Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib
İmam Museyi Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiq (ə)-ın ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ini müsəlmanlara imamlıq edib.
İmamın həyatının son dövrü zindanlarda keçib və elə şəhadətə də zindanda yetişib.
Maraqlı məqamlardan biri onun yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zaindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladının dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc gəlib: “Onu geri al, yoxsa azad edəcəyəm!”.
Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazim (ə) məsum əcdadları kimi şəhid edildi.
İmam Museyi Kazimın (ə) Azərbaycan ilə bilavasitə əlaqəsi var. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-Beytə (ə) qarşı həyata keçirdiyi təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burda yaşayıb və bu torpaqda dəfn ediliblər.
Bü hüznlü, İmam Museyi Kazimin (ə) şəhadətə yetişdiyi gündə dünya müsəlmanlarına başsağlığı veririk. /salamnews/