zamanda, dövlət quruculuğu prosesində müəyyən neqativ halların mövcud olmasını bir qədər təbii qarşılamalıyıq.
Ş.Həsənli vurğulayıb: “Düşünürəm ki, bu problemlər aradan qaldırılacaq, o cümlədən də məhbusların məsələsi də həllini tapacaq. Məhbusların azadlığa buraxılması cəmiyyətdə anlaşmanın yaranmasında mühüm rol oynaya bilər".