Elşən Mustafaoğlu: "Aşura - quruculuq günüdür, dağıdıcılıq deyil"
İlahiyyatçı Hacı Şahin Həsənli və ilahiyyatçı Elşən Mustafaoğlu "Azadxeber.org"un suallarını cavablandırdılar
İctimaiyyətdə, mətbuatda belə bir fikirlər gəzir ki, Aşura günü təxribat ola bilər. Bu fikirlərə münasibətiniz?
Hacı Şahin Həsənli: Qətiyyətlə söyləmək olmaz , amma Aşura günü düşünmürəm ki, nəsə baş versin. Aşura günü İmam Hüeyn (ə.s)-a əzadarlıq günüdür və xalqımız bu adət -ənənəni yaşadıb. Azərbaycanın bütün bölgələrində İmam Hüseynə əzadarlıq dinc şəkildə, nizamlı şəkildə keçirilib. Kimlərsə bundan sui-istifadə etmək istəsələr, buna nail ola bilməzlər. Çünki Aşura mərasimi heç bir məqsəd üçün vasitə ola bilməz. Mən belə düşünürəm ki, kimsə belə bir cəhd edərsə, cəmiyyət özü bunun qarşısını layiqli şəkildə alacaq. Aşura günü insaniyyət uğrunda bir savaşdır, insani dəyərlər uğrunda savaşdır. Bu ali dəyərlərdən kimlərsə istifadə etmək istəsə, təbii ki, inanclı insanlar bunun qarşısında dayanacaq. Mən düşünmürəm ki, belə bir fikirdə kimsə olsun.
Elşən Mustafaoğlu: Aşura - quruculuq günüdür, dağıdıcılıq deyil. Aşurada inanclılar tərəfindən heç bir təxribat törədilə bilməz. Əgər söhbət hər hansı bir təxribatdan gedirsə, deməli, o elə Aşuraya qarşı, inanclılara qarşı bir təxribatdır. Allah bəşəriyyəti hər cür təxribatdan qorusun.
Bu gün “Musavat.com”da yayımlanan “AŞURA GÜNÜ BAKI QARIŞA BİLƏR” yazısı cəmiyyətdə, xüsusilə də, dindar cəmiyyətdə səs-küyə səbəb olub. Bu cür yazılar nəyə xidmət edir?
Hacı Şahin Həsənli: Bu cür məlumatlar verildikdə ciddi yanaşmaq lazımdır. Çünki din məsələsi çox həssas bir məsələdir. Və belə məsələləri tam dəqiq yoxlamadan hər hansı informasiyanı cəmiyyətə vermək müəyyən çaşqınlıq yarada bilər, müəyyən narazılığa səbəb ola bilər. Ona görə, bütün mətbuat vasitələrindən gözləntimiz bu tip məlumatları dəqiq yoxlamadan, mənbəsini dəqiq bildirmədən cəmiyyətə məlumatı ötürməməkdir. Əks halda, belə xəbərlər çaşqınlıqlar yarada bilər. Ümumiyyətlə, KİV-nin üzərinə düşən məsuliyyət, xüsusilə, mənəvi və dini məsələlərlə bağlı həssas yanaşmanı ortaya qoymaq lazımdır ki, problemlər, narahatçılıqlar yaranmasın.
Elşən Mustafaoğlu: Mən bilmirəm bu kimi xəbərlər haradan qaynaqlanır? Kimlərdir belə söz-söhbətlərlə cəmiyyətdə ajiotaj yaradanlar? Amma bu mesaj hər bir inanclı vətəndaşımıza bunu əyan etmiş olur ki, ayıq-sayıq olsunlar və hər hansı bir təxribatın baş verməsinə imkan verməsinlər. Aşuranı millətimiz əsrlərdən bəri yaşadır, bu Azərbaycan üçün ümummilli bir hadisədir. Aşura bütövlükdə cəmiyyətimizindir, milyonlarındır.
Həmin gün təxribat mənbəyi deyil, islah olunma, saflaşma, Azadlıq və Hürriyyət, Haqq və Ədalət məktəbindən dərs alma günüdür. Aşura günü ilə cəmiyyəti qorxuzmaq, insanlar arasında çaşğınlıq yaratmaq yolverilməzdir!