İki ölkənin münasibətlərini Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin iranlı agentlər tərəfindən aradan götürülməsi cəhdi kəskinləşdirib
ABŞ-İran münasibətləri yenidən gərginləşib. Bu dəfə ortada sui-qəsd ittihamı var və məsələ sürətlə böyüməyə başlayıb. ABŞ təhlükəsizlik orqanları elan edib ki, İrana işləyən adamlar Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cubeyrə sui-qəsd təşkil etməyə cəhd ediblər. Eyni zamanda ABŞ prezidenti Barak Obama ilə telefonla danışan Səudiyyə Ərəbistanını kralı İrana qarşı birgə fəaliyyət göstərməklə bağlı razılığa gəliblər.
Qeyd edək ki, ABŞ hökuməti bu həftə həm İran, həm də Amerika pasportu olan Manssor Arbabsiarı həbs edib. Məlumatlara görə, bu adam İran rəsmiləri ilə birlikdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cubeyrə qarşı partlayıcıdan istifadə etməklə sui-qəsd planlaşdırıb. Həmçinin ittihamnaməyə əsasən, o, İrana və Meksikaya gedirmiş ki, səfiri restoranda öldürmək üçün Meksikanın narkotik karteli üzvlərindən birini tutsun. Ancaq onun danışıq apardığı adam FTB agenti olub və 1,5 milyon əvəzinə səfiri öldürməyi boynuna götürüb. Amerika hökuməti agentin bunun üçün 100 min dollar avans aldığını bildirirlər. Eyni zamanda ABŞ hökuməti bu işdə daha bir iranlının - Qulam Şakurinin də iştirak etdiyini və hazırda İrana qaçdığını bildirir.
ABŞ prezidenti Barak Obama deyib ki, ölkəsi bu olaya görə İrana qarşı ən sərt tədbirlər görəcək. Obamanın fikrincə İranın sui-qəsd planı bu ölkənin nə dərəcədə “təhlükəli və məsuliyyətsiz davranışa” malik olduğunu sübuta yetirir.
Ancaq İran tərəfi bu iddianı rədd edib və “ABŞ-ın uydurması” adlandırıb. İran XİN sözçüsü Ramin Mehmanpərəst iddiaları absurd adlandırıb. Eyni zamanda o, Amerikanın öz daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün “Hollivud” ssenarisi uydurduğunu deyib.
Gələn xəbərlərdən o da aydın olur ki, ABŞ Səudiyyə Ərəbistanı ilə birlikdə İrana qarşı yeni ittifaq yaradır. Türkiyə mətbuatının yazdığına görə, artıq bununla bağlı Ankaraya təhlükəsizlik ekspertlərindən ibarət heyət göndərilib (eləcə də Rusiya və Çinə də analoji qrupların göndərildiyi haqda məlumatlar yayılıb). Heyətin əsas missiyası Ankaranı İrana qarşı təzyiqlərə inandırmaqdır.
Siyasi təhlilçilər isə sui-qəsd ittihamının bu ərəfədə ortaya çıxmasına diqqət çəkirlər. Məsələ burasındadır ki, bu ərəfədə ABŞ İranın daha bir şirkətinə sanksiya tətbiq edib. Bir sıra təhlilçilərə görə, Amerika hakimiyyətinin məhz bu ərəfədə İrana qarşı açıq-aşkar təhdid xətti götürməsinin arxasında ciddi planlar dayanır. Çünki İranda İslam inqilabı baş verəndən sonra ABŞ-ın bu ölkə ilə münasibətlərində problemlər olub. Amerikalı jurnalist Pepe Eskobar isə bu ittihamların İrana hərbi müdaxilənin elementi adlandırıb. Yazarın qənaətinə görə, ittiham quramadır.
Latın amerikalı yazara görə, böyük məbləğdə pullara nəzarət edən Meksika narkokartellərinin 1,5 milyon dollara səfir öldürməyə razılaşacağı absurddur. Eyni zamanda sui-qəsd hazırlıqlarının böyük bir qisminin telefon danışıqları ilə edilməsi kimi kifayət qədər gülünc məqamların olduğunu qeyd edən yazar bildirir ki, sui-qəsd ittihamı İran ətrafında mühasirənin daralması üçün bəhanə rolunu oynayır.
İran ətrafında yaranan son durumu 2003-cü ildə İraqla bağlı yaranmış vəziyyətlə müqayisə edən yazara görə, “Ərəb baharı”ndan sonra yaranmış vəziyyətdə, xüsusən də çətin duruma düşən Qərb müttəfiqi ərəb rejimlərini (xüsusən də Səudiyyə Ərəbistanı) xilas etmək üçün İran üzərinə basqılar artırılmalıdır. Amerikalı rəsmilər də etiraf edirlər ki, İran Bəhreyn, Suriya və digər ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanı ərazisində fəaliyyətini gücləndirib. Yeri gəlmişkən, son zamanlar Səudiyyə Ərəbistanının Qətif bölgəsində yaşayan şiələrin mərkəzi hakimiyyətə qarşı etirazlarının artmasına görə ər-Riyad İranı ittiham edir.
Kənan, "Yeni Müsavat".