Bu gün İmam Məhəmməd Təqinin (ə.s), müsəlmanların 9-cu imamının şəhadət günüdür
İmam 220-ci Hicri-qəməri ilində Zülqədə ayının 30-da xəlif Mötəsimin əmri ilə zəhərlənib şəhid edilib. Onun məşhur ləqəblərindən biri də Cavaddır.
SalamNews-un məlumatına görə, İmam Məhəmməd Təqi (ə.s) hicri 195-ci ildə dünyaya Mədinə şəhərində göz açıb. Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Riza (ə.s) Məmun tərəfindən şəhid edildikdə İmam Məhəmməd Təqinin (ə.s) cəmi 8 yaşı olub.
Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (ə.s) atası şəhid edildikdən sonra, onu Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki imam Rizanın (ə.s) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək "Bab ul-Cavad" (Cavad qapısı) adlanır.
İmam Məhəmməd Təqi (ə.s) Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə.s) məzarının yanında dəfn edilib.
Bü hüznlü, imam Məhəmməd Təqinin (ə.s) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk. /salamnews/