Bu gecə ikinci əhya, İmam Əli (ə)-ın şəhadət gecəsidir.

Allah Təaladan bu gecədə hamının ibadət və itaətlərinin, dualarının qəbul olmasını diləyirik.

Qədr gecəsində edilən və savab olan əməlləri diqqətinizə çatdırırıq:

1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah". Bu qüslün böyük savabı vardır.

2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram."

3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm."

4) Qədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən ilallah". Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə mübarək "İxlas" surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilir.
İmam Sadiq (ə) buyurur: "hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar."

5) Quranı başa qoyub Allahu-təalanın (c.c.,',0), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam". Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər." (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm."
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utaikə minən-nar.
Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.

Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
Bikə ya Allah (10 dəfə)
Bi Muhəmmədin (10 dəfə)
Bi Əliyyin (10 dəfə)
Bi Fatimətə (10 dəfə)
Bil Həsəni (10 dəfə)
Bil Hüseyni (10 dəfə)
Bi Əli ibn Huseyn (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (10 dəfə)
Bi Musa ibn Cəfər (10 dəfə)
Bi Əli ibn Musa (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Əli ibn Muhəmməd (10 dəfə)
Bi Həsən ibn Əli (10 dəfə)
Bil Huccəti (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahu-təaladan (c.c.) günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6) İmam Əli (ə) və İmam Huseyn (ə) ziyarətnaməsini oxumaq.

7) 100 rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)

8) Peyğəmbər (s.a.a.v.) və Əhli-Beytinə salavat göndərmək.

9) Cövşən-kəbir duasını oxumaq

10) həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə "Əllahummələn qətələtə əmirəl-möminin" (Yəni: "İlahi, Əli (ə)-ın qatillərinə lənət et").

11) Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm."

Həzrət Əlinin(ə) şəhadəti

Mübarək Ramazan ayının 19-cu gecəsi Həzrət Əli(ə) Ibn Mülcəm(l)-in əli ilə zərbətləndi. Hicrətin 40-cı ilində bir sıra xəvaric Məkkədə öz aralarında qərar qoydular ki, Ramazan ayının 19-cu gecəsi Misirdə Əmr ibn Ası, Şamda Müaviyəni, Kufədə isə Imam Əlini(ə) sübh namazında öldürsünlər. Onlar üç nəfəri öz aralarında tə’yin etdilər. Əmr ibn Ası öldürməyi Bəkr ibn Əmr, Müaviyəni öldürməyi Abdullah ibn Həccac, Əlini(ə) öldürməyi isə Əbdürrəhman ibn Mülcəm(l) boynuna götürdü.

Ibn Mülcəm bu məqsədlə Kufəyə gəldi. Lakin öz gəlişinin məqsədini heç kəsə bildirmədi. O, Kufədə Quttamə adlı gözəl bir qızın evində qaldı. Onun gözü Quttaməyə düşdü və onunla evlənməyi qərara aldı. Ibn Mülcəm ona öz fikrini bildirdikdə Quttamə üç şərt əsasında razılaşaraq dedi: “Əgər mənimlə evlənmək istəyirsənsə, mənim mehriyyəm 3000 dirhəm pul, bir kəniz və Əlinin qanıdır.” Əli(ə) onun atası və qardaşlarını Nəhrəvan müharibəsində öldürdüyü üçün kin-küdurəti qəlbində coşub daşmışdı. Ona görə də Əlini(ə) öldürmək istəyirdi. Ibn Mülcəm onunla razılaşdı və Kufəyə gəlməkdən məqsədini ona bildirdi ki, mən Kufəyə yalnız Əlini öldürmək üçün gəlmişəm.

Nəhayət, Ramazan ayının 19-cu gecəsi gəlib çatdı. O gecə Əli(ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi.

O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: “Ilahi, ölümü mənə mübarək et!” Imam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. “And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin və’də verilmiş gecədir.”

Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər Imamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də Imamın ölməyini istəmirdilər. Imam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da Imamın məscidə getməsini istəmirdi. Nəhayət, Imam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət Əli(ə) onu yuxudan oyadıb buyurdu: “Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar.” Sonra Imam sübh namazını qılmaq üçün ibadət mehrabına keçdi. Namazı başlandı. Imam başını səcdədən qaldıran kimi, Ibn Mülcəm zəhərli qılıncı Həzrətin mübarək başına endirdi. Imam Əli(ə) buyurdu: “And olsun Kə’bənin Rəbbinə, azad oldum!” Məscidin mehrabı al qana boyandı.

Əli şəqqül-qəmər mehrab tilitqan,

Qulaq ver, məscid oxşar, mənbər ağlar.

Yazanda Ali Taha nohəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.

Əlidən Şəhriyar, sən bir işarə,

Qucaqlar qəbrin Malik Əştər ağlar.”

Həzrət Əli(ə) Ramazan ayının 21-ci gecəsində şəhadətə çatdı. Bu hadisə bütün müsəlmanların ürəklərini kədərləndirir. Bu gecə qəm və qüssə gecəsidir. Həzrət Əlinin(ə) şəhid olub dünyadan getməsinə görə müsəlmanlar kədərli və hüzünlüdür. Lakin bundan daha kədərli olan hadisə budur ki, düşmən müsəlmanlar arasında elə bir vəziyyət yaratdı ki, müsəlmanların öz əli ilə Peyğəmbərin vəsisini məsciddə namaz qılarkən şəhadətə yetirdilər.

Bəlkə də Qədr gecəsi ilə həzrət Əlinin(ə) şəhadəti bir-birinə aid olan məsələlərdir. Yə’ni Allah-təala insanlardan istəmişdir ki, Qədr gecəsində Imam Əlinin vilayəti ilə ünsiyyət tapsınlar. Və bu gecə Allaha dua edərkən Ona Əlinin(ə) adına and verib öz istəklərini diləsinlər. Allah-təala Imam Əlinin(ə) çox sevir və biz dua edərkən Allaha Əlinin(ə) adına and verib öz istəklərimizi diləsək, Allah-təala o Həzrətin hörmət və fəziləti xatirinə bizi bağışlayıb qəbul edər. Qeyd etmək lazımdır ki, yalnız biz yox, bəlkə bizdən əvvəlki ümmətlər və Islam Peyğəmbərindən(s) əvvəlki peyğəmbərlər belə həzrət Əlinin(ə) Allah yanında hörmət və fəzilətli bir şəxs olduğunu dərk etmişlər. Yer üzündə birinci yaranan insan Adəm(ə) olmuşdur. Biz də onun övladlarıyıq. Allah-təala Adəm(ə) peyğəmbəri yaratdıqdan sonra onu cənnətdə məskunlaşdırdı və onun bütün ne’mətlərindən istifadə etməsinə icazə verdi. Lakin ona buğdadan yeməyi qadağan etdi. Şeytan hiylə işlədib Adəmi(ə) yoldan çıxartdı və Adəm Allahın ona qadağan etdiyi bu ne’mətdən yedi. Allah-təalanın onun bu hərəkətindən xoşu gəlmədi və cəzalandırmaq üçün yer üzünə göndərdi. Adəmin(ə) Cənnətdən qovulub yer üzünə gəlməsinə “Hübut” hadisəsi deyilir.

Hübut hadisəsindən sonra Adəm(ə) böyük səhv iş gördüyünü başa düşüb peşman oldu. O, tutduğu bu işə görə tövbə etmək istədi. Lakin tövbə etməyin yolunu bilmirdi. Bilmirdi necə tövbə etsin ki, Allah onun bu günahını bağışlasın. Allahın mələyi həzrət Cəbrail(ə) onun yanına gəlib dedi: “Ey Adəm! Istəyirsənmi Allah sənin tövbəni qəbul etsin?” Adəm dedi: “Bəli.” Həzrət Cəbrail(ə) dedi: “Elə isə göyə bax!” Adəm(ə) göyə baxdıqda səmada beş nəfərin adının yazıldığını gördü. O beş nəfər bunlar idi: Məhəmməd(s,',0), Əli(ə,',0), Fatimə(s.ə,',0), Həsən(ə) və Hüseyn(ə). Cəbrayıldan(ə) soruşdu: “Bunlar kimlərdir?” Cəbrail(ə) dedi: “Bunlar Allahın ən yaxın dostlarıdır. Onlar hələ yaranmayıblar. Lakin Allah-təala onların nurlarını yaratmışdır. Onu da bil ki, Allah-təala səni də, bütün aləmləri də bu beş nəfərin xatirinə yaratmışdır. Əgər tövbə etmək istəyirsənsə, Allaha bir-bir bu adları and versən, Allah mütləq sənin tövbəni qəbul edər”.

Adəmin(ə) bu adlar vasitəsilə tövbə etməsini Allah-təala Bəqərə surəsində belə buyurur:

فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Adəm Rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək (həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.”1

Bu ayə barədə olan bir çox hədislərdə qeyd olunmuşdur ki, Allah-təalanın Adəmə(ə) öyrətdiyi o kəlmələr bu beş nəfərin adı idi: Məhəmməd(s,',0), Əli(ə,',0), Fatimə(ə,',0), Həsən(ə) və Hüseyn(ə). Adəm(ə) bu beş nəfəri bir-bir çağırıb Allaha and verdi. Allah da onun tövbəsini qəbul etdi.

Yusif(ə) peyğəmbəri qardaşları quyuya atıb getdilər. Həzrət Yusif(ə) çox çalışdı, lakin quyudan çıxış yolu tapa bilmədi. Həzrət Cəbrail(ə) onun yanına gəlib eynilə Adəmə(ə) söylədiyi sözləri ona da dedi, beş nəfər müqəddəs şəxsin adını çəkməsini və quyudan nicat tapması yolunu anlatdı. Həzrət Yusif(ə) o beş nəfərə and verib, quyudan nicat tapmasını Allahdan istədi. Allah-təala bir karvanın əli ilə ona quyudan nicat verdi.

Buna görə, Allah-təala bu beş nəfərə xatir bütün insanları bağışlayır və onların dualarını qəbul edir.

Xüsusən, bu gecə Həzrət Əlinin(ə) şəhadət gecəsidir. Bu gecə biz məscidlərə yığışıb və ya evlərimizdə səhərə qədər oyaq qalıb əhya saxlayır və Əlinin(ə) məzlumcasına şəhid olmağına görə əzadarlıq edirik. Bu gecə biz Əlinin(ə) adına and verib, Allahdan öz istəklərimizi diləsək, mütləq Allah bizim dualarımızı qəbul edər. Çünki Allah-təala Əlini(ə) çox istəyir. Ola bilməz ki, Allah onun adına and verənləri naümid geri qaytarsın.

Allah-təala Peyğəmbər(s) və onun Əhli-beytini(ə) sevir və bütün insanları da onların xatirinə bağışlayır. Allah-təala hədisi-qüdsidə Peyğəmbər (s)-ə buyurur:

لَوْلاكَ لَما خَلَقْتُ الْأَفْلاكَ وَلَوْلا عَلِىٌ لَما خَلَقْتُكَ وَلَوْلا فاطِمَةَ لَماخَلَقْتُ عَلِياً

[“Ya Peyğəmbər!] Sən olmasaydın, fələkləri yaratmazdım. Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, Əlini yaratmazdım.”

Məhəmməd Fizuli Allah-təalanın peyğəmbərə buyurduğu bu sözü ərəb dilində iki beyt şe’rlə qələmə almışdır:

يَا مَنْ بِكَ إِلْتِجَاء ُمَنْ كَانَ سِوَاكَ طُوبى لِمَنْ إِهْتَدى بِما فِيهِ رِضَاكَ

بُرهانُكَ فِى الْكَمالِ يَكْفِى لَوْلاكَ لَوْلاكَ لَما دَار مَدارالْأَفْلاكَ

“Ey O kəs ki, Səndən qeyrisi Sənə pənah gətirər. Xoş o kəsin halına ki, Sənin rizayətinlə hidayət olub.Kamalda Sənin dəlilin kifayətdir, əgər olmasaydın, Aləm dövran etməzdi.”

Məhəmməd Fizuli bu iki beyt şe’rlə bildirmək istəyir: insanda o ləyaqət vardır ki, Allah bütün aləmləri ona görə yaratsın. Allah-təala insana kamillik mərhələsinin ən yüksək zirvəsinə çatmağa və Xəlifətullah olmağa qabiliyyət vermişdir. Bu sözün sübutu da Allahın Peyğəmbərə(s) buyurduğu, azaca irəlidə hədisi-qüdsidən qeyd etdiyimiz həmin hədisdir.
Ramazan.az saytının məlumatlarından və Ocaq Nejadın kitablarından istifadə edilib

В этом разделе