“BDU-nun ərazisindəki məscidlə bağlı vəziyyət dözülməzdir”

“Bakı Dövlət Universitetinin ərazisində tikilən məscid 18 ilə yaxındır ki, inşa olunub.
Bu məscid Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə tikilib. O vaxt sənədləşmə düzgün aparılmayıb. Məscidin universitetin ərazisində tikilməsinə baxmayaraq, ali məktəbin heç bir razılığı nəzərə alınmayıb. Bu gün məscidin fəaliyyəti nəticəsində yaranan ağır vəziyyətlə bağlı video-çəkiliş aparmışıq. Doğurdan da vəziyyət dözülməzdir”.

APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov universitetinin ərazisində fəaliyyət göstərən və “İlahiyyat fakültəsi” məscidi kimi tanınan ibadət ocağının bağlanacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib. Rektor son vaxtlar universitetin ərazisindəki ibadət ocağına xüsusi axının başlandığını deyib. Onun sözlərinə görə, hər cümə günü Bakı Dövlət Universitetinin ərazisindəki məscidə yeddi-səkkiz min insan ibadətə gəlir.

A. Məhərrəmov həmin vaxt ərazidə bütün hərəkətin dayandığını söyləyib: “Məscidə gələnlər arasında tez-tez insident baş verir. Buna isə heç bir nəzarət yoxdur. Orada səkkiz min insanın namaz qılması üçün yer yoxdur. Təsəvvür edin ki, namaz vaxtı yer çatışmır, insanlar yataqxanadakı otaqlara yeni tikilən və hələ istifadəyə verilməyən binaya daxil olub ibadət edirlər. Namaz vaxtı səsgücləndiricilərdən o qədər güclü səs verilir ki, bütövlükdə tədris prosesinə maneələr yaradılır. Demək olar ki, onların səsi auditoriyada müəllimin səsindən daha yüksək eşidilir. Biz hamımız Allahımızı tanıyırıq. Ancaq hər şeyin ölçüsü var”.


A.Məhərrəmovun sözlərinə görə, son proseslər göstərir ki, belə qarışıq yerlərdən istifadə edib, müxtəlif terror hərəkəti törətmək istəyənlər var: “Bizim məqsədimiz məscidi bağlamaq deyil. Orada 150-200 nəfərdən artıq insanın ibarət etməsi üçün şərait yoxdur. Bir sözlə, nizam-intizama ehtiyac var”.

BDU rektoru məscidin fəaliyyətini tənzimləyən heç bir qurumun olmadığını deyib. Onun sözlərinə görə, faktiki olaraq, sözügedən məscidin adı yoxdur: “Bu məscid heç bir quruma tabe deyil. Mən ilahiyyat fakültəsini oradan çoxdan köçürmüşəm. İlahiyyat fakültəsinin həmin məscidlə heç bir əlaqəsi yoxdur. O vaxt məscid Bakı meri olan Rauf Gülməmmədovun icazəsi ilə tikilib. Bizim müxtəlif qurumlara müraciət etməkdə məqsədimiz də məscidin fəaliyyətin nizam-intizamın yaradılmasıdır. Universitet auditoriyasının səsini batıran məscidin hüquqi statusu olmalıdır”.

LENT.AZ

В этом разделе