Əhli-beytin (ə) 7-ci imamı səfər ayının 7-si doğulub
Imam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən imamlığa çatdı.
Bu barədə Әbubəsir belə demişdir: Imam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Әbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan imam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir.
Həzrət (ə) Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi».
Imam (ə) heç bir vəchlə Haruna təslim olmadı və zindanın ən ağır şəraitində belə sarsılmadan dayanıb müqavimət göstərdi.
Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından imamı öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Nəhayət daşürəkli cəllad Sindi imamı zəhərlədi.
Harun yalançı şahid gətirməklə çalışdı ki, imamın zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də imamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da imamın meyidinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət imam (ə) xalqın matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də müsəlmanların ziyarətgahıdır.