Türk və əcnəbi professorlara görə, satışda olan və istifadə edilən bütün şampunlar əslində haramdır
Bir neçə gündür Türkiyənin paytaxtı Ankarada davam edən Beynəlxalq Halal Konqresində “İslami şərtlərə uyğunluq” dartışması diqqətimizi çəkdi. Konqresə qatılan elm adamları isə “halal sertifikat” sisteminə keçilməsinin vacibliyinə toxundular. Biz də bu gəlişmədən istifadə edib Azərbaycanda halal sertifikatı, onun verilməsi şərtləri, habelə bu sahədəki problemlərə toxunmaq qərarı verdik.
Ondan başlayaq ki, konqres daha çox “şampun dartışması” ilə yadda qaldı. Türk və əcnəbi professorlara görə, satışda olan və istifadə edilən bütün şampunlar əslində haramdır. Buna səbəb kimi isə şampunun hazırlanması zamanı istifadə edilən jelatin göstərildi. Çünki istehsal zamanı şampunun bərk-yumşaqlığını təmin etmək üçün mütləq bu məhsuldan istifadə edilməlidir. Jelatin isə bir qayda olaraq donuz yağı və donuz dərisindən hazırlanır. Professorlar islami şərtlərə tam uyğunluq üçün “halal sertifikat” sisteminə keçilməsinin vacibliyini vurğulayıblar. Məlum olub ki, Türkiyədə bu testləri həyata keçirə biləcək bir qurum yoxdur. Çıxışçılar halal qida, məhsulun bütün detalları ilə İslami şərtlərə uyğun olmalı olduğunu deyib.
Amma haram qidaların siyahısı bununla bitməyib. Məlum olub ki, jelatin maddəsindən yoqurt, dondurma, meyvə sularında da istifadə edilir. Bundan başqa, sərt tərkibli dərman və həblərdə də ondan istifadə olunduğu ortaya çıxıb. Biotexnoloq çıxışçılar isə genetikası dəyişdirilmiş qidaların da “şübhəlilər” sinfinə daxil olduğunu açıqlayıblar. Biotexnoloq Şəbnəm Qavaklı bu iddianı belə izah edib ki, hazırda bir donuzun DNA-sı alınır və buğdaya köçürülür. Yaranan protein isə halal standartlarına uyğun gəlmir.
Məlum olub ki, təxminən 25 ildir ki, dünya üzrə vahid halal sertifikatı sisteminə keçmək üçün müəyyən işlər görülür. Təkcə yemək yox, istifadə olunan bütün malların içində “haram” sayılan maddələrin olması bu keçidi mütləq edir. Ekspertlər hesab edir ki, dində niyyət önəmlidir. Amma bunu bilməyən vətəndaş “halal məhsul istehsal edirəm” deyən firmaya aldana bilər. Çox nadir qurumlar özəl olaraq test keçirirlər.
Jelatini dana ətindən də hazırlamaq olar, amma...
Maraqlıdır ki, jelatin donuz ətindən yox, dana ətindən də əldə edilə bilər. Amma xarici ölkələr bunun daha başa gələcəyini bildikləri üçün onu donuzdan hazırlamağa üstünlük verirlər. Mövzunu Türkiyədən başladığımız üçün elə həmin ölkə ilə davam edək. Burada halal qida sertifikatlaşdırılması üçün Qida və Ehtiyac Maddələri Testləşdirmə və Sertifikatlaşdırma Araşdırmaları Dərnəyi uzun müddətdir iş aparır. Dərnək bəzi firmaların məhsullarını, üz qabığı, qutusu da daxil olmaqla laborator testindən keçirib, “haram” sayılan maddələrin olub-olmadığını müəyyənləşdirir.
Mütəmadi olaraq, firmalar yoxlanılır və “halal” normalara riayət edilib-edilməməsinə nəzarət edilir. Məsələn, Kanadanın “Manitoba” mal ətləri istehsalçıları bazarlarda halal mal əti satışını reallaşdırır. Ölkənin Qida və Kənd Təsərrüfatı naziri Sten Struzers bu firmaya xüsusi diqqət ayırıb. Ancaq Ümumdünya Halal sertifikatları da var. Onların sənədləri xüsusi məcburi xarakter daşımır. Bundan başqa, Beynəlxalq Avropa Halal forumu var. Hər il silsiləvi şəkildə qurultay keçirir.
Halal qida bazarının illik dövriyyəsi 600 milyard dollardır
Məlumata əsasən, dünyada illik dövriyyəsi 600 milyard dollar olan halal qida bazarının böyük bir hissəsi müsəlman olmayan ölkələrin payına düşür. Sərgidə Argentina, Braziliya, Almaniya və alkaqolsuz içkilər təqdim edən Belçikanı da görmək mümkün idi.
Türkiyədə halal qida sertifikatına elə də əhəmiyyət verilməsə də, Asiya xalqları və dünyanın başqa ölkələrində digər dinlərə mənsub insanlar halal sertifikatına əhəmiyyət verirlər. Qərbdə halal qida sertifikatına daha çox əhəmiyyət verən ölkələr arasında ABŞ, Kanada, Yeni Zenlandiya və Avstraliya, Şərqdə Tayland, Malaziya, Filippin, İndoneziya, Sinqapur və Hindistandır.
İKT yanında Tailandın Halal Elmi-Tədqiqat mərkəzinin direktoru, professor Vinay Daxlan da dəfələrlə vahid halallıq sertifikatının vacibliyindən danışıb. ABŞ-da halal qida sertifikatı verən qurumun rəhbərinin sözlərinə görə, tərkibində alkoqol olduğundan, “Koka-Kola”, “PEPSİ” və bir sıra qazlı içkilərə “Halal” sertifikatı verilmir. Amerika İslam Ərzaq və Qida Şurasının (AİƏQŞ) sədri Məhəmməd Münir Çaudr ABŞ-da halal qida sektorunda mühüm işlər gördüklərini deyib. M.M.Çaudr AİƏQŞ-nın 1982-ci ildə halal qida haqda amerikalı müsəlmanları məlumatlandırmaq üçün yaradıldığını bildirib.
“Daha sonra sənaye konsaltinq sahəsində xidmət göstərməyə və məhsullara ”Halal" sertifikatı verməyə başladıq. Biz ABŞ-ın 12 ştatında halal qida barədə qanun qəbul etdirə bildik. Hazırda ABŞ-da bir çox məhsulun halal olub-olmadığını müəyyən edirik. “Koka-Kola” və “Pepsi”də alkoqol olduğuna görə onlara məhsullarının halal olduğuna dair sertifikat vermirik. Kola istehsalçıları əhalisi müsəlman olan ölkələrdə alkoqol miqdarını mində birə qədər azaldırlar. Əhalisinin yarısı müsəlman olan ölkələrdə isə bu göstərici yarıbayarıya qədər enir. Əhalisi müsəlman olmayan ölkələrdə satılan “Koka-kola”da alkoqolun miqdarı 1 faiz təşkil edir. Qeyd etməliyəm ki, bir çox müxtəlif ölkələrin ərzaq sektorunda fəaliyyət göstərən şirkətləri “Halal” sertifikatı əldə etmək üçün məhsullarını bizə təqdim edirlər", - deyə Çaudr bildirib.
Halal standartı yoxdur, amma Azərbaycan üzərində belə qeyd olan məhsul istehsal edir
Keçək öz ölkəmizdəki duruma. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov dəfələrlə qeyd edib ki, bu gün “Halal” standartı yoxdur. Müsəlman ölkələr belə bir standartın yaradılması üzərində işləsələr də, hələ ki yekun nəticəyə gələ bilmirlər. Ona görə də, belə bir standart qəbul olunmayıb. Rəsmən “halal” standartı yoxdursa, məhsulun üzərində belə bir standarta uyğun istehsal edilməsi barədə qeydin qoyulması doğru deyil: “Kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır. Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik. Belə olan halda həmin kolbasa necə halal ola bilər?”
Qafqaz Müsəlmanları İdarəsindən isə bildirilir ki, Azərbaycanda yalnız iki şirkətin məhsullarına halallıq zəmanəti verilib. Bunlardan biri Bakı şəhərində fəaliyyət göstərən “SAB”, ikincisi isə Gəncə şəhərində fəaliyyət göstərən “Halal Qida” şirkətidir". Həmin şirkətlər vaxtilə QMI-yə müraciət edərək “halal” zəmanətinin alınmasını xahiş ediblər. Məlumatlara görə, QMI tərəfindən yaradılmış komissiya həmin şirkətlərdə prosesi izləyərək yoxlamalar aparıb. Onların halal ətdən istifadə etməsinə və dini baxımdan lazımi əməlləri yerinə yetirdiyinə əmin olduqdan sonra QMI-nin komissiyası bu zəmanəti verib.
Məlum olub ki, donuz əti olmadan ət məhsullarının standarta cavab verməməsi də yanlış tezisdir. Belə ki, adıçəkilən şirkətlər kolbasalarda donuz piyi yox, onun əvəzedicisi olaraq toyuq dərisi və dəniz yosunlarından hazırlanmış komponentlərdən istifadə ediblər.
Ekspertlər etiraz edir: “Halallıq sertifikatı almış mallar testdən keçirilmir”
Müstəqil dini ekspertlər isə hesab edir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi halallıq sertifikatı almış şirkətləri dəvət edib, onların mallarını testdən keçirməlidir. Yalnız bu halda onların donuz piyindən yox, onun əvəzləyicisindən istifadə edib-etmədiyi üzə çıxa bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə düşünür ki, QMİ bu sertifikatı vermək üçün daimi monitorinqlər keçirməlidir. Onun dediyinə görə, qurumun monitorinq sistemi yoxdur: “İsraildə ravvinlər gecə-gündüz istehsal yerində növbə çəkirlər, uyğun istehsal edilib-edilmədiyini müəyyən edirlər. Hazırda Azərbaycanda təxminən 20 istehsal məhsulunun üzərində halal olması yazılıb. Amma bunun real olduğu sübut olunmalıdır”.
Sevinc TELMANQIZI "Yeni Müsavat"