 
Fatimeyi-Zəhra (s.ə.) qadınların ən üstünüdür
Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si  dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət  Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək  mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.
Xanım  Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əlamətdar  günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki,  Allah Təala xanım Fatimənin (s.ə.) dünyaya gəlişi münasibətilə  Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər»  surəsini nazil edir.
"Həqiqətən biz sənə kövsər əta etdik. (Çoxlu  xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın  (salamullahi-əleyha) günü-gündən artan baqi nəslini, ümmətin alimlərini,  Kövsər hovuzu və Cənnətdə çay əta etdik). Odur ki, (şükranlıq üçün)  Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) qurban kəs.  Həqiqəqətən sənin düşəmənin özü sonsuz və nəsli kəsilmişdir", Kövsər  surəsi.
Xanım Xədicə Peyğəmbərlə (s) izdivac qurandan sonra Məkkə  qadınları ondan uzaqlaşmağa başladı. Və onun evinə gediş-gəlişi də  kəsdilər. Xanım Xədicə bu olaydan çox üzüldü. Amma bu nigarançılığın  ömrü Xanım Fatimənin (s.ə) onun bətninə düşməsinə qədər oldu. Belə ki,  hələ pak anasının bətnində olan Xanım Fatimə (s.ə) anası ilə söhbətləşir  və ona ürək-dirək verirdi. Xədicə də bu mətləbi Peyğəmbərdən (s)  gizlədirdi. Bir gün Peyğəmbər (s) evə daxil olanda Xədicənin kiminləsə  danışdığını eşitdi. Və ondan kiminlə danışdığını soruşdu. Xədicə də  bətnindəki körpə ilə danışdığını və bu körpənin ona həmdəm, həmsöhbət  olduğunu bildirdi. Bunu eşidən Peyğəmbər (s) buyurdu: "Ey Xədicə,  Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu  və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi.  Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək.  İmamlar onun nəslindən dünyaya gələcəklər. Allah-təala mənə olunan vəhy  kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündən mənim  canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını  ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi".
İslam  Peyğəmbəri Hz. Məhhəmməd (s) dəfələrlə mühacir və ənsarların qarşısında  Fatiməni (s.ə) "Yaranışdan bu günə qədər dünya qadınlarının zinəti",  "dünyanın ən fəzilətli xanımı" və "Cənnətin ən fəzilətli qadını" kimi  tərif etmişdi.
Peyğəmbərin xanımı Aişə buyurur ki, Fətimə (s.ə)  hər dəfə Peyğəmbərin (s) yanına gələndə Peyğəmbər (s) yerindən qalxar və  onun əlindən, üzündən öpərdi. Və onu öz yerində otuzdurardı. Həmçinin  Xanım Aişə buyurub: "Heç kəsi Fatimə (s.ə) qədər Peyğəmbərə (s) oxşayan  görməmişəm. Peyğəmbər (s) Cənnət ətrini duymaq üçün həmişə Fatiməni  (s.ə) öpərdi. "Cənnətin iyini Fatimədən (s.ə) alıram. Fatimə (s.ə)  cənnət qadınlarının başında gəlir. Fatimə (s.ə) asimani bir insandır", -  deyərdi.
Xanım Fatimə öz fəziləti və dəyəri ilə insanlığın bütün  həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri  özündə ehtiva etmişdi. Məhz buna görə  də Peyğəmbər (s) buyurub: "Allah  Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir".  "Fatimə (s.ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (s.ə) incitsə, məni  incidir,  onunla düşmənçilik edən mənimlə düşmənçilik edir". "Fatimə  (s.ə) mənim qəlbimdir, ruhumdur". /deyerler/










_thumb.jpg)



