Zil-hiccə ayının 18-i İslam dünyasında Qədir-Xum bayramı kimi qeyd olunur
18 zil-hiccə-15 noyabr Qədir-Xum və ya vilayət bayramıdır. Hicri 10-cu ildə əziz İslam peyğəmbəri (s) müsəlmanlar arasında öz xələfini və İslam dünyasının rəhbərini təyin etdi. Bununla da İslam dini kamil olaraq tamamlandı (Maidə:3). Sözügedən hadisənin tarixçəsi belədir:
Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasiminin təntənəli bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə getmişdi. Çünki bu, Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə qayıdırdılar. Yol boyu Həzrət Peyğəmbər (s) ümməti üçün vəfatından sonra baş verəcək hadislərədən ötrü çox nigaranlıq keçirirdi.
Xalq arasında münafiqlər və onun ölümünü gözləyənlər xilafət və rəhbərliyi əsl yolundan azdırmaq üçün qabaqcadan planlar hazırlamışdılar.
O, dost paltarına bürünüb ona hörmət edən münafiqləri görür, amma müşriklərin «Məhəmməd öz adamlarını öldürür» demələrinin qabağını almaq üçün səsini çıxarmırdı. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Әli (ə) haqqında əmr etdiyi borcunu yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi.
Həmin borc Әli əleyhissalamı xəlifə tə᾽yin etmək idi. Onu özünə xəlifə və canişin seçməklə «peyğəmbər bizi xəlifəliyə seçdi» - deməklə xalqın arasında şək-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi.
Vəhy mələyinin Həzrət Peyğəmbərin (s) ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda verir: «Böyük bir borcun var. Әgər bu borcu yerinə yetirməsən, elə bir risalətini təlbiğ etməyibsən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır.»
Belə bir risalət günəşinin vəkaləti, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (s) bütün kamal və dəyərlərinə sahib idi. Bu şəxsiyyət Әli ibni Әbu Talibdən başqa kim ola bilərdi? O Әli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tə᾽rifləyib buyurmuşdu: «Әli ümmətimin ən bilicisidir. Mən elmin şəhəriyəm, Әli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Әliyə müraciət etsin».
Elə buna görə də həzrət Әli əleyhissalam minbərdə həmişə belə deyərdi: «Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!»
Allahın əmrinə görə həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə islam dinini təkmilləşdirmək üçün Әli əleyhisslamı xəlifəliyə seçmək qərarına gəldi. Və qədir günü Allahın öz Peyğəmbərini təbrik edib müjdə verərək «Bu gün islam dinini mükəmməl edib sizlərə ne᾽mətimi tamamladım» - dediyi gün olaraq tarix səhifələrinə yazıldı.
Demək, bu müqəddəs bir qayıdış eləcə də bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idilər.
Onların hamısı Zil-həccə ayının 18-də Cöhfə deyilən yerdə Qədiri-xum adlı məntəqəyə çatdıqları vaxt Həzrət Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin (s) əmri ilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşirdilər ki, mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlayıbdır. Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.
Peyğəmbər üçün dəvələrin cihazından ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər.
Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:
«Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar:
Allahın kitabı.
Әhli-beytim.
Daha sonra hamının görə bilməsi üçün həzrət Әli əleyhissalamın əlini uca bir bayraq kimi qaldırıb buyurdu:
«Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır. Allahım! Әli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. Inşaallah ki, eşidib qəbul edərlər».
Bu mübarək bayram münasibətilə İmam Zaman (ə.f.) başda olmaqla bütün müsəlmanları təbrik edirik!