ABŞ qəzeti Avropa İttifaqını Qafqazda yeni savaşı əngəlləməyə çağırıb
Azərbaycanın gələn il üçün hərbi büdcəsini rekord səviyyədə-iki dəfəyədək artıraraq 3 milyard dollara çatdırması Ermənistanla yanaşı, Qərbdəki bəzi çevrələri də ciddi narahat edib. ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc edilmiş məqalədə bildirilir ki, Avropa ölkələrinin çoxunun iqtisadi böhrandan çıxmağa çalışdıqları və hərbi xərclərini azaltdıqları bir vaxtda bu qitədə ən azı iki ölkə var ki, bunun əksini edir: Ermənistanla Azərbaycan müdafiə xərclərini durmadan artırır. “Əgər Avropa liderləri bu məsələyə ciddi yanaşmasa, Qarabağda yeni müharibə qaçılmaz olacaq” deyə müəllif Borut Qrijiç xəbərdarlıq edir. Məqalədə deyilir ki, hərbi xərcləri artırmaqda Azərbaycan daha sürətli hərəkət edir.
“Özünə daha çox inamı olan, daha varlı olan Azərbaycan hərbi xərclərini 3 milyard 100 milyon dollara qədər artırıb. Hazırda ölkədə hesab edirlər ki, Qarabağda müharibəyə başlamaq heç də pis olmayan növbəti addımdır. Buna baxmayaraq, Avropa İttifaqı Azərbaycan məmurlarını ”militarist" adlandırmır, bu ölkənin həddən artıq özünə inamına adekvat reaksiya vermir, həmçinin regionda artan gərginliyə qarşı da adekvat davranmır. Bunun kökləri Aİ-nin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində üzərinə böyük məsuliyyət götürmək marağında olmaması ilə bağlıdır. Bir çox Avropa ölkələri Moskva ilə isti münasibətlərə üstünlük verərək Qafqazda təhlükəsizlik məsələləri ilə maraqlanmır".
Müəllif hesab edir ki, bu ənənəni Aİ-nin və qitənin digər hissəsinin maraqları naminə dəyişmək lazımdır. Məqaləyə görə, olduqca mühümdür ki, Aİ liderləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə diqqət yetirsinlər və Azərbaycanın Qarabağda müharibəyə başlayacağı barədə xəbərdarlıqlarına ciddi yanaşsınlar: “Bundan əlavə, Avropanın fəal iştirakı Ermənistanla Azərbaycan arasında gərginliyi azalda və tərəfləri danışıqlar masasına qaytara bilər. Əgər Brüssel buna nail olmasa, o zaman Qafqazda yeni müharibənin başlaması qaçılmaz olacaq. Bu müharibə Avropanın cənub enerji dəhlizini təhlükədə qoyacaq, həmçinin İttifaqın cənub-şərq sərhədləri boyu təhlükələr meydana çıxacaq. Regionda yeni müharibə Rusiya ilə Avropanın da münasibətlərini gərginləşdirə bilərdi". /Yeni Müsavat/