Yəmən prezidenti yenidən hakimiyyəti təhvil verməkdən imtina edib

Yəmən prezidenti Əli Abdullah Saleh üçüncü dəfə hakimiyyəti təhvil vermək haqqında sənədi imzalamaqdan imtina edib

SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası buna cavab olaraq bəyan edib ki, Yəməndə siyasi böhranın həll edilməsi işində vasitəçiliyini dayandırır.

Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Lətif əz-Zəyyani mayın 14-də Yəmənin paytaxtında olub. Onun hər iki tərəfi barışdırmaq cəhdlərinə baxmayaraq, Yəmən müxalifəti ölkə prezidenti Əli Abdullah Salehin tərəfdarları ilə barışıq haqqında saziş imzalamaqdan imtina edib.

Müxalifət partiyaları Salehin razılaşma sənədini prezident kimi imzalamasına qarşı çıxıblar. Belə olan halda Fars körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası sazişin yeni variantını təqdim edib. Bu dəfə sənədə hər iki tərəfdən 15 nümayəndə imza atmalı idi.

Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına Bəhreyn, Küveyt, Oman, Qatar, Səudiyyə Ərbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

1978-ci ildən Şimali Yəmənin prezidenti olan Salehin istefasını tələb edən hökumət əleyhinə nümayişlər fevralın əvvəllərində başlayıb. Yəmənin güc strukturları aksiya iştirakçılarına qarşı odlu silahlardan istifadə edirlər.

В этом разделе