"Məşhədi Dadaş" məscidinin imam-camaatı qarşıdan gələn illə bağlı gözləntilərini açıqlayıb
2011-ci il dini qüvvələrin siyasət meydanında daha çox görünməsi ilə əlamətdardır. Təsadüfi deyil ki, il ərzində azadlıqdan məhrum olunan ictimai-siyasi fəalların 22-si dini kəsimi təmsil edir. Onların içində ruhanilər, digər dindarlar, Azərbaycan İslam Partiyasının lideri və funksionerləri var.
Bu il dini qadağalar da artıb. Məsələn, icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsi qadağan olunub.
2011-ci ildə orta məktəblərdə hicab qadağasının davam etdiyini də misal gətirmək olar.
Bir sözlə, dini sahədə gərginlik artır. Bəs bunun qarşısı necə alınmalıdır? 2012-ci ildən nələr gözləmək olar? Bu suallar tanınmış ruhani Hacı Şahin Həsənliyə ünvanlanıb.
Hacı Şahin Həsənli qeyd edib ki, ilin olayları din-dövlət münasibətlərində gərginlikdən xəbər verir: “Problemin kökü hər iki tərəfin bir-birinə etimadsızlığından irəli gəlir. Dövlət dini kəsimdə, dindarlar isə dövlətdə təhlükə görür”.
Bu təhlükələr nədən ibarətdir? Hacı Şahin Həsənlinin fikrincə, dünyada, ələlxüsus müsəlman ölkələrində islami oyanış fonunda bir sıra ölkələr sekulyarizmin teokratiya ilə əvəz olunacağından ehtiyatlanır: “Uzun illərdir ərəb diktatorları məhz bu arqumenti dəlil gətirərək Qərb ölkələrindən hərbi və maddi dəstək alırdılar. Tunis inqilabından sonra diktatorların devrildiyi ölkələrdə anti-Qərb ruhiyyəsi gücləndi. Böyük bir regionun Qərbin strateji maraq dairəsindən çıxmasından narahat olan Qərb də bütün informasiya yayımı və təbliğat resurslarından istifadə edərək müsəlman ölkələrində teokratik rejimlərin qurulacağı təsəvvürünü yaratdı.
Təbii ki, bizim ölkədə də dindar öz vətəndaş azadlıqlarını tələb edəndə bir sıra insanlar, istər hakimiyyət, istərsə də müxalifət təmsilçiləri, bunu sekulyarizmə təhdid kimi qələmə verməyə çalışdı. Hərçənd sekulyarizm anlayışı heç də vətəndaşın öz etiqad və vicdan azadlıqlarının pozulması anlamına gəlmir. Böyük Britaniyanın baş naziri Devid Kemeronun bu yaxınlarda Oksfordda etdiyi çıxışını xatırladım. O, Britaniyanın xristian ölkəsi olduğunu vurğulayaraq xristianlığın bu ölkədə dominant rol oynadığını bildirdi. “Britaniya sekulyar dövlət deyil” deyərək sekulyarizm adından xristian dəyərlərinə qarşı çıxanları tənbeh etdi. Buna oxşar hadisələr Almaniya, İtaliya, Polşa, İspaniya və ABŞ-da da baş verib. Yəni sekulyarizm heç bir vəchlə ateizm, dinin təhdid edilməsi anlamına gəlməməlidir.
Məsələyə köklü şəkildə səhv yanaşan bəzi hakimiyyət nümayəndələri orta məktəblərdə hicab qadağası kimi məsələləri gündəmə gətirməklə dini kəsimi bütövlükdə dövlətə qarşı qoya bilərlər. Digər cəhətdən xarici ölkələrdə dini təhsil alan tələbələrə vətənlərində dini fəaliyyət göstərməyə qadağa qoymaqla dini kəsimi xarici dövlətlərin təsirindən çıxarmaq istədilər. Lakin internet əsrində insanları informasiya blokadasında saxlamaq mümkün deyil. Həmçinin islam dinində din alimlərinin nüfuzu onların elmi dərəcəsindən asılıdır, dini ayin icra edib-etməsindən yox - islam xristianlıq deyil. Bu qanunlar qadağaları yalnız müsəlman icmalarına şamil etməklə bircə nəticə verə bilər - müsəlmanlar müsəlman ölkəsindəcə diskriminasiya olunduqlarını düşünəcəklər. Əgər hansısa din xadimi xarici ölkəyə işləyib dövlətçiliyə zidd hərəkət edirsə, bununla xüsusi xidmət orqanları məşğul olmalıdır, bu cür qanunlara isə ehtiyac yoxdur”.
Hacı Şahin Həsənlinin sözlərinə görə, din-dövlət münasibətlərində gərginlik yaşanmasın deyə birdəfəlik olaraq dövlətin dindarlarda gördüyü təhlükələrin puç olduğunu və atılan addımların müsbət nəticə verməyəcəyini anlamaq lazımdır: “Ortaya çıxan sosial problemlərə dini rəng verməklə dövləti dini azadlıqları məhdudlaşdıran, dindarları isə dövlətçilik təməllərinə qarşı çıxan qüvvə kimi təqdim etmiş oluruq. Bu da getdikcə problemi yalnız dərinləşdirir, məsələnin çözümünü mümkünsüz edir. Nə qədər ki, vəziyyət bu həddə çatmayıb, bütün cəmiyyət - istər iqtidar, istər müxalifət, istər dini, istərsə də müstəqil qurumlar - əl-ələ verib birlikdə bütün problemləri həll etməlidir.
Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, artıq ictimaiyyət yaranmış vəziyyətin kökündə şişirdilmiş təhlükələrin, anlaşılmazlıqların durduğunu anlayır. “Əjdərbəy” məscidinin açılışına qatılan dövlət başçısı da “Biz islam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq” söyləməsi islam dininə qarşı atılan addımların dövlətin siyasi kursu olmadığına dəlalət edir.
Digər tərəfdən elə sekulyarizm müdafiəçiləri də anlayırlar ki, dindarların öz hüquqlarını müdafiə etməsinin arxasında teokratik rejimin qurulması istəyi dayanmır. Ona görə də 2012-ci ildən müsbət gözləntilərim var. Hakimiyyətin özündə də anlayırlar ki, dini sahədə qadağalar kənar təsirləri yalnız gücləndirir və bu təsirlərə tab gətirmək üçün daha təsirli mexanizmlər düşünülməlidir. Dövlət-din münasibətində dialoqun strateji xətt kimi seçilməsi isə bu münasibətlərdə istiləşməyə səbəb olacaq”. mediaforum