Bu gün İmam Nəqinin (ə) mövlud günüdür

15 Zil-həccə Əhli-beytin 10-cu imamı İmam Əli ibni Məhəmməd əleyhissalamın mübarək mövlududur.

Hadi ləqəbi ilə məşhur olan imam Әliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə,',0), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.

Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin mə᾽murları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Qur᾽anı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Qur᾽an oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bə᾽zən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.

Mütəvəkkilin anası imam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.

Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra imam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mö᾽təzin əli ilə şəhid olduqdan sonra Samirrada torpağa tapşırıldı.

 

В этом разделе